Cari ildə qəbul imtahanında iştirak edən subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı balla və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.
Subbakalavrlar ixtisas seçiminə DİM-in müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı ilə qatılacaqlar. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçiminə buraxılacaqlar.
Cari ildə qəbul imtahanında iştirak edən subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.
Xatırladaq ki, ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılacaq.