Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə AzEdu.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Hikmət müəllim, artıq bir ildir ki, Siz Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya rəhbərlik edirsiniz. Bu müddət ərzində hansı işləri görməyə nail olmusunuz?
- Diqqətinizə və sualınıza görə çox sağ olun. Keçən ilin səhv etmirəmsə, oktyabr-noyabr aylarında Siz məndən müsahibə götürüb, görəcəyimiz işlər haqqında soruşmuşdunuz. Bu müddət ərzində biz çoxlu sayda tədbirlər həyata keçirmişik. İlk növbədə, Bakı şəhərində yerləşən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyətin Təminatı üzrə Dövlət Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirdik. Görüşlərin keçirilməsində məqsəd agentliklərin öz fəaliyyət sahələri üzrə gördükləri və görəcəkləri işlər haqqında məlumatları əldə etmək idi. Təbii ki, görüşdə İctimai Şura üzvləri agentliklərin sədrlərinə və əməkdaşlarına onları maraqlandıran suallar ünvanladılar, müxtəlif problemlər qaldırdılar, öz təkliflərini bildirdilər. Agentliklər ilə görüşlərin interaktiv olması onun faydalılıq əmsalının yüksəlməsinə səbəb oldu. Belə ki, qaldırılan problemlərin birlikdə həlli yolları axtarıldı.
- Həmin görüşlərdə İctimai Şura üzvləri agentliklərin fəaliyyəti ilə bağlı hər hansı bir nöqsanı səsləndirdilər?
- Görüşlərimiz səmimi məzmun daşıdı və İctimai Şura üzvləri öz mövqeləri baxımından müxtəlif nöqsanları səsləndirdilər. Sevindirici haldır ki, agentliklərin sədrləri və əməkdaşları nöqsanların səsləndirilməsinə müsbət reaksiya verdilər. Lakin bir məsələni unutmaq olmaz ki, hər hansı bir məsələyə prizmanın müxtəlif bucağından baxanda fərqli görünür. Bu baxımdan nöqsanların göstərilməsi təbii ki, subyektiv xarakter daşıyır. Onu da qeyd edim ki, nöqsanlar təkcə İctimai Şura üzvləri tərəfindən deyil, həmçinin agentliklərin sədr və əməkdaşları tərəfindən də səsləndirildi. Hesab edirəm ki, İctimai Şura üzvlərinin agentliklərin sədr və əməkdaşları ilə maraqlı dialoqu alındı və ən maraqlısı odur ki, bu dialoqlarda irəli sürülən nöqsanların aradan qaldırılması yolları da araşdırıldı.
Bu görüşlərdən sonra biz, İctimai Şura olaraq, ümumtəhsil məktəblərində, ali məktəblərdə, texniki peşə məktəblərində və s. görüşlər keçirdik. Görüşlər zamanı biz hər bir təhsil müəssisəsinin rəhbərliyi ilə söhbətlər edir, görülmüş işlər və perspektiv planlarla, o cümlədən, həmin təhsil müəssisəsinin maddi texniki bazası və infrastrukturu ilə tanış olurduq.
- Bu görüşlər haqqında ayrı-ayrılıqda danışsaq, İctimai Şuranın fəaliyyəti oxucular üçün daha aydın olar. Gəlin ilk olaraq, ali məktəblərdən başlayaq. Deyə bilərsinizmi, hansı ali məktəblərdə görüşlər keçirdiniz və bu görüşlərin formatı necə oldu?
- İlk növbədə biz Bakı Ali Neft məktəbində, Azərbaycan Polis Akademiyasında, Dillər Universitetində, Gömrük Akademiyasında, Azərbaycan İqtisadiyyat Universitetində, Bakı Mühəndis Universitetində görüşlər keçirdik. Bu görüşlərdə universitetlərin rektoru və struktur rəhbərləri ali məktəbin fəaliyyəti və strateji planı haqqında İctimai Şura üzvlərinə geniş məlumat verib, mövcud problemlərlə bağlı müzakirələr aparıb, nöqsanlar və onların aradan qaldırılması yolları təhlil etmişik. Sonda universitetin maddi-texniki bazası və infrastrukturu ilə tanış olduq. Lakin İctimai Şura olaraq, ali məktəblərlə keçirilən görüşlərin bu formatı bizi qane etmədi və biz növbəti görüşlərdə tələbələrlə ictimai dinləmə keçirmək qərarına gəldik. Bu müstəvidə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Texniki Universitetdə, Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrlə ictimai dinləmələr həyata keçirdik. Bu ictimai dinləmələrdə məqsədimiz “Ali məktəb tələbələrin gözü ilə” layihəsini həyata keçirmək oldu. Tələbələr universitetlərdə mövcud vəziyyət və təhsilin keyfiyyətinin daha da artırılması ilə bağlı maraqlı təkliflər səsləndirdilər. Tələbələrlə ictimai dinləmədən sonra biz universitetlərin rəhbərliyi ilə görüşüb, tələbələrin təkliflərini onlara çatdırdıq. Təbii ki, bu zaman anonimlik gözlənildi. Universitet rəhbərliyi həmin təklifləri təhlil edəcəklərini və onların reallaşması yollarını axtaracaqlarını bildirdilər. Gələn tədris ilindən etibarən biz universitet müəllimləri ilə də ictimai dinləmə həyata keçirməyi planlaşdırırıq.
- Bəs orta məktəblərdə hansı işləri görə bildiniz?
- Orta məktəblər istiqamətində, biz ilk növbədə məktəb direktorlar ilə ictimai dinləməni həyata keçirdik. İctimai dinləmə prosesində məktəb direktorları fəal idilər və bizə maraqlı təkliflər ünvanladılar. Bundan sonra biz çoxlu sayda - 3, 7, 250, 252, 279, 52, 177 nömrəli tam orta məktəb, Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəb və digər adını unutduğum məktəblərdə müəllimlərlə görüşlər keçirdik. Bu görüşlər iki hissədən ibarət olurdu. Birinci hissədə müəllimlərlə elmi seminar həyata keçirilir, ikinci hissədə isə onlarla dialoq təşkil edilirdi. Məktəblərdəki görüşlərimizin əsas məqsədi təhsilin inkişafı kontekstində müəllimlərin problemlərini öyrənmək və onlarla maarifləndirici tədbirlər həyata keçirmək idi. Görüşlər bizdə xoş təəssürat yaratdı. Müəllimlər maraqlı təkliflər irəli sürürdülər. Məktəblərdə görüşlər silsiləsi kontekstində biz bir dəfə valideynlərlə də ictimai dinləmə təşkil edə bildik. Bu görüşdə məqsəd valideynlərin fikirlərini öyrənmək idi. Düşünürəm ki, valideynlərlə görüşlərin sayını artırmaq lazımdır. Biz gələn tədris ilində valideynlərlə görüşlərə üstünlük verməyi planlaşdırırıq.
- Məktəblərdə keçirilən görüşlərə məktəb direktorları necə münasibət bəsləyirdi?
- Görüşlərdə təbii ki, məktəb direktorları da iştirak edirdilər. Sözün düzünü desəm, bizdə də elə bir tərəddüd var idi ki, “direktor amili” görüşün səmərəsinə təsir edə bilər. Amma reallıqda biz bunu hiss etmədik. Müəllimlər sərbəst idilər və fikirlərini inamla səsləndirirdilər. Əlbəttə, bu fikri bütün müəllimlərə şamil etmək olmaz. Bəlkə də gələcəkdə elə məktəbdə ola bilərik ki, “direktor amili”ni hiss edəcəyik. Amma qeyd edim ki, müxtəlif tədbirlərdə başqa bir neçə məktəb direktorları da bizi məktəblərində müəllimlərlə görüşə dəvət ediblər. Bu amil belə deməyə əsas verir ki, məktəb direktorları məktəbin daha yaxşı idarəedilməsi, müəllimlərinin maariflənməsi, məktəbdə mövcud olan nöqsanların aradan qaldırılması və s. istiqamətlərdə bizim müəllimlərlə görüşümüzdə maraqlıdırlar. Bu bizi sevindirir.
- Bəs uşaq bağçalarında necə, görüşlər keçirə bildinizmi? Bilirsiniz ki, bu sahədə də çatışmazlıqlar, xüsusən bullinq ilə bağlı hadisələr az deyil.
- Uşaq bağçalarının müdirləri ilə ictimai dinləmə həyata keçirməyə müvəffəq olmuşuq. Sözün düzü, onlarla görüş çox faydalı və məhsuldar oldu. Görüşdə bağça müdirləri kifayət qədər (biz gözlədiyimizdən də çox) fəal idilər. Maraqlıdır ki, onlar bağçalarda mövcud olan nöqsanları özləri səsləndirirdilər. Biz onlarla bu problemlərin həlli yollarını müzakirə etməyə müvəffəq olduq. Gələn tədris ilində biz bağça müəllimləri ilə görüşüb, maarifləndirici tədbirlər həyata keçirməyi planlaşdırırıq. Amma yuxarıda qeyd etdiyim səbəbə görə, bu görüşləri bağçadan kənar həyata keçirməyi planlaşdırırıq. Hesab edirik ki, kiçik heyətlə bir neçə bağçada da monitorinq keçirib, həm bağçada təşkil edilən təlim-tərbiyə işlərinə nəzarət etmək, həm də bağçaların maddi-bazası ilə tanış olmaq faydalı olardı. İctimai Şuranın gələn ilki fəaliyyət planında bu məsələ nəzərdə tutulub.
- Cavablarınızdan aydın olur ki, Siz maarifləndirici tədbirlərə üstünlük verirsiniz? Bunun səbəbi nədir?
- Bilirsiniz, İctimai Şuranın fəaliyyəti prosesində biz gördük ki, bu gün maarifləndirici tədbirlərə ehtiyac çoxdur. Yəni hər bir fəaliyyət prosesində nöqsanların olması təbiidir. Amma “halva-halva deməklə ağız şirin olmaz” atalar sözünün fəlsəfəsi baxımından yanaşdıqda, nöqsanların təkrar-təkrar vurğulanması mənasız görünür. Onsuz da mövcud nöqsanlar media səhifələrindən səsləndirildiyi üçün onları hamı bilir. Sözün düzü biz gördük ki, hər bir struktur öz gücü və imkanları daxilində bu nöqsanları aradan qaldırmağa çalışır. Nöqsanları aradan qaldırmaq o qədər də asan deyil. Hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir. Maarifləndirici tədbirlər də nöqsanların aradan qaldırılmasının bir yoludur. Bu konteksdən çıxış edərək, biz də İctimai Şura olaraq, nöqsanların aradan qaldırılması müstəvisində maarifləndirici tədbirlərin həyata keçirilməsinə üstünlük veririk. Beləliklə, biz ictimai iştirakçılıq funksiyası ilə yanaşı maarifləndirici funksiyanı aktuallaşdırmağa nail olduq. Onu da qeyd edim ki, İctimai Şuranın hər bir üzvi intellektual baxımdan inkişaf etmiş şəxsiyyətlərdir. Onların bu imkanlarının təhsilin inkişafına istiqamətləndirilməsi, fikrimcə, daha məqsədəuyğundur.
- Hesab edirik ki, bu gün texniki peşə məktəbləri yeni nəslin peşə seçimində mühüm rol oynayır. İctimai Şura olaraq, texniki peşə məktəbləri ilə də görüşlər keçirmisiniz?
-Əlbəttə, texniki peşə məktəblərində də olmuşuq, fəaliyyətimiz ərzində iki texniki peşə məktəbdə ( Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində və İqtisadiyyat Nazirliyinin İqtisadi Zonalar Agentliyinin Peşə Tədris Mərkəzində) görüş keçirib və həmin təhsil müəssisələrində görülən işlərlə tanış olmuşuq. Sözün düzü, texniki peşə məktəbləri sayca az olsa da, bu təhsil ocaqlarında görülən işlərin səviyyəsi çox yüksəkdir. Bu dövlətimizin bu tip məktəblərin yaradılmasına və təşkilinə diqqət və qayğı göstərməsinin nəticəsidir. Sevindirici haldır ki, texniki peşə məktəblərinin artırılması bu gün aktualdır. Hazırda bu sahədə ciddi işlər aparılır. Gələn tədris ilində rayonlarda da fəaliyyət göstərən texniki peşə məktəblərində də görüşlər keçirməyi planlaşdırırıq.
- Rayonlar demişkən, İctimai Şura olaraq, Siz region təhsil müəssisələrində görüşlər keçirmisinizmi?
- Region təhsil müəssisələri ilə görüşmək bizim üçün çox maraqlıdır. Lakin regionlara getmək, əgər nəzərə alsaq ki, İctimai Şuranın maddi resursları yoxdur, çox çətindir. Buna baxmayaraq, təxminən iki həftə əvvəl biz bir gün ərzində iki rayonda - Qəbələ və Şəki rayonlarında görüşlər keçirməyə nail olduq. Günün birinci yarısında biz Qəbələ rayon Zarağan kənd orta məktəbində rayon məktəblərinin inzibati heyəti və o cümlədən şagirdlərlə ictimai dinləmə, ikinci yarısında isə Şəki rayon Baş Zəyzid kəndində müəllim və şagirdlərlə ictimai dinləmə həyata keçirdik. Bir gün ərzində iki rayonda tədbir keçirməyin çətinliyini Siz yəqin ki, bilirsiniz. Əlbəttə, bizim regionlara getməyimizə müəyyən köməklik olsaydı, daha məhsuldar görüşlər keçirmək olardı.
- Bəs Elm və Təhsil Nazirliyi Sizə regionlara səfər üçün kömək etmir?
- Bilirsiniz, Elm və Təhsil Nazirliyi və onun nəzdində fəaliyyət göstərən struktur rəhbərləri təşkilati baxımdan hər an bizə kömək edirlər. Məsələn Bakı şəhərində keçirilən tədbirlərdə - bağça müdirləri, məktəb direktorları, valideynlər və s. ilə görüşlərin təşkilində onların böyük əməyi var. Bizim Qəbələ və Şəki şəhərlərindəki görüşlərin təşkilində də onların inzibati rolu böyük oldu. Buna görə bizim fəaliyyətimizin məhsuldarlığının artırılması üçün göstərdikləri köməyə görə onların hamısına minnətdarlıq edirəm. Amma, düşünürəm ki, İctimai Şuranın regionlara səfəri üçün xərclər Elm və Təhsil Nazirliyinin büdcəsində nəzərdə tutulmayıb. Buna görə də onların bu sahədə bizə kömək imkanları məhduddur. Bu səbəbdən regionlara səfərimiz az olur. Lakin çətinliklərə baxmayaraq, iyun ayının ikinci yarısında cənub bölgəsinin məktəblərində görüşlər keçirmək nəzərdə tutulub.
- İctimai Şura başqa hansı işlər həyata keçirib?
- İlk növbədə onu qeyd edim ki, biz Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil komitəsinin üzvləri ilə görüş keçirmişik. Bu görüş bizim üçün əlamətdar olub. Həmin tədbirdə biz ölkəmizdə təhsilin inkişafı ilə əlaqədar həyata keçiriləcək işlərlə tanış olub, öz fikir və təkliflərimizi irəli sürmüşük. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri ilə görüşün keçirilməsi üçün bizə şərait yaratdığı üçün Milli Məclisin sədri, professor Sahibə Qafarovaya, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, professor Anar İskəndərova və komitənin bütün üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm.
Bundan əlavə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və İctimai Şura üzvlərinin iştirakını məqsədəuyğun hesab edildiyi bütün tədbirlərdə iştirak etmişik. Bu tədbirlərə Müəllimlərin sertifikasiyası və müəllimlərin işə qəbulu üzrə imtahanların gedişinə nəzarət, Sabahın alimləri müsabiqəsinin açılış və bağlanış mərasimlərində iştirak, Milli hakaton yarışının izlənilməsini və s. aid etmək olar. İştirak etdiyimiz tədbirlərin sayı çox olub. Ümumiyyətlə qeyd etməliyəm ki, Nazirliyin keçirdiyi tədbirlər məzmunu baxımından rəngarəngliyi ilə seçilir.
Uşaqların beynəlxalq müdafiəsi günü ilə əlaqədar olaraq, biz QHT forumu ilə birlikdə məktəb direktorları ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda dəyirmi masada müzakirə təşkil etdik. Müzakirənin keçirilməsində məqsəd bullinq hadisələrinə qarşı mübarizə aparmaq idi.
Onu da qeyd etməliyəm ki, İctimai Şuranın üzvləri aktual pedaqoji problemlər ilə bağlı mətbuat səhifələrində və televiziyaların müxtəlif verilişlərində fəal iştirak ediblər. Bu zaman onlar İctimai Şuranın üzvü kimi hadisələrə obyektiv münasibətlərini bildiriblər.
Hesab edirəm ki, İctimai Şuranın fəaliyyəti çoxşaxəli olub. Bir müsahibədə onlar haqqında tam və ətraflı məlumat vermək çətindir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti haqqında İctimai Şuranın Feysbuk səhifəsi vasitəsi ilə daha ətraflı məlumatlar əldə etmək mümkündür. Onu da əlavə edim ki, vətəndaşlar feysbuk səhifəsi vasitəsi ilə bizə müraciət edə bilər.
- Hikmət müəllim, müsahibənin sonunda nə demək istərdiniz?
- (Gülür) Əlbəttə hər başlanğıcın bir sonu var. Mən ilk növbədə İctimai Şuranın bütün üzvlərinə tədbirlərdə göstərdikləri fəallıqlarına görə, ölkəmizdə təhsilin inkişafı baxımından təəssübkeş fəaliyyətlərinə görə, onlara verilən tapşırıqları həvəslə yerinə yetirdiklərinə görə öz minnətdarlığımı bildirirəm.
Sözün sonunda isə, mən Sizə, İctimai Şuranın fəaliyyəti ilə maraqlandığınıza və bizim fəaliyyətimizi işıqlandırdığınıza görə İctimai Şuranın bütün üzvləri və öz adımdan dərin minnətdarlığımızı bildirirəm.