Keçdiyimiz gün I və IV ixtisas qrupuna aid abituriyentlər üçün birinci cəhd qəbul imtahanı keçirilib. İmtahanda iştirak edənlərin böyük əksəriyyəti Fizika fənnindən verilən sualların olduqca asan olduğunu bildiriblər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən fizika müəllimi, “Örnək müəllim” tituluna layiq görülmüş Təhminə Hüseynova bildirib ki, bu il imtahan əvvəlki illərlə müqayisədə daha seçici və funksional olub:
“Bu il I qrup üzrə keçirilən blok imtahanında fizika fənni üzrə suallar əsasən orta, deyərdim bir qədər də çətin səviyyədə idi. Suallar yalnız bilik yox, tətbiq və düşünmə bacarığını da yoxlayırdı. Xüsusilə Mexanika bölməsindən verilən suallar həm məntiq, həm də hesablama tələb edirdi. Qrafik və sxemli suallar isə analitik düşünməni önə çəkirdi. Ümumilikdə, imtahan əvvəlki illərlə müqayisədə daha seçici və funksional idi. Bu cür yanaşma düşünən və hazırlıqlı abituriyentləri önə çıxarmağa imkan verir".
Təhminə Hüseynova həmçinin IV qrup üzrə keçirilmiş blok imtahanında da fizika suallarına toxunub:
“IV qrup üzrə keçirilmiş blok imtahanında isə fizika fənni üzrə suallar ümumilikdə orta çətinlik səviyyəsində idi. Suallar əsasən baza biliklərini və sadə tətbiq bacarıqlarını yoxlayırdı. Hesablama tələb edən məsələlər çox mərhələli və vaxt aparan deyildi. Fizikanın bu qrupda yardımçı fənn kimi qiymətləndirildiyini nəzərə alsaq, suallar məqsədəuyğun şəkildə hazırlanmışdı və əsas anlayışların mənimsənilməsini yoxlamağa yönəlmişdi".