Azedu.az

“Son Zəng”: Mədəniyyət göstəricisi, yoxsa təmtəraq yarışı?

Məktəblər

Müəllimlər və elm adamları

Şagirdlər

21 May 2025, 14:32
“Son Zəng”: Mədəniyyət göstəricisi, yoxsa təmtəraq yarışı?

"Son zəng" – ölkənin bütün orta məktəblərində ənənəvi şəkildə keçirilən və məzunlar üçün xüsusi əhəmiyyət daşıyan tədbirdir. Bu gün məktəb həyatının ən yadda qalan anlarından biridir və məzunlar üçün həm emosional, həm də rəsmi əhəmiyyət daşıyır. Əvvəllər bu tədbir mayın 31-də baş tuturdu. Ancaq son 9 ildir ki, iyunun 14-də ümumtəhsil məktəblərində dərs ilinin başa çatdığı sonuncu gün təşkil edilir.

 

Bu günlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən "Son zəng"lə bağlı xəbərdarlıq edilib. Agentliyin direktoru Eşqi Bağırov bildirib ki, “Son zəng” tədbiri ilə bağlı agentliyin müvafiq təlimatı var: “Məktəb direktorlarının, müəssisə rəhbərlərinin həmin təlimata əməl etmələri tövsiyə yox, artıq tapşırıqdır. Hər kəsi bu təlimata ciddi şəkildə əməl etməyə çağırırıq. Təhsil müəssisə rəhbərlərinə çağırış edirik. Məktəbdaxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və protokol göndərilib. Protokoldan kənara çıxmaq uyğun deyil. Protokolda bədii hissə, eyni zamanda şagirdlərin kiçik həcmli çıxışları da nəzərdə tutulur. Ola bilər yaradıcı bir hissə olsun, ancaq bunun böyük təmtəraqlı, ciddi maliyyə yükü yaradan, məktəb kollektivinə, valideyn icmasının üzərinə əlavə yük formatda keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu, yolverilməzdir”.

 

Agentliyin bu qərara gəlməsinə səbəb bəzi məktəb direktorlarının “Son zəng”lə bağlı pul tələb etməsi kimi neqativ halların qarşısını almaqdır.

 

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakıda 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə vəzifəsindən azad edilib.

 

Valideyn Nailə Qəniyeva deyir ki, məktəb tədbirləri maddi yük yarışına çevrilməməlidir. Hər bir ailənin imkanları eyni deyil. Bəziləri üçün 50-100 manat cüzi görünə bilər, amma başqa bir ailə üçün bu, böyük məbləğ deməkdir. Tədbirin məqsədi uşaqların məktəblə vidalaşması, bir-birinə və müəllimlərinə təşəkkür etməsidir - bunu ifadə etmək üçün çox pul xərcləməyə ehtiyac yoxdur: “Son zəng tədbiri üçün pul yığılması düzgün yanaşma deyil. Hər bir ailənin maddi vəziyyəti fərqlidir və bu cür yığımlar bəzi valideynləri çətin vəziyyətə salır. Tədbirin məqsədi uşaqların məktəblə vidalaşması və müəllimlərinə təşəkkür etməsidirsə, bunu sadə və səmimi şəkildə - məktəbin öz imkanları ilə həyata keçirmək mümkündür. Göstərişli məkanlar, bahalı bəzəklər və ziyafətlər uşaqlar üçün xatirə yaratmır, əksinə, əsas məqamdan - mənəvi dəyərdən uzaqlaşdırır. Bu cür tədbirlərin təmtəraqlı yox, dəyərli və ədalətli olması daha önəmlidir. Ona görə də “Son zəng” üçün əlavə pul yığılmasına qarşıyam”.

160498

Digər valideyn İsmət Babalının sözlərinə görə, “Son zəng” şagirdlərin məktəblə vidalaşması, müəllimlərinə təşəkkür etməsi və uşaqlıqdan gəncliyə keçidin simvolik bir mərhələsidir. Bunun üçün mütləq bahalı restoranlara getmək və ya təmtəraqlı tədbirlər keçirmək vacib deyil: «Ən gözəli, bu günün məktəbdə - sinif yoldaşları, müəllimlər və valideynlərlə birlikdə, səmimi və mənəvi bir ortamda qeyd olunmasıdır. Sadə şəkildə keçirilən tədbirdə diqqət zahiri göstərişə deyil, duyğulara, xatirələrə və təşəkkürə yönəlir”.

 

Valideyn vurğulayıb ki, “Son zəng” tədbiri üçün məktəbin valideynlərdən pul yığması düzgün deyil. Məktəb dövlət qurumudur və belə tədbirlər, imkan daxilində, məktəbin daxili resursları ilə təşkil olunmalıdır. Pul yığımı bəzi ailələri çətin vəziyyətə salır və uşaqlar arasında sosial fərqləri ön plana çıxarır. Bu, nə pedaqoji baxımdan, nə də sosial ədalət baxımından doğru deyil. Bu tədbir sadə, səmimi və heç kəsi xərcə salmayacaq formada keçirilməlidir. Əsas odur ki, bu gün uşaqların yaddaşında gözəl və mənalı bir gün kimi qalsın, maddi yük kimi yox”.

 

"Son zəng" tədbirləri - yəni məktəbi bitirən şagirdlərin məzun günü hər ölkədə fərqli formada keçirilir. Məsələn, ABŞ-da məzuniyyət tədbiri adətən "Prom" (Promenade) adı ilə tanınır. Bu, liseyi bitirən şagirdlər üçün təşkil olunan rəsmi ziyafətdir. Şagirdlər rəsmi geyimdə - oğlanlar smokinq, qızlar ziyafət geyimində olur. Tədbir məktəbdən kənarda - otellərdə, konsert salonlarında və ya bəzədilmiş idman zalında keçirilir.

 

Almaniyada “Son zəng” "Abiball" adlanır və Abitur (məzuniyyət imtahanları) sonrası keçirilir. Ailə üzvləri də tədbirə dəvət olunur. Formal ziyafət, nitqlər və sertifikatların verilməsi ilə müşayiət olunur. Bəzi məktəblərdə şagirdlər özləri bu tədbiri təşkil edirlər.

 

Böyük Britaniyada bu tədbir "Leavers’ Prom" adlanır. ABŞ-dakı prom-a bənzəyir -şagirdlər rəsmi geyimdə, limuzinlə tədbirə gəlirlər. Bəzən məktəblər sertifikat və ya medallar təqdim edir.

 

Skandinaviya ölkələrində, məsələn, İsveçdə "Studenten" adlanır və çox rəmzi xarakter daşıyır. Məzunlar xüsusi papaqlar (tələbə papağı) taxır və bu günü təmtəraqla qeyd edirlər.

 

Finlandiyada “Son zəng” deyilən bir mərasim yoxdur, lakin məktəblərin buraxılış günləri müəllimlərin təşəkkür nitqi və məktəb icması ilə vidalaşma şəklində keçir.

 

Almaniyada məktəb rəhbərliyi və valideyn komitəsi tərəfindən kiçik musiqili, çıxışlarla zənginləşdirilmiş tədbirlər təşkil edilir, heç bir ödəniş və ya müğənni dəvəti olmur.

 

Yaponiyada isə şagirdlər məktəbin həyətində kollektivlə vidalaşaraq, müəllimlərinə təşəkkür məktubu təqdim edir.

 

Bu nümunələrin hamısında ortaq məqam budur: məktəb təhsilin sonuncu günü də təhsil verir. Sosial bərabərliyi pozmur, əksinə kollektiv dəyərləri möhkəmləndirir.

 

Sadalanan bütün ölkələrdə “Son zəng” tədbirləri məktəb tərəfindən, təhsil müəssisəsinin vəsaiti hesabına təşkil olunur, valideynlərdən pul yığılmır.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin sözlərinə görə, dünya əhalisi ən qədim zamanlardan başlayaraq öz fəaliyyətlərini dəyərləndirmək üçün təntənəli tədbirlər təşkil edirlər. Məsələn, insanlar ad günlərini qeyd edirlər. Bu, əslində onların yaşadıqları dövrün hesabatıdır. İnsan geriyə nəzər salır, uğurları ilə sevinir, uğursuzluqlarını aradan qaldırmaq üçün yollar axtarır. Ad günlərinin, yubileylərin keçirilməsinin fəlsəfəsi budur: “Təhsilin müxtəlif mərhələlərini bitirdikdən sonra da insanlar öz fəaliyyətlərini təntənəli qeyd edirlər. Ölkəmizdə orta və ali məktəbi bitirəndə keçirilən “Son zəng” tədbirləri buna aiddir. Universitetlərdə bu tədbirlər daha məqsədəmüvafiq təşkil edilir. Əksər universitetlərdə bu tədbir elə ali məktəbin həyətində keçirilir. Adətən axşam tərəfi ali məktəbin həyətində qurulmuş səhnədə əvvəlcə universitet rektoru və bir neçə müəllim tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayır, sonra universiteti fərqlənmə ilə bitirən tələbələrin diplomları təqdim olunur, sonda tələbələrə musiqi sədaları altında rəqs edirlər. Bəzi universitetlər həyətdə yığışmaq imkanı məhdud olduğu üçün həmin tədbiri müxtəlif konsert salonlarında, həmin ssenari əsasında təşkil edirlər. Bu tədbirin bütün maliyyə xərclərini universitet öz öhdəliyinə götürür”.

160500

H.Əlizadə qeyd edib ki, son zamanlarda bəzi məktəb rəhbərləri müəyyən maliyyə qarşılığında bu tədbiri şənlik üçün nəzərdə tutulmuş məkanlarda keçirməyə üstünlük verirlər. Bu isə maddi imkanları zəif olan valideynlər arasında haqlı narazılıqlar yaradır: “Son zəng”in keçirilməsinin əsas məqsədi şagirdlərə keçdikləri yola nəzər salıb, gələcək uğurlara gedən yolları göstərmək olmalıdır. Bu zaman şagirdlər arasında narazılığın yaranması yolverilməzdir. Hətta bir sıra hallarda maddi tələbi ödəməyən şagirdlərin “Son zəng” tədbirinə buraxılmayacağı da bildirilir. Halbuki, “Son zəng”də iştirak etmək hər bir şagirdin haqqıdır. Onu bu tədbirdən necə kənarlaşdırmaq olar? Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Elm və Təhsil Nazirliyi, MÜTDA belə hallara qarşı həmişə mübarizə aparır”.

 

Şura sədrinin fikrincə, “Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı: “Hər bir şagird məmnunluq hissi ilə məktəbdən ayrılmalıdır və “Son zəng” tədbirindən sonra onun həyatında yeni mərhələ açıldığını hiss etməlidir. Məktəbdən məmnunluq hissi ilə ayrılan şagird məktəbi onu həyata hazırlayan ocaq kimi dəyərləndirməli və hansısa bir çətinliklə üz-üzə qaldıqda məktəbə gəlib, öz müdrik müəllimləri ilə məsləhətləşməyi özlərinə rəva görməlidirlər. Mən bu il həm orta, həm də ali məktəbi bitirən bütün məzunları təbrik edir, onların hər birinə məktəbin onlara verdikləri bilik və bacarıqlarını ölkəmizin daha da inkişaf etməsinə həsr etməsini arzu edirəm”.

 

Təhsil eksperti Kamran Əsədova görə, "Son zəng" tədbirlərinin keçirilmə forması ətrafında yaranan müzakirələr Azərbaycan təhsil sistemində sosial ədalət, hüquqi normativlər, məktəb mühitinin tərbiyəvi rolu və şagirdlərin emosional gözləntiləri arasında balansın qurulmasının nə qədər zəruri olduğunu bir daha ortaya qoyur. Təhsilalanlar üçün bu mərasim illərlə davam edən məktəb həyatının simvolik son nöqtəsidir. Lakin bu tədbirin həyata keçirilmə forması zamanla məqsədindən uzaqlaşaraq təhsilin mahiyyətinə uyğun olmayan kommersiyalaşmış və ayrıseçkilik doğuran bir formaya çevrilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun təqdim etdiyi təlimat bu səbəbləri nəzərə alaraq, yeni tənzimləmə ilə bu prosesi yenidən formalaşdırmağı hədəfləyir:

 

“"Azərbaycan Respublikasında Təhsil haqqında" Qanunun 4-cü maddəsində göstərilir ki, təhsil sistemi bərabərlik və sosial ədalət prinsipləri əsasında qurulmalı, bütün təhsilalanlara bərabər imkanlar yaradılmalıdır. Bu prinsipə zidd olaraq son illərdə "Son zəng" tədbirləri bəzi hallarda maliyyə imkanlarının nümayişi yarışına çevrilib. Müğənnilərin dəvət edilməsi, bahalı geyim və aksesuarlar, restoran şənlikləri, video və fotosessiyalar – bütün bunlar valideynlər üçün ciddi maliyyə yükü yaradır, sosial-iqtisadi cəhətdən zəif ailələrin övladlarını isə bu kollektiv prosesdən kənarda qalmaq təhlükəsi ilə üz-üzə qoyur. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatlarına əsasən, ölkədə orta aylıq əməkhaqqı 940 manat olduğu halda, bəzi məktəblərdə valideynlərdən "Son zəng" üçün 300-500 manat yığılması halları qeydə alınıb.

 

Bu isə əməkhaqqının təxminən yarısının bir günlük tədbirə yönəldilməsi deməkdir ki, bu da sosial ədalət prinsiplərinin pozulması ilə nəticələnir. Agentlik tərəfindən təqdim edilən yeni təlimatda əsas diqqət məktəbdaxili, sadə, lakin mənalı formatda təşkil olunan tədbirlərə yönəldilib. Burada şagirdlərin kiçikhəcmli çıxışları, müəllimlərə təşəkkür nitqləri, yaradıcı və musiqili təqdimatlar əsas götürülür. Bu model, ilk növbədə, tədbirin təhsil müəssisəsinin nəzarətində təhlükəsiz şəkildə keçirilməsini təmin edir, eyni zamanda iştirakçıların bərabər imkanlara sahib olmasını dəstəkləyir. Müsbət tərəfi odur ki, bu yanaşma şagirdlərin psixoloji və sosial ehtiyaclarını nəzərə almaqla bərabər, onları israfçılıqdan və öz aralarında süni status fərqləri yaratmaqdan uzaqlaşdırır. Digər tərəfdən, bəzi şagirdlər və hətta valideynlər bu sadələşdirilmiş formata qarşı emosional narazılıqlarını bildirirlər. Onlar üçün "Son zəng" həm də estetik, nümayişkaranə və yadda qalan mərasim idi. Bu narazılıq mahiyyətcə tədbirin təşkilinə deyil, dəyişən gözləntilərə qarşı müqavimət kimi dəyərləndirilməlidir. Sosial şəbəkələrdəki bəzi reaksiyalar göstərir ki, tədbirin vizual cazibəsinin azalması onun "yadda qalma dəyərini" aşağı salır. Amma burada əsas məsələ odur ki, biz təhsili nə ilə yadda saxlamaq istəyirik: təmtəraqla, yoxsa dəyərlə?”.

 

Ekspert bildirib ki, Finlandiyada məktəb illərinin sonu "Kevätjuhla" adlı tədbirlə qeyd olunur. Bu mərasimdə şagirdlərin çıxışları, müəllimlərə təşəkkür, kollektivi əks etdirən təqdimatlar və məktəb rəhbərliyinin çıxışları olur. Tədbir məktəbin akt zalında və ya həyətində keçirilməklə, istər imkanı olan, istərsə də məhdud ailələrin uşaqlarına bərabər şərait yaradır. Eyni yanaşma Estoniyada və Norveçdə də tətbiq edilir: tədbirlər təhsilin mənəvi yükünü əks etdirir, şounu deyil. Bu ölkələrdə məktəb bitirmək təmtəraqlı vidalaşma yox, şəxsi inkişaf üçün yeni başlanğıc kimi təqdim olunur. Azərbaycan üçün bu dəyişiklik zəruridir. Əgər "Son zəng" tədbiri şagirdlər arasında sosial fərqləri dərinləşdirir, pedaqoji məzmundan uzaqlaşdırır və məktəbdənkənar təhlükəli mühitlərə yol açırsa, bu prosesin təkmilləşdirilməsi vacibdir. Yeni təlimatın tətbiqi ilə dəyişəcək əsas nüans – tədbirin mərkəzində təmtəraq yox, mənəvi dəyər dayanacaq. Şagirdin çıxışı, müəllimə təşəkkürü, kollektivin birgə hazırladığı təqdimat və emosional paylaşım – bunlar tədbiri yadda qalan edir. Təmtəraq isə yalnız bir gün, bəzən də bir saatlıq təəssürat yaradır:

 

“Amma dəyişməsi vacib olan digər məqam budur: bu qərar inzibati yox, izahlı və maarifləndirici yanaşma ilə müşayiət olunmalıdır. Məktəblər, valideynlər və şagirdlər bu təlimatın arxasındakı səbəbləri başa düşməli, özlərini bu prosesi birgə formalaşdıran tərəf kimi hiss etməlidirlər. Əgər tədbirin məzmununun formalaşdırılmasında şagirdlərin iştirakı təmin olunarsa, onların narazılığı azalacaq. Burada müəllimlərin rolu da vacibdir – onlar tədbiri motivasiya, birlik və kollektiv yaddaş kimi təşkil etməlidirlər. Son nəticədə, bizə lazım olan bahalı tədbir yox, ömür boyu xatırlanacaq mənalı ayrılışdır. "Son zəng" bir mərasim deyil, bir mədəniyyət göstəricisidir. Bu mədəniyyət ya təmtəraqla, ya da dəyərlə formalaşacaq. Biz seçimin qarşısındayıq və bu seçim təhsilin gələcəyini müəyyən edir".

 

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, “Son zəng” tədbirləri hər şagirdin həyatında bir dəfə baş verən prosesdir. Amma nəzərə almaq lazımdır ki, həmin şagirdlər özlərindən sonra gələnlərə örnək olmalı, nümunəvi davranış sərgiləməlidirlər. Tədbirin keçirilməsi zamanı etik kodekslər gözlənilməlidir. Yaxşı olar ki, on birinci siniflər məktəbli geyimində iştirak etsinlər. Çünki bu tədbir konkret məktəb daxilindədir. Bunun üçün də xüsusi geyimlərə ehtiyac yoxdur: “Məktəbdə tədbir başa çatdıqdan sonra istirahət və əyləncə mərkəzində istədikləri kimi prosesi davam etdirə bilərlər. Ancaq təhsil müəssisələrinin daxilində şagird sonuncu dəfə məktəbli formasında iştirak etməlidir. Bədii hissədə hazırladıqları təqdimatlar, xatirələri olmalıdır. Amma bəzən elə düşünülür ki, “Son zəng” partidir və ya ad günü mərasimidir, söhbət təhsil müəssisəsindən gedirsə yaxşı olar ki, davranış qaydalarına riayət olunsun.

 

Problemin digər tərəfində böyük günahkar kimi bəzi məktəb direktorlarını görmək olar. Elə məktəb direktorları var ki, öz istədikləri kimi keçirir: bəziləri bu prosesi gəlir, əyləncə mənbəyinə çevirirlər”.

 

Nərmin Qarazadə

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox