Azedu.az

Qərbi Azərbaycan məktəbləri: Saysız müəllim yetişdirən Ağbulaq MƏKTƏBİ

Məktəblər

Araşdırma

Layihələrimiz

7 Aprel 2025, 14:59
Qərbi Azərbaycan məktəbləri: Saysız müəllim yetişdirən Ağbulaq MƏKTƏBİ

Ağbulaq kəndi, Göyçə mahalının Cənbərək rayonunun Göyçə gölündən 4 km şərqində, Şahdağ silsiləsinin ətəyində yerləşir. Kənd, rayon mərkəzi olan Şahdüzü (Mixaylovka qəsəbəsindən 12 km cənub-qərbdə, İrəvan yolundan 800 metr solda, Yelenovka (Sevan) dəmiryolu vağzalından 45 km, Qazaxdan 100 km məsafədə, Şorca dəmiryolu stansiyasından 3 km şərqdə) yaxınlığındadır.

Açıklama yok.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar.

 

Kəndin adının "içməli su", "şirin su" anlamında olan "ağ" və "bulaq" sözlərindən ibarət olması ehtimalı (B.Budaqov, Q.Qeybullayev) ilə biz də razıyıq. Мəsələ bundadır ki, kənd Ağbulaq adlı bulağın yerləşdiyi ərazidə salındığı üçün həmin adı alıb.

 

Həmişə Azərbaycan türklərinin yaşadığı və əvvəllər Yellice kimi tanınmış Ağbulaq kəndinin 800-dən artıq yaşı vardır. 1886-cı ildə Ağbulaqda 575 nəfər, 1908-ci ildə 940 nəfər, 1914-cü ildə 982 nəfər, 1919-cu ildə isə 1329 nəfər azəri türkü yaşamışdır. 1905-1919-cu illər arasında kəndin əhalisi qanlı qırğınlara məruz qalmışdır. 1919-cu ilin aprelində quduz Andronikin cəllad dəstələri əhalini ağır itkiyə məruz qoymuş, kənd camaatı Azərbaycanın Qazax, Tovuz, Gədəbəy, Şəmkir və Gəncə bölgələrinə səpələnmişdir. 1920-ci ildən sonra kəndə qayıdış başlamış, 1922-ci ildə əhalinin əksəriyyəti qayıtmış və dağıdılmış kəndi bərpa etməyə başlamışdır. 1922-ci ildə kənddə 1053 nəfər, 1931-ci ildə 1392 nəfər, 1970-ci ildə isə 1542 nəfər yaşamışdır.

 

Açıklama yok.

Son dövrlərdə iş yerlərinin çatışmazlığı, azəri türklərindən olan mütəxəssislərin bilərəkdən işlə təmin edilməməsi və erməni millətçiliyinin durmadan artan təzyiqi nəticəsində türklərin hüquqları ciddi şəkildə tapdanmışdır. Bütün bu səbəblər əhalinin getdikcə azalmasına səbəb olmuşdur. Gənclər özlərinə sığınacaq yerini ya Azərbaycanda, ya da Rusiyanın müxtəlif regionlarında axtarır və geri qayıtmaq istəmirdilər. Doğma kəndini tərk edənlərin hesabına əhalinin artımı getdikcə azalmışdır. Bir neçə il əvvəl əhalisinin sayı 1650 nəfərə çatan Ağbulaq kəndində, 1985-ci ildə bu rəqəm 1300 nəfərə enmiş, kənd orta məktəbində oxuyan şagirdlərin sayı isə 530 nəfərdən 330 nəfərə düşmüşdür.

 

Ağbulaq kənd məktəbi 102 il öncə, 1923-cü ildə yaradılıb.

Açıklama yok.

Hər şeydən əvvəl Ağbulaq kəndinin keçmişini sevə-sevə öyrənmiş və qələmə almış mərhum şair və publisist Eldar İsmayılı ehtiramla yada salmaq lazımdır. O, öz kitablarında kəndin tarixi ilə bağlı dəyərli məlumatlar qoyub getmişdir.

 

Eyni zamanda Ağbulaq kəndində yaşayan nəsillərin tarixini araşdırıb “Göyçə mahalının Ağbulaq kəndi” kitabını nəşr etdirmiş Firudin Həsənoğlunun zəhmətini də qeyd etməyə dəyər. Bu müəlliflərin əsərləri ağbulaqlılar üçün dəyərli mənbələrdir.

 

VII yüzillikdə İslam dininin yayılması, bütün müsəlman aləmində olduğu kimi, Göyçədə, Ağbulaqda da dini dəyərlərin, ərəb yazı mədəniyyətinin mənimsənilməsini zəruri etmişdi. Ona görə də bizim bölgədə mollaxanalar, mədrəsələr əsrlər boyu insanların dini təhsilində əsas vasitə hesab edilirdi. Ağbulaq kəndində də mollalar ilahiyyatdan əlavə, dünyəvi biliklər - hesab, həndəsə, hüsnxət və s. fənləri də öyrədirdilər.

 

Həmçinin müasir biliklərin tədrisinə qədər Göyçə mahalında, o cümlədən Ağbulaq kəndində məşhur aşıqlar şagird yetişdirir, yeniyetmələrə çalıb-oxumaqla yanaşı, xalq ədəbiyyatını, dastan və rəvayətləri öyrədirdilər. Aşıqlar o zaman təkcə musiqiçi kimi çıxış etmirdi, mahiyyətcə cəmiyyət arasında maarifçiliklə də məşğul olurdular.

Açıklama yok.

Eldar İsmayılın kitablarında mollaxana açmış adamlardan Məşədi Molla Həsən və Məşədi Molla Əlinin adları xatırlanır.

 

Məşədi Molla Həsən zamanında camaat arasında savadlı, hörmətli el ağsaqqalı kimi tanınmışdır. O, uzun illər tarix fənnini tədris etmiş mərhum Tapdıq müəllim Həsənovun babası olub.

 

Məşədi Molla Əli isə kəndin tanınmış ziyalılarından olan İsrafil Məmməd oğlu Əliyevin, Əliş Hilal oğlu Əliyevin ulu babası olub. Mollaxana onun öz evində fəaliyyət göstərib.

 

Bizə çatan məlumatlara görə, kənddə açılmış müasir məktəbdə müəllim işləmiş, “Şair Aqil” təxəllüsü ilə şeirlər yazmış Niftalı Qafar oğlu Qafarov ilk təhsilini bu mollaxanada alıb.

 

Sovet hakimiyyətinin ilk illərində savadsızlığın aradan qaldırılması üçün kəndlərdə ibtidai təhsil verən məktəblər təsis edilmişdi. Ağbulaqda belə məktəb 1923-cü ildə yaradılmışdır. Ağbulaq kənd məktəbində təhsilin əvvəlcə dördillik olduğu bildirilir. Ötən 102 il ərzində Ağbulaq məktəbi özünəməxsus və maraqlı inkişaf yolu keçmişdir.

Açıklama yok.

Məktəb binası olmadığından, ilk siniflər Kərbəlayi Aslan Hacı Əli oğlunun evində yerləşmişdi.

 

Ağbulaq məktəbinin ilk müəllimlərindən biri Niftalı Qafarov ruhani təhsilli olsa da, 1930-cu illərə qədər kənd uşaqlarının təhsil və tərbiyəsində fəal iştirak etmişdir.

Açıklama yok.

Ağbulaq kənd orta məktəbinin müəllimləri

 

1930-cu illərin əvvəllərində Ağbulaq məktəbi artıq natamam orta təhsilə keçmişdi.

Açıklama yok.

Ağbulaq kənd orta məktəbinin 9b sinifi, 1983-cü il

 

Ağbulaqda təhsilin tarixindən söz açarkən İrəvan Türk Pedaqoji Texnikumunun fəaliyyətini qeyd etməmək olmaz. Bu təhsil müəssisəsi nəinki Qərbi Azərbaycanın, bütövlükdə Azərbaycanın maarifçilik tarixində mühüm yer tutur. Kəndimizdə yeni tipli məktəbin əsas yükünü çiyinlərinə götürmüş fədakar müəllimlərimizin əksəriyyəti İrəvan Türk Pedaqoji Texnikumunda biliklərə yiyələnmişdilər.

 

Azərbaycanda 1928-ci ildə latın qrafikasına keçilmişdi. Lakin 10 il sonra sovet rəhbərləri 1939-cu ildə latın əlifbasını kiril qrafikası ilə əvəz etdilər.

 

Ağbulaq kənd icmasının sədri Əli Abbasəliyev qeyd edir ki, kəndimizdə ilk məktəb açılanda müəllimlər başqa yerlərdən gəlirdilər:

Açıklama yok.

"Mənim atam bu məktəbdən 7-ci sinifdə məzun olub. Daha sonra Pedaqoji Texnikumu bitirib, müəllimlik fəaliyyətinə başlayıb. Ağbulaq məktəbi daha çox müəllim yetişdirib. Kəndin müəllimləri çox tələbkar idilər. İbtidai siniflərə dərs deyən Eyvaz Abbasov, İslam Həsənov, Abbas Hacıyev həmin müəllimlər sırasına daxildir. Eyni zamanda Aysa Talıbova, Ülkər Abbasəliyeva da tələbkar müəllimlərdən idilər. O vaxtlar hər sinifdən azı 6 nəfər ali təhsil alırdı.

 

O vaxtlar instituta qəbul olmaq üçün 4 imtahan verirdilər. Kənddə müəllimlər şagirdlərə əllərindən gəldiyi qədər dəstək olmağa çalışırdılar. Coğrafiya müəllimi Alıyev Musa, Azərbaycan dili və ədəbiyyatı müəllimi Qasımov Məhərrəm bu müəllimlərdən olub. O vaxt heç kəs repetitor yanına getmirdi.

 

Bədən tərbiyəsindən dərs deyən Əsgər müəllim şagirdlərdən ibarət voleybol komandası yaratmışdı. Yarışlarda həmişə həmin komanda qalib olurdu. Bəzən ermənilər saxtakarlıq edərək xalları öz adlarına yazırdılar.

 

O vaxt olimpiadalar az olsa da, şagirdlərdə buna maraq var idi. Ağbulaqda ilk ali təhsilli qadın müəllim Xalidə Süleymanova olmuşdur.

Açıklama yok.

O, 1967-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi fakültəsinə daxil olmuş, 1972-ci ildə universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra 1972-ci ildən 1978-ci ilə qədər Ağbulaq kəndində müəllimlik etmişdir. 1980-ci ildə Abşeron rayonunun Saray qəsəbəsinə köçərək, həmin ildən 2014-cü ilə qədər 1 nömrəli Saray orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir.

 

Kənddə bütün vəzifələrdə Ağbulaq məktəbinin yetirmələri çalışırdılar. Kənd əhalisinin 70 faizi iki adlı idi. Məktəbdə mayın 15-də son zəng keçirilirdi. Həmin vaxtlar hər tərəf yaşıllıq olurdu. Kənddən aralıda bir çiçək bitirdi. O çiçəyə "daramaçiçəyi" deyilirdi. Çiçəyin ətri o qədər gözəl olurdu ki, hamı dərs fasiləsində, xüsusən də oğlanlar o çiçəkdən dərirdilər. Son zəngdə o çiçəklərdən istifadə olunurdu. O çiçəkdən Qusarda da olsa, eyni ətri vermirdi”,- deyə o bildirib.

 

Faşist Almaniyası keçmiş SSRİ-yə hücum etdikdən sonra belə məktəblər fəaliyyətlərini davam etdirirdi. Ancaq müəllimlərin çoxu ordu sıralarına çağırılmış, bəzi hallarda isə onların yerini hazırlıqlı şagirdlər tutmuşdular.

 

Kənddə ilk məktəb binası 1940-cı illərin sonunda idarə binasının yaxınlığında tikilmişdi. İllər keçdikcə həm məktəbin maddi bazası, həm də müəllim kadrlarının hazırlığı möhkəmlənmişdi. Ağbulaq məktəbi 1958-ci ildə səkkizillik tədris sisteminə keçmişdi.

 

Bu dövrdə hələ də məktəb adlandırdığımız yeni məktəb binasının bünövrəsi qoyulmuş və 1960-cı ildə uşaqlar burada oxumağa başlamışdılar.

 

1960-cı illərin ortalarına qədər ağbulaqlı yeniyetmələr orta təhsil almaq üçün başqa kəndlərin məktəblərinə üz tuturdular. 1966-cı ildə Ağbulaq təhsil ocağı orta məktəb statusu almışdı.

 

Ağbulaqda ilk buraxılış 1968–1969-cu tədris ilində baş tutmuşdu. Həmin il məktəbi 32 nəfər şagird bitirmişdi.

 

Ağbulaq məktəbinin tarixindən danışarkən qadın müəllimlərin pedaqoji fəaliyyətini də unutmamaq lazımdır. Peşələrinə vicdanla yanaşan qadın müəllimlər yeni nəslin təlim-tərbiyəsi üçün böyük zəhmət sərf etmişlər.

 

1968–1969-cu tədris ilindən 1988-ci ilədək 19 məzun buraxılışı olmuşdur.

Açıklama yok.

1970–1980-ci illərdə Ağbulaq məktəbini bütövlükdə 1000 nəfərdən artıq şagird bitirmişdir. Onların üçdə biri ali təhsil müəssisələrinə qəbul olunmuş, digərləri isə cəmiyyət üçün layiqli vətəndaşlar kimi yetişmişlər.

 

Ağbulaq məktəbinin məzunları istedad və zəhmətləri ilə respublika və rayon səviyyəsində fərqlənmişlər. Ayrı-ayrı fənlər üzrə keçirilən olimpiadalarda, müsabiqələrdə, idman yarışlarında birinciliklər və yüksək yerlər tutmuşlar.

Açıklama yok.

Ağbulaq kənd orta məktəbinin 1-ci buraxılışı 1968-1969-cü il

 

Bütün bu uğurların təməlində Ağbulaq məktəbinin keçdiyi inkişaf yolu və müəllimlərin fədakarlığı dayanır. Bu nailiyyətlər hər birimizi sevindirir və gələcək nəsillərə örnək olaraq qürur doğurur.

 

Ağbulaq məktəbinin direktorları:

Həsən Abbasoov, Ağbulaq

Mahmud Salmanov, Bakı

Səməd Şıxlı, Qazax

Qasım Fərəcov, İrəvan

Qurban Süleymanov, Çaykənd

İsa Əhmədov, Toxluca

Məhəmmədəli Novruzov, Ağbulaq

İbrahim Alıyev, Ağbulaq

İbad Əliyev, Ağbulaq

Oruc Əsgərov,Ağbulaq

Xaliq Əliyev, Ağbulaq

Aydaş İsmayılov, Toxluca

Tapdıq Həsənov, Ağbulaq

İslam Əliyev, Ardanış

Ocaqqulu Fərəcov, Ağbulaq

Açıklama yok.

Açıklama yok.

Direktorlar

Açıklama yok.

Müəllimlərin arasında təlim-tərbiyəsinə silinməz iz qoyan, örnək saydığı müəllimlərdən biri İbad Bayram oğlu Əliyev olub. İbad müəllim, hər an xatırlanacaq, orta məktəbdə diqqət və qayğısı, danılmaz zəhməti ilə həmişə şagirdlərinin üzərində olan müəllimlərdəndir. 1948-ci ildə İrəvan Pedaqoji Texnikumunu, 1962-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirən İbad müəllim, məktəbdə təhsil aldığı illərdə həm də təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq (1964-1975) VI sinifdən X sinfə qədər hesab, cəbr, həndəsə və rəsmxət dərslərini tədris edib.

 

Dərsi çox pedaqoji ustalıqla izah edən İbad müəllim, şagirdlərinə hər zaman qayğıkeşliklə və tələbkarlıqla yanaşırdı. Dərsi müasir həyatiliklərlə və mövzunun tətbiq sahələri ilə zənginləşdirərək, tədris etdiyi fənnə güclü maraq oyadırdı.

 

Riyaziyyat fənni sahəsində şagirdin bütün uğurlarının başlanğıc səbəbkarı və ilhamvericisi məhz İbad müəllim olub. Öz peşəsinə və şəxsiyyətinə böyük hörmətlə yanaşan İbad müəllim, el-obada layiqli nüfuz qazanmış bir müəllimdir.

 

İbad müəllim, gənc nəslin təlim-tərbiyəsindəki rolunda çox şeylər edib. Çünki o, xalqına şərəflə xidmət edib. Ömrünün xoşbəxtliyini xalqın balalarına yol göstərməkdə, tərbiyə verməkdə tapıb. 1975-1985-ci illərdə məktəb direktoru, 1985-ci ildən isə partiya işində çalışarkən, o, bütün gözəl xüsusiyyətlərinə etibarlı qalıb.

 

Açıklama yok.

Oruc Əsgərov 1940-cı ildə Göyçə mahalının Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. 1954-cü ildə Ağbulaq kənd yeddillik məktəbini, 1959-cu ildə isə Xanlar rayonunda fəaliyyət göstərən Pedaqoji Texnikumu bitirmişdir. 1960-cı ildə doğma kəndindəki səkkizillik məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır.

 

Təhsilini davam etdirmək istəyən Oruc Əsgərov, 1962-ci ildə Bakı şəhərindəki V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası (qiyabi) fakültəsinə qəbul olmuş və 1968-ci ildə ali təhsil almışdır.

 

İctimai işlərdə həmişə fəal olan Oruc müəllim, 1973-cü ilə kimi məktəbin ilk komsomol təşkilatının katibi, 1973-1984-cü illər arasında isə məktəb həmkarlar təşkilatının sədri vəzifələrini icra etmişdir. 1984-cü ildə Ağbulaq kənd orta məktəbinin direktor vəzifəsinə irəli çəkilmiş və 1988-ci ilin oktyabr ayına kimi bu vəzifədə çalışmışdır. Həmin ilin noyabr ayında erməni işğalçıları bütün soydaşları kimi Oruc müəllimi də doğma torpağından silah gücünə çıxarmışlar.

 

1988-ci ilin sonlarında Sumqayıt şəhərində məskunlaşan Oruc Əsgərov, əvvəllər müxtəlif işlərdə çalışmış, 1992-ci ildən 2000-ci ilə qədər Sumqayıt şəhər 28 saylı orta məktəbində müəllim işləmişdir. Həmin ildə təqaüdə çıxmışdır. 2002-ci ildə Bakı şəhərinə köçmüşdür. Aprelin 7-si, 2006-cı ildə vəfat etmişdir.

Açıklama yok.

Tapdıq Həsənov Krasnoselo rayonunun tanınmış tarix müəllimləri arasında Tapdıq Həsənovun həmişə öz qabaqcıl mövqeyi və nüfuzu olub. Böyük bir nəslin təlim-tərbiyə və tarix fənninin dərindən tədrisi sahəsində uzunillik fəaliyyəti olan Tapdıq Zülfüqar oğlu Həsənov 1917-ci ildə Göyçə mahalının (bu ərazi indi Ermənistan sayılır) Ağbulaq kəndində anadan olub. Babası Məşədi molla Həsən kişi geniş savada və dünəyagörüşünə malik bir şəxsiyyət olmaqla elin-obanın dərin hörmətini qazanıb.

 

Tapdıq Həsənov 1939-cu ildə İrəvan Azərbaycan Pedoqoji Texnikumunu bitirib təyinatla Ağbulaq kənd məktəbinə müəllim təyin edilib. Üç il doğma məktəbdə fəaliyyət göstərdikdən sonra - 1942-ci ildə müharibəyə yola düşmüş və 1943-cü ildə yaralanaraq ordudan tərxis olunub. Həmin il Ağbulaq məktəbində müəllimlik fəaliyyətini davam etdirib. T.Həsənov 1945-1946-cı tədris ilində Ağbulaq məktəbinin direktoru vəzifəsini icra edib. 1956-cı ildə Toxulca kənd orta məktəbinə tarix müəllimi təyin edilib. Həmin il Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakültəsini bitirib.

 

Tapdıq Həsənov yenidən Ağbulaq səkkizillik məktəbində müəllimlik fəaliyyətini davam etdirmiş, eyni zamanda dərs hissə müdiri işləyib.

 

1988-ci ildə Azərbaycanın başı üstünü qara bulud alanda indiki Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali doğma ocağından silah gücünə çıxarıldı. Həmin günlərdə digər soydaşları kimi Tapdıq Həsənov da doğma Ağbulaqdan didərgin düşdü. O, bir müddət Gəncə şəhərində yaşadı və sonra övladlarının yanına-Bakı şəhərinə köçdü.

 

T.Həsənov 1995-ci ilin oktyabrın 5-də Bakı şəhərində vəfat edib.

 

Açıklama yok.

Abbas Hacıyev 1914-cü il avqustun 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olub. Yeddillik təhsilini Ağbulaqda aldıqdan sonra 1937-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumuna qəbul olub və 1941-ci ildə bitirib. Həmin ilin dekabr ayında döyüş cəbhəsinə yola düşmüşdür. Üç il ərzində cəbhədə olan Abbas müəllim bir sıra ağır döyüşlərin iştirakçısı olub. 1944-cü ildə kazarmada yanğın baş verir və o, ağır yanıq yarasına məruz qalır. Müəyyən müalicə alaraq ordudan tərxis edilir. Cəbhədən qayıtdıqdan sonra Abbas müəllim müəllimlik fəaliyyətinə davam edib. İki il Cil kənd məktəbində müəllimlik etdikdən sonra, 1946-cı ildə doğma kəndindəki məktəbə dəyişdirilir. Əlli ilə yaxın müəllimlik fəaliyyəti dövründə o, minlərlə şagirdə dərs demiş və onların bir çoxu ali təhsilli mütəxəssis kimi xalq təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərməkdədir.

 

Yaxşı müəllim və zəhmətkeş insan kimi tanınan Abbas müəllim 1988-ci ildə erməni işğalçıları tərəfindən doğma torpağından zorla çıxarılmış və Bakı şəhərində məskunlaşmışdır. Həsənov Abbas Həsən oğlu 1995-ci ildə Bakı şəhərində vəfat edib.

Açıklama yok.

Mənzərə Abbasova 30 yanvar 1954-cü ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1961-ci ildə Ağbulaq kənd orta məktəbinin 1-ci sinifinə başlamış, 1971-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Eyni ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olmuş, 1975-ci ildə həmin institutdan rus dili və ədəbiyyat ixtisası üzrə məzun olmuşdur.

 

Təyinatını öz doğma kəndinə alıb, 13 il boyunca Ağbulaq kəndində rus dili dərsləri keçmişdir. 1976-cı ildə Zeynalabdı müəllimlə ailə həyatı qurub. Dünyaya gələn 3 övladı da ali təhsilli həkim olub.

 

1988-ci ildəki məlum hadisələr nəticəsində kəndi tərk etmiş, iki il Şəmkir rayonunda rus dili müəlliməsi kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə Bakı şəhərinə köçərək, Sabunçu rayonunun 75 nömrəli məktəbində rus dili müəlliməsi kimi işə başlayıb. 1991-ci ildən 155 nömrəli məktəbdə çalışıb. 1996-cı ildən isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edib.

 

Abbasova Mənzərə Vəli qızı 20 noyabr 2020-ci ildə vəfat edib.

 

Onu da qeyd etmək lazımdır ki, 2024-cü il 9 may tarixində Xəmsə şadlıq sarayında Ağbulaq kənd orta məktəbinin 100 illik yubiley tədbiri yüksək səviyyədə təşkil edilmişdir. 

 

Açıklama yok.

1977-ci il məzunlarının görüşü

Açıklama yok.

1978-ci il məzunlarının görüşü

Açıklama yok.

1979-cu il məzunlarının görüşü

 

AzEdu.az Təhsil Portalının direktoru, araşdırmaçı jurnalist Tünzalə Abbasova

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox