Dövr dəyişdikcə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeniliklərin tətbiqi zərurətə çevrilir. Xüsusilə də təlim və tədris prosesində zamanın tələblərinə cavab verən müasir metodlardan istifadə olunması vacibdir. Əks təqdirdə təhsilimiz və təhsilalanlarımızın səviyyəsi elm sahəsində öndə olan xarici ölkələrin müasir təhsil sistemindən geridə qalacaq.
Azərbaycan təhsilində dünya ölkələrinin təhsil sisitemində tətbiq edilən müasir təlim modelləri sınaqdan keçirilir. Burada əsas vəzifə təhsilalanlara biliyin doğru və müasir formada çatdırılması olmalıdır. Yəni tədris proqramı şagirdlərə müasir və interaktiv metodlarla tədris edilməlidir. Burada ən böyük iş müəllimlərin üzərinə düşür. Dərs prosesini şagirdlərin maraq dairəsinə uyğun qurmaq üçün müəllim mükəmməl pedaqoji ustalığa malik olmalıdır.
Mütəxəssilərin fikrincə, müəllimlərin təlim metodu şagirdyönümlü olmalıdır. Şagirdyönümlü metod təhsilalanların öyrənmək və öyrəndiklərini sərbəst şəkildə tətbiq etmək, onların bilik və bacarıq vərdişlərinin artırılmasına şərait yaratmaqdır. Burada şəxsiyyətə yönəlmiş təlim metoduna üstünlük verilir. Şagird şəxsiyyət, əsas fiqur kimi təlim prosesinin mərkəzində olur. Təlim prosesində şagirdin potensial imkanlarına uyğun, bir qədər çətin, düşündürücü tapşırıqları müstəqil həll etməsinə imkan yaradılır. Yəni təlim prosesi şagirdin özünün müstəqil fəaliyyəti əsasında qurulur. Belə təlim onun təfəkkürünü və yaradıcılığını formalaşdırır. Müəllimin dəstəyi ilə o, bilik, bacarıqlar əldə edir və öz potensial imkanlarını genişləndirir. Şagird təlim prosesində fərdi çıxış edən zaman onda özünə inam artır, fikrini çatdırmağa qorxmur. Bu təlim mühiti şagirdi daha da fəallaşdırır və ruhlandırır. O hər şeyi öyrənmək, daha çox bilgi əldə etmək, daha çox çalışmaq və özünü inkişaf etdirmək istəyir. Təlim prosesi şagirdin idraki maraqlarına əsaslanan zaman səmərəli və effektiv olur.
Bu gün ölkənin ümumtəhsil məktəblərində müəllimlərin xeyli hissəsi dərsləri ənənəvi üsulla keçir. Ənənəvi təhsil metodu zamanı müəllim dərs izah edən, şagirdlər isə ona qulaq asan dinləyicilərdir. Bu zaman müəllim sahib olduğu bilikləri müxtəlif misallarla şagirdlərə çatdırır, onlar da məlumatları passiv şəkildə anlayır və mənimsəyirlər. Dərsin məzmunu şagirdlərə nəzəri öyrədilir. Şagirdlərin bunu praktik tətbiq etməsinə imkan yaradılmır. Bu cür tədris metodunun tətbiqi şagirdlərin sərbəst, müstəqil qərar verməsini əngəlləyir, dərketmə fəallığını passivləşdirir və müstəqil təfəkkürün formalaşmasına mane olur. Buna görə də ənənəvi təhsili izahedici və təkraredici, passiv təhsil adlandırırlar.
Müəllim Sona Namazova deyir ki, müəllim bütün dərslərdə vahid tədris metodundan istifadə etməməlidir. Metodu müəyyənləşdirən şagirdin maraqları, bilik və bacarığı, hazırlıq səviyyəsidir. Dərsin məqsədi metod seçiminə təsir göstərən ən vacib amildir. Dərs məzmunundan asılı olaraq metod seçimi də dəyişir:
“Dərsin səmərəli təşkili üçün müəllimin ən uyğun metodu seçməsi vacib şərtlərdəndir. Bunun üçün müəllimdə didaktik, kommunikativ, təşkilatçılıq və s. qabiliyyətlərin olması mütləqdir”.
Bu gün dünya təhsil sistemində müasir tədris üsulu sayılan interaktiv dərs metoduna üstünlük verilir. Bu metod tədris prosesi zamanı müəllim və şagird arasında qarşılıqlı ünsiyyəti artıraraq onların dərsdə daha fəal iştirak etməsinə imkan verən təlim üsuludur. Bu metodda dərslər ənənəvi müəllim-dinləyici ünsiyyəti əvəzinə, şagirdlərlə fəal müzakirələr aparlır, tapşırırqlar edilir. Burada şagirdlər aktiv müzakirə apara, suallar verə həmçinin cavablar tapa və bir yerdə mövzu ətrafında müzakirələrdə iştirak edə bilirlər. Metodda texnaloji vasitələrin imkanlarından, kompyuter, tablet və elektron lövhələrdən istifadə etməklə dərs prosesinin daha maraqlı keçməsinə nail olmaq olar. Şagirdlərin dərs zamanı qrup şəklində işləmələri mövzunun daha rahat anlaşılmasına və bilik səviyyəsinin artmasına səbəb olur. Həmçinin dərsin daha yaxşı anlaşılması üçün interaktiv oyunlar və simulyasiya proqramları da istifadə olunur. Bununlada bütün şagirdlərin dərsə olan marağı artırılaraq mövzunu yadda saxlanılma qabiliyyəti gücləndirilir.
Müzakirə zamanı yalnız müəllim şagirdlərlə deyil, eyni zamanda şagirdlər də öz aralarında dialoq quraraq dərsdə fəal olma imkanı qazanırlar. Dərs prosesində müəllim daha çox şagirdin fikir söyləməsinə şərait yaradır, şagirdlər isə müəyyən vaxt ərzində problemlə bağlı müxtəlif ideyalar və təkliflər irəli sürürlər. Söylənilən bütün fikirlər lövhədə qeyd olunur. Bundan sonra təhlil və müzakirə mərhələsinə başlanılır. Müzakirə zamanı mövzu ilə bağlı lehinə və əleyhinə müxtəlif fikirlər söylənilir. Sonda isə şagirdlər problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər.
Dünya təhsil sistemində müəllimlər tərəfindən müasir təhsil üsulu sayılan SCAMPER metodundan da istifadə olunur. SCAMPER şagirdlərin yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, düşünülmüş suallar prosesindən ibarət bir metoddur. Bu metod şagirdlərə daha dərindən düşünməyə, öz fikir və düşüncələrini rahat səsləndirməyə imkan yaradır. Şagirdlərin standart zehni nümunələrdən kənara çıxması və orijinal fikirlərini inkişaf etdirməsi üçün onlara suallar verilir. Bu suallar onları çərçivədən kənar düşünməyə vadar edir. SCAMPER tətbiq etmək şagirdlərdə dərsə fərqli baxış bucağından baxmağa kömək edir. Bu metod bütün fənlərə tətbiq edilə bilər. Burada ənənəvi suallar yox, fərqli nəticə əldə edilməsi üçün düşündürücü suallar verilir. Bu yolla şagirdlərin düşünmə qabiliyyəti dərinləşdirilir, onları araşdırmağa, beyin fırtınası etməyə, yaradıcı düşünməyə sövq edilir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə deyir ki, XX əsrdə tədris prosesi üç model üzərində qurulub. 1.ənənəvi, 2.fəal, 3.interaktiv. Bu yanaşmaların hər birində özünəməxsus metodlardan istifadə olunub:
“Ənənəvi təlim pedaqoji təcrübədə hələ eramızdan əvvəl yaranmışdı. Zamanla inkişaf edərək, təkmilləşmiş və bu günə qədər gəlib çıxmışdır. Bu təlim yanaşmasında müəllim təlim prosesinin subyekti, şagird isə obyekti hesab olunurdu. Belə ki, ənənəvi təlimdə müəllim öyrədən, şagird isə öyrənən funksiyası daşıyırdı. Müəllim təlim prosesində funksiya baxımından, idrakı cəhətdən fəal, şagird isə nisbətən passiv kimi qiymətləndirilirdi. Bu təlim yanaşması hafizə yönümlü məzmun daşıyırdı. Buna görə də “təkrar biliyin anasıdır” ənənəvi təlimin əsas prinsipi sayılırdı. Ənənəvi təlimdə nəqletmə, izahetmə, məktəb mühazirəsi, illüstrasiya və demonstrasiya, təkrarlama müsahibəsi, laborator işlər, praktik işlər və s. təlim metodlarından istifadə olunurdu.
Psixoloji tədqiqatlar nəticəsində artıq əsrin ortalarında intellektin inkişafı məsələsi aktuallaşdı. Yəni şagirdə təkcə bilik və bacarıq aşılanması deyil, yeni biliyi müstəqil təlim fəaliyyəti prosesində “kəşf etməsi” fikri pedaqoji zərurətə çevrildi. Bunun yolunu Amerika psixoloqu Benjamin Blum tapdı. Onun təlim məqsədləri taksonomiyası təfəkürün inkişafına istiqamətləndi. Bu zaman şagirdlərdə analiz və sintez kimi fikri əməliyyatların formalaşması önəm kəsb etdi. Müəllim-şagird əməkdaşlığı fəal təlim fəlsəfəsinin əsasını təşkil etdi. Bu prosesdə həm müəllim həm də şagird təlim prosesinin subyekti kimi dəyərləndirildi. Onların əməkdaşlığı təlim prosesində şagirdi fikirləşməyə sövq etdi. Bunun nəticəsi olaraq şagird yeni biliyi “kəşf etməyə” başladı. Dialoq, problem situasiyasının yaradılması yeni təlim metodları kimi vətəndaşlıq hüququ əldə etdi. Dialoq metodu hələ eramızdan əvvəl dahi filosof Sokrat tərəfindən həyata keçirilmişdi. Böyük mütəfəkkirlər də öz təcrübələrində şagirdlə dialoqa üstünlük vermiş, problem situasiya yaradaraq, biliyin şagird tərəfindən kəşf olunması üçün mühit yaranmışdı.
Nəticədə təlim prosesində müəllimin şagirdlərarası əməkdaşlığı təşkil etməsi aktuallaşdı. Şagirdlər bir-biri ilə əməkdaşlıq etdikdə daha böyük pedaqoji nailiyyətlər əldə olundu. Təlimin şagirdlərarası əməkdaşlıq əsasında qurulması interaktiv təlimin pedaqoji məkana daxil olmasını şərtləndirdi. Yeni interaktiv təlim metodları - əqli hücum, müzakirə, qrupla iş, rollu oyunlar, layihə və bu kimi metodlar yaradıldı”.
Professorun sözlərinə görə, bu gün Azərbaycan təhsilində də interaktiv təlim metodlarında istifadə olunur:
“Düzdür, açıq etiraf etmək lazımdır ki, öz pedaqoji təcrübəsində hələ də ənənəvi dərsə üstünlük verən müəllimlər var. Lakin, şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, ildən-ilə interaktiv dərsə üstünlük verən müəllimlərin sayı artır. Məktəblərimizin ağıllı lövhələr, proyektorlar, kompyuterlər və s. texniki avadanlıqlarla, internet resursları ilə təminatı da ildən-ilə yaxşılaşır. Yeni sinif otaqları yaradılır ki, bu otaqlarda müzakirə, qrupla iş, rollu oyun və s. metodların tətbiqi üçün geniş imkanlar yaranır. Hesab edirəm ki, bir neçə ildən sonra artıq bütün müəllimlər interaktiv təlimin imkanlarından istifadə edərək, pedaqoji prosesdə şagirdlərimizin idrak fəallığının artmasına nail olacaqlar. Süni intellektin həyatımıza sürətlə daxil olduğu dövrdə bu olduqca vacibdir”.
Nərmin Qarazadə