Hər bir abituriyentin arzusu ali məktəbə qəbul olmaqdır. Bəzən abituriyentlər ali təhsil müəssisələrinə birbaşa deyil, kollecə sənəd verdikdən sonra seçim edirlər. Bu da bəzən onların deyil, valideynlərinin istəyindən qaynaqlanmış olur.
Bəs görəsən, valideyn istəyi ilə abituriyentin kollecdən universitetə sənəd verməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə ekspert Vüsat Əzizov qeyd edib ki, həm 9-illik, həm də 11-illik orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlər həmin təhsil müəssisəsini bitirdikdən sonra sub-bakalavr dərəcəsi əldə edə bilirlər:
“Həmin şəxslər imtahansız ixtisasları üzrə ali təhsil müəssisələrinə qəbul şansı da əldə edə bilirlər. Təbii ki, bu şansın yaradılması bəzi valideynlərdə müəyyən bir fikir formalaşdırır. Onlar düşünürlər ki, övladları 9-cu sinifdən çıxsın, buraxılış imtahanında iştirak etsin və buraxılış imtahanı nəticəsi ilə həmin bu kolleclərə qəbul olsun və daha sonra imtahansız ali təhsil müəssisələrinə qəbul ola bilsinlər.
Lakin burada bəzi nüanslar var. Həmin nüanslardan biri də valideynlərin 10-cu və 11-ci siniflərdə repetitor yanına getməsi ilə bağlıdır. Çünki bu müəyyən dərəcədə, (təbii ki, regionlara görə dəyişir) müəyyən qədər məbləğ tələb edir və bu məbləğin çoxluğu valideynlərdə fikir formalaşdırır ki, elə ora hazırlığa verdiyimiz ödənişləri şagirdin kollecdə təhsilinə yönəldək və ondan sonra imtahansız qəbul olsun.
Az əvvəl də qeyd etdiyim kimi, regiona görə hazırlıq ödənişləri dəyişə bilir və daha çox bura xanımlar, yəni qızlar müraciət edirlər. Çünki oğlanlarda belə bir məsələ var ki, onlar kolleci bitirdikdən sonra hərbi xidmət məsələsi də var. Yəni, onların 18 yaşı tamam olubsa, hərbi xidmətlə bağlı problem yarana bilər. Ona görə daha çox xanımlar müraciət edir ki, kolleci bitirərək ali təhsildə sənət əldə etsinlər.”
“Digər tərəfdən də artıq sub-bakalavr dərəcəsi məsələsi ortaya çıxdıqdan sonra kolleclərə axın edən abituriyentlərin sayı kifayət qədər artım var”,- deyə ekspert fikrinə əlavə edib:
“Kolleclərə olan maraq ildən-ilə artmaqda davam edir. Eyni zamanda valideynlər də bu məsələdə maraqlıdırlar ki, bəzən görürsünüz, abituriyentlər 9-cu sinifdə oxuyanda yüksək bal yığa bilmirlər. Valideynlər düşünür ki, 11-ci sinifdə bu şagird hazırlığa getsə də yüksək nəticə yığa bilməz.
Ona görə kollecdə qəbul olsun. Bəzən də olur ki, abituriyent özü 11-ci sinifə qədər davam edir, amma 9-cu sinifdə yığdığı nəticədən aşağı nəticəyə qəbul olmur. Amma ən azından 9-cu sinifdən bu qəbul proseduru çərçivəsində mümkün olur. Qeyd etmək istəyirəm ki, burada abituriyentlərin yığdığı həm bal, həm də 9-cu sinifdə yığdığı nəticə bu məsələyə təsir göstərir. Eyni zamanda hazırlıq ödənişlərinin çoxluğu da həmin faktorların təsirini artırır.
Digər bir məsələ də var ki, abituriyentlər hər ixtisas üzrə subbakalavr kimi ali təhsil müəssisəsinə qəbul ola bilmirlər. Daha çox 1-ci və 2-ci ixtisas qrupu üzrə subbakalavrların qəbulu müşahidə olunur. Demək olar ki, 3-cü ixtisas qrupu üzrə subbakalavr kimi qəbul şansı azdır.
Amma eyni zamanda abituriyentlər subbakalavr dərəcəsi almaqla yanaşı, əvvəlki illərin məzunu kimi Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanında iştirak edərək, digər ali təhsil müəssisəsinə qəbul olmaq hüququna da malikdirlər. Və bundan başqa da həmin abituriyentlər ali təhsil müəssisəsinə qəbul olmasalar belə, kollecdən əldə etdiyi diplomla müvafiq ixtisas üzrə hər hansı bir dövlət qurumunda və ya özəl sektorda iş tapa bilər".