Azedu.az

"İxtisas seçiminə valideyn müdaxiləsi zorakılıq formasıdır"

İmtahanlar

12 İyun 2025, 12:53
"İxtisas seçiminə valideyn müdaxiləsi zorakılıq formasıdır"

Dəfələrlə həm sosial şəbəkələrdə, həm də cəmiyyət arasında abituriyentlərin yüksək bal toplasa da, ixtisas seçimində müstəqil qərar vermək hüququnun valideynləri tərəfindən əlindən alındığının şahidi oluruq.

 

Nəticədə həmin gənclər seçdikləri (əslində, onlara seçdirilən) ixtisasa biganə yanaşır, zamanla motivasiyasını itirir, depressiyaya düşür və özünü uzun müddət toparlaya bilmir. Valideynlər isə bu seçimin yalnız övladlarının gələcəyi üçün edildiyini iddia edirlər.


Ancaq axırda yenə də zərər çəkən, gecə-gündüz çalışaraq yüksək nəticə qazanan abituriyent olur.

 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli açıqlama verib.

 

Ekspert qeyd edib ki, gənclər müstəqil şəkildə seçim edə bildikdə, öz qərarlarının məsuliyyətini daşımağı öyrənirlər:

 

“Bu gün təəssüf doğuran əsas məsələlərdən biri məhz valideynlərin övladlarının həyat yolunu onların istəklərini nəzərə almadan müəyyənləşdirməyə çalışmasıdır. Xüsusilə də ixtisas seçimi dövründə bu, daha qabarıq şəkildə özünü göstərir. Uzun illər boyunca gecə-gündüz çalışaraq yüksək nəticə qazanan abituriyentlər bəzən sadəcə o nəticənin “sahibliyindən” istifadə edən ailənin təzyiqi ilə öz seçim haqqından məhrum olurlar. Bu isə gəncin şəxsiyyətinin, azad iradəsinin və gələcək motivasiyasının zədələnməsi ilə nəticələnir. İnsan həyatının ən önəmli dönəmlərindən biri olan bu seçim mərhələsi, əslində, onun gələcək peşəkar kimliyinin və şəxsi məmnuniyyətinin formalaşmasında əsas rol oynayır.

 

Gəncin maraqları, qabiliyyəti, şəxsiyyət tipi və sosial yönlü arzuları bu mərhələdə mütləq nəzərə alınmalıdır. Əks halda, seçdiyi ixtisasla arasında daxili bağ qura bilməyən, sadəcə oxumaq xatirinə oxuyan, lakin sevmədiyi bir sahədə tələbatı olmayan mütəxəssisə çevrilən gənclər cəmiyyət üçün də faydasız hala gəlirlər".

 

“Valideynlər çox zaman “biz övladımız üçün yaxşılıq edirik”, deyərək bu seçimi üzərlərinə götürürlər”, -deyə ekspert qeyd edib.


“Amma unutmaq olmaz ki, yaxşılıq bəzən qarşı tərəfin azadlığını tanımaqla olur. Uşağın arzularını qulaqardına vurmaq, onu eşitməmək, onun psixoloji durumu, daxili aləmi və gələcək planları ilə maraqlanmadan verilmiş hər qərar istənilən halda zorakılıq forması daşıyır. Bu, həm mənəvi təzyiqdir, həm də şəxsiyyətin inkişafa doğru atdığı addımların qarşısını almaqdır.

 

Gənclər müstəqil şəkildə seçim edə bildikdə, öz qərarlarının məsuliyyətini daşımağı öyrənirlər. Bu isə onları daha ayıq, daha motivasiyalı və məqsədyönlü edir. Əksinə, ailənin təzyiqi ilə verilmiş qərarın yükü altında əzilən bir gənc zamanla ya öz istəklərinə qayıtmaq üçün təhsili yarımçıq qoyur, ya da ömrü boyu sevmədiyi bir sahədə fəaliyyətsiz və narazı şəkildə həyatını davam etdirir. Bu nəticənin adı isə “yaxşılıq” deyil, “özəlləşdirilmiş həyat tərzi”dir - yəni valideynin övlad üzərində öz həyatının davamını görmək istəməsi.

 

Bu məsələdə balansın qorunması vacibdir: valideynlər müşahidəçi, yönəldici və dəstəkləyici olmalı, son sözü isə gəncin özü deməlidir. Əks halda, nəinki bir ailənin, bütöv bir cəmiyyətin itirdiyi motivasiyalı və xoşbəxt insan potensialı gündən-günə artır. Gənclərə seçim azadlığı tanımaq onları riskə atmaq deyil, əksinə, onları güvənilən və məsuliyyətli şəxsiyyət kimi formalaşdırmağın ən sağlam yoludur".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox