Rəqəmsal texnologiyaların sürətli inkişafı ilə paralel olaraq kibertəhlükəsizlik məsələləri həm milli təhlükəsizlik, həm də təhsil siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu kontekstdə nazirlik rəsmisi çıxışı zamanı universitetlərdə kibertəhlükəsizlik laboratoriyalarının yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova yanaşmanın son dərəcə düzgün və vaxtında atılmış addım hesab etdiyini deyib:

"Çünki kibertəhlükəsizlik artıq yalnız texniki bir sahə olmaqdan çıxaraq milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və vətəndaşların şəxsi məlumatlarının qorunması ilə birbaşa bağlı strateji istiqamətə çevrilib. Rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə dövlət qurumlarından tutmuş özəl sektora, hətta fərdi istifadəçilərə qədər hər kəs potensial kiber risklərlə üz-üzə qalır. Bu baxımdan, kibertəhlükəsizlik üzrə peşəkar kadrların hazırlanması milli prioritet kimi qiymətləndirilməlidir.
Universitetlərdə kibertəhlükəsizlik laboratoriyalarının yaradılması tələbələrə yalnız nəzəri biliklər əldə etməklə kifayətlənməyib, həmin bilikləri real kiberhücum ssenariləri üzərində tətbiq etmək imkanı yaradır. Bu laboratoriyalar vasitəsilə tələbələr risklərin vaxtında müəyyənləşdirilməsi, hücumların qarşısının alınması, sistemlərin qorunması və insidentlərə operativ reaksiya verilməsi kimi vacib praktiki bacarıqlar qazanırlar. Nəticə etibarilə, məzunlar əmək bazarına daha hazırlıqlı və çevik şəkildə inteqrasiya ola bilirlər.
Belə laboratoriyalar eyni zamanda ali təhsil sistemi ilə əmək bazarı arasında mövcud olan boşluğun aradan qaldırılmasına xidmət edir. Müasir laboratoriya mühiti tələbələri real iş şəraitinə yaxın mühitdə yetişdirir, yerli kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasını sürətləndirir və uzunmüddətli perspektivdə xarici mütəxəssislərdən və texnoloji asılılığın azalmasına şərait yaradır. Bu isə ölkənin ümumi rəqəmsal təhlükəsizlik potensialının gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır".
Beynəlxalq təcrübə göstərir ki, kibertəhlükəsizlik laboratoriyaları yalnız texniki avadanlıqlarla təchiz olunmuş məkanlar kimi deyil, kompleks və davamlı ekosistemlər şəklində qurulmalıdır
"Məsələn, ABŞ-də Carnegie Mellon University-nin CyLab modeli akademik mühit, sənaye və dövlət qurumları arasında sıx əməkdaşlığa əsaslanır və elmi tədqiqatlarla praktiki tətbiqləri bir araya gətirir. MIT kibertəhlükəsizlik məsələlərinə yalnız mühəndislik prizmasından yanaşmır, eyni zamanda hüquqi, etik və siyasət aspektlərini də tədris prosesinə inteqrasiya edir. University of Oxford isə kibertəhlükəsizlik sahəsində etik normaların və hüquqi çərçivələrin formalaşdırılmasını prioritet istiqamət kimi önə çəkir.
Bu yanaşmaların Azərbaycan universitetlərində də tətbiqi praktik bacarıqlara malik, müasir çağırışlara cavab verən və qlobal miqyasda rəqabətqabiliyyətli kadrların hazırlanmasına ciddi töhfə verə bilər. Eyni zamanda bu, ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə, kibertəhlükəsizlik sahəsində institusional dayanıqlığın təmin olunmasına və gələcək risklərə qarşı daha hazırlıqlı olmasına imkan yaradacaq".