Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 13:35:00
Nadir İsrafilov:"Yay tətilim dincəlməyə deyil, əsasən tərcümə işinə həsr olunurdu"

"Bir gün müəllimin böyük bir fəsili işarələyib, bunu tərcümə etməyimi tapşırdı. Tərcüməçilik fərasətimdən digər müəllimlər də xəbər tutdu.Yay tətilim dincəlməyə deyil, əsasən tərcümə işinə həsr olunurdu"

Bunu AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Nadir İsrafilov deyib.O, ali məktəbdə oxuyan vaxtlar indiki kimi internet məkanı, digər elektron informasiya daşıyıcılarının olmadığını qeyd edib:

"Yeganə bilik mənbəyi əsasən kitab idi. Mühazirə zamanı imkan daxilində apardığımız qeydlər və mövzuya dair tövsiyə edilən əlavə ədəbiyyatdan əldə etdiyimiz bilgilər əsasında seminar və “zaçot”lara hazırlaşırdıq. Əlavə ədəbiyyat isə tələbələrin sayı ilə müqayisədə kitabxana fondunda məhdud sayda idi. Yəni kim tez götürdü prinsipi daha çox işlək idi.

Bir gün, növbəti seminarların birində müəllim sözümü kəsib soruşdu: “Sən bunları hardan bilirsən, mən ki, mühazirəmdə bunları sizə deməmişəm”. Dedim ki, “Всемирная история” ensiklopediyasından oxumuşam. Dedi ki, sən rus dilini yaxşı bilirsən, bu kitab səndə var? Başımla “hə” cavabını təsdiq etdim. “Səhər o kitabı mənə gətirərsən” -dedi.

Səhəri gün kitabı ona təqdim edəndə, böyük bir fəsili işarələyib, bunu tərcümə etməyimi tapşırdı. Tərcüməçilik fərasətimdən digər müəllimlər də xəbər tutdu. Ayrı-ayrı müəllimlərə ali məktəblər üçün nəzərdə tutulmuş “История Древнего мира”, “История Средних веков”, “История Востока”, “История СССР”, “История КПСС”, “Новая история”, “Новейшая история” kitablarından tərcümələr edirdim. Yay tətilim dincəlməyə deyil, əsasən tərcümə işinə həsr olunurdu".

Ekspert tərcümənin ağır və gərginlik tələb edən iş olmasına baxmayaraq zəhmətinin hədər getmədiyini vurğulayıb:

"Həm özüm öyrənirdim, həm də müəllimlər bunu nəzərə alırdılar. Əksər imtahalarda sualların cavabını soruşmadan sən bunları bilməmiş olmazsan, deyərək qiymətimi yazırdılar. Qrup və “potok” tələbələri arasında da hörmətim və nüfuzum nəzərəçarpacaq dərəcədə xeyli artmışdı, çünki hamı mənə yaxın olmağa çalışırdı.

İctimai fəallığımı, müəllim və tələbələrlə “isti” münasibətlərimi nəzərə alaraq, artıq III kursda oxuyarkən məni Kommunist partiyasının sıralarına qəbul etdilər. Çünki, o vaxt başqa bir partiya yox idi və parta arxasında ikən onun sıralarına qəbul olmaq da hər tələbəyə nəsib olmurdu”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları