Alimlər Yer kürəsində ilk canlı hüceyrələrin yaranmasının sirrini açıblar

22 Avqust 2024, 08:38
Alimlər Yer kürəsində ilk canlı hüceyrələrin yaranmasının sirrini açıblar

ABŞ-nin Hyuston və Çikaqo universitetlərinin alimləri belə qənaətə gəliblər ki, Yer kürəsində ilk canlı hüceyrələr 3.8 milyard il əvvəl yağışlar sayəsində əmələ gəlib.

 

AzEdu.az xəbər verir ki, bu barədə müvafiq araşdırma "Science Advances" elmi jurnalında dərc olunub.

 

Tədqiqatçılar zülallar, lipidlər və RNT kimi mürəkkəb molekullardan təbii olaraq yaranan koaservat damcılarını tədqiq edib. Bu damcılar suda yağ hissəcikləri kimi hərəkət edirlər.

 

Koaservat damcıları öz aralarında molekul mübadiləsi apara bilir, lakin bu zaman onların tərkibi eyniləşir. Belə şəraitdə daha mürəkkəb orqanizmlərin inkişafı üçün zəruri olan təkamül prosesləri baş verə bilməz.

 

Mütəxəssislər güman edirlər ki, hələ yeni yaranmış Yerdə yağışlar zamanı şirin su koaservat damcılarının ətrafında müvəqqəti qoruyucu örtük əmələ gətirib və bu da onların RNT-ni bir-birinə köçürməsinə mane olub. Bu fərziyyə laboratoriya təcrübələri zamanı təsdiqlənib.

 

Beləliklə, RNT kapsullarında mutasiyaların və digər təkamül proseslərinin baş verməsi üçün kifayət qədər vaxt olub.

Son xəbərlərDaha çox