Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-14 09:07:00
“Tarixdə bu gün” - 14 iyun...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

14 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

14 iyun Azərbaycanda “Son zəng” kimi qeyd edilir:

 

Bu il respublikada 102 min 120 nəfər XI sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 137 min 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 min 569 uşaq təhsil alıb.

 

14 iyun Ümumdünya Qan Donoru Günüdür:

 

Hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib. “Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən bu ilki kampaniyanın məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.

 

14 iyun 1794-cü ildə XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, mütəfəkkir və maarifçi Mirzə Şəfi Vazeh dünyaya gəlib:

 

Bir müddət Tiflis Qəza Məktəbində Azərbaycan və fars dillərindən dərs deyən Mirzə Şəfi sonradan Gəncədə təsis etdiyi “Divani-Hikmət” ədəbi-fəlsəfi məclisində fəaliyyətini davam etdirib. Əsərlərini Azərbaycan və fars dillərində yazıb.

 

14 iyun 1888-ci ildə Cemo bəy Hacınski Qubada dünyaya gəlib:

 

Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan İstiqlal Bəyannaməsini imzalayanlardan biri olan Camo bəy Hacinski cümhuriyyətin Birinci Hökumət Kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra edib, Dördüncü və Beşinci hökumət kabinələrində poçt və teleqraf naziri vəzifəsində çalışıb.

 

1922-ci ildə həbs edilən C.Hacinski 6 il sonra (1928) azad edilərək Bakıya qayıdıb, bir müddət Azərİttifaq sistemində çalışıb. 1938-ci ildə yenidən həbs edilərək sürgünə göndərilib. Camo bəy Hacinski 1942-ci ildə sürgündə vəfat edib.

 

14 iyun 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında Folklend adaları uğrunda 2 ay yarım davam edən müharibə sona çatdı:

 

Argentina danışıqsız təslim aktını imzalamağa məcbur oldu. Bu müharibədə 255 britaniyalı və 700 argentinalı həyatını itirdi.