Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 15:58:00
İdman Akademiyası hansı ölkələrlə əməkdaşlıq edir? - SORĞU

Azərbaycanda universitetlər tələbələrin xaricdə təhsil almaları üçün xarici təşkilat və universitetlərlə beynəlxalq əlaqələr yaradır, əməkdaşlıqlar edir.

 

Belə akademiyalardan biri də Azərbaycan İdman Akademiyasıdır.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə bu barədə suallarımızı cavablandırıb.

 

- Azərbaycan İdman Akademiyasının hansı ölkələrlə əlaqəsi var?

 

- Azərbaycan İdman Akademiyası son illərdə xarici ölkələrin idman və tibb sahəsində yüksək nüfuza malik olan ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirməkdədir. Belə ki, Akademiya magistr pilləsində idman menecmenti sahəsində Böyük Britaniyanın Coventri Universiteti və Moskva Dövlət Beynəlxalq Münasibətlər (MGİMO) ilə ikili diplom imkanı təklif edir. Eyni zamanda Çexiyanın Karlov Universiteti ilə fizioterapiya ixtisası üzrə birgə bakalavr və magistr proqramlarının hazırlanması haqda əməkdaşlığa başlanılmışdır. Hazırda Türkiyənin Akdeniz Universiteti ilə “Məşqçilik” ixtisası üzrə ikili diplom proqramının yaradılması üzrə son danışıqlar aparılır. Bundan əlavə Akademiyanın son illə Bolqarıstanın VassilLevski Universiteti ilə əməkdaşlığı daha da dərinləşmişdir və tələbələr orada istehsalat təcrübələrinə göndərilirlər. Növbəti ildən Rusiya Federasiyası Tatarıstan Respublikasının Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti ilə Məşqçilik üzrə ikili diplom proqramının icrasına başlanılacaqdır. Əlavə olaraq Akademiya Türk Dünyası Ölkələri ilə xüsusən Özbəkistan və Qazaxıstanla və həmçinin Aİ-na daxil olan Mərkəzi və Şərqi Avropa ölkələri Serbiya, Litva ilə əlaqələri vardır.

 

- Keçən ilə nisbətən universitetin beynəlxalq əlaqələr şöbəsində dəyişikliklər varmı?

 

- Keçən il Akademiyanın 2023-2030 il üçün Strateji İnkişaf Planı təsdiq edilmişdir. Bu çərçivədə ilk dəfə olaraq Akademiyanın Beynəlmiləlləşmə strategiyası və fəaliyyət planı qəbul olunmuşdur. Beynəlmiləlləşmə strategiyasının tələb etdiyi məqsədlərə uyğun olaraq yuxarıda da qeyd edildiyi kimi xarici əlaqələrin coğrafiyası genişləndi. Alman Akademik Mübadilə Xidmətinə (DAAD) təqdim edilmiş “Xəzərdə idman macəraları” adlı yay məktəbi qrant layihəsi qazanıldı. Aİ-nın Erasmus+ proqramı çərçivəsində fəaliyyətlərə start verildi. Akademiya Aİ-nın maliyyələşdirdiyi və BBUnun koordinator olduğu ECAR layihəsinə assosiativ üzv kimi qəbul edildi. Türk dünyası ölkələrində Akademiyanın nüfuzunun qalxması və əcnəbi tələbə cəlbi ilə bağlı “Mergen” təqaüd proqramı təsis edildi. Akademiyanın beynəlxalq nüfuzunun artırılması üçün beynəlxalq yay və qış məktəblərinin təşkilinə xüsusi önəm verildi. Türk dünyası gənclərinin iştirak etdiyi Gənclik Mübadilə Proqramı həyata keçirildi.

 

- Tələbələr ən çox hansı ölkələri seçirlər?

 

- Tələbələr xarici ölkələrdə təhsil imkanlarını araşdırıb müraciət edərkən əsasən dil, din, mədəniyyət və siyasi baxımdan bizə ən yaxın olan Türkiyəni seçməyə üstünlük verirlər. Eyni zamanda son illər Şərqi Avropa ölkələrinin universitetləri də bu sırada prioritet istiqamət təşkil edir.

 

- Nə qədər tələbə xaricdə təhsil alır? 

 

- Hazırda iki nəfər magistr tələbə xaricdə təhsil alır.

 

- Daha çox hansı proqramlar əsasında xaricdə təhsil almağa gedirlər?

 

- Tələbələr Aİ-nın Erasmus+ Mübadilə proqramı çərçivəsində təhsil almağa üstünlük verirlər. Hazırda Məşqçilik ixtisası üzrə təhsil alan tələbəmiz payız semestri üçün Litva İdman Universitetində bir semestr ərzində təhsil almaq hüququ qazanıb. Eyni zamanda magistratura şöbəsinin idman menecmenti ixtisasının tələbələri İngiltərənin Coventry Universitetində təhsil alır.