Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 11:13:00
Şimali Kiprin təhsil naziri: 20 şəhid ailəsindən olan azərbaycanlıya təqaüd vermişik - MÜSAHİBƏ

Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazim Çavuşoğlu Bakıda səfərdə olub.

 

Nazim Çavuşoğlu AzEdu.az-ın suallarını cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

 

- Şimali Kipr təhsildə qabaqcıl ölkələr sırasındadır. Kiprdə təhsil almaq istəyən azərbaycanlılara, eləcə də əcnəbilərə təhsil sistemi barədə nələri deyə bilərsiniz?

 

- Uzun illərdir ki, artıq azərbaycanlı gənclər təhsil almaq üçün Şimalı Kiprə üz tutur. Təbii ki, təhsil alanlar içərisində xüsusi təqaüd alan tələbələr də var. Dünən Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə birgə əməkdaşlıq çərçivəsində ikili diplom sistemi, eləcə də tələbələrin köçürülməsi məsələləri barədə geniş  müzakirələr etdik. Şimali Kiprdə hazırda 23 universitet fəaliyyət göstərir ki, həmin universitetlərin təqdim etdikləri diplomlar dünyanın bütün ölkələrində tanınır. Yəni, beynəlxalq səciyyə daşıyır. Kiprdə təhsil türk və ingilis dillərində aparılır. Bizim universitetlərə dünyanın 100-dən çox ölkəsindən tələbə axını var. Həmçinin, 40-dan çox ölkənin müəllimləri məhz ali təhsil müəssisələrimizdə fəaliyyət göstərmək üçün gəlirlər. Universitetdə müxtəlif ölkələrin vətəndaşlarının oxuması tələbələrin sosiallaşmasında, eləcə də dostluq münasibətlərinin və beynəlxalq əlaqələrinin genişlənməsində müstəsna rola malikdir.

 

Kiprin əsas xüsusiyyətlərindən biri də hər kəsin azad və firəvan yaşamaq hüququnun olmasıdır. Universitetlərimiz tələbələrin azad fəaliyyəti üçün məkan rolunu oynayır. Burada geyim məhdudiyyəti yoxdur. Əsasən, təhsil tələbə yönümlüdür. Müşahidələrimiz onu göstərir ki,  bu gün də Kiprdə məzun olan azərbaycanlılar oradan ayrılmaq istəmirlər. Kiprdə oxuyan tələbələr dünyanın 50 ölkəsinə səyahət etmiş kimi bir ab-havada olurlar. Hansı ki, bir insanın o qədər ölkəyə gedərək sosiallaşması çox da mümkün görünmür. Kiprdə təhsil almaq sizdə dünyanın müxtəlif ölkələrindən dostlar qazandırır.

 

Bizim universitetlər kampus modelindədir. Maddi baxımdan daha zəngin ölkə olsaydıq bütün tələbələrə təqaüd verilməsinə şərait yaradardıq, ancaq universitet özləri yüksək potensiala malik tələbələrə xüsusi təqaüdlər ayırırlar. Biz öz hesabımıza 20 şəhid ailəsindən olan azərbaycanlı tələbəyə təqaüd vermişik. Elm və təhsil naziri Emin Əmrullayev ilə söhbətimiz zamanı bu prosesin davamlı olmasını planlaşdırdıq. Çünki ölkəsinin müdafiəsi uğrunda canını qurban vermiş şəhidlərin ailə üzvlərinə sahib çıxmaq bizim də vəzifəmizdir. Qardaşıq deyiriksə, tələbələrə təqaüdün verilməsi məsələsini təkcə Azərbaycanın üzərinə atmağımız düzgün deyil. Ancaq bundan asılı olmayaraq tələbə universitetlə əlaqə saxlayaraq meyarlara cavab verdiyi halda təqaüd ala bilərlər. 

 

- Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı çərçivəsində işğaldan azad olunan ərazilərdə Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi, Özbəkistan isə məktəb açıb. Bu yaxınlarda olan anlaşmaya əsasən isə Qırğızıstan Respublikası Ağdamda orta məktəbin inşasına başlayıb. Bəs Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında belə bir anlaşma ola bilərmi?

 

- Bu təklif hökümətimizin Azərbaycana gəlib danışıqlar aparmasından sonra reallaşdırıla bilər.

 

- Müşahidələrimiz əsasında görürük ki, əvvəllər Azərbaycandan Şimali Kiprə təhsil üçün müraciət edən tələbələrin sayı çox olub. Lakin indi isə bu statistika azalmağa doğru gedir. Sizcə bu sayın azalmağının əsas səbəbi nədir?

 

- Tələbə axının əvvəlki illərə nisbətən daha az olmasının səbəbi bizim yerli universitetlərin özlərini lazımi səviyyədə tanıtmamasından irəli gəlir. Bunun əksinə olaraq isə Türkiyə universitetlərinin daha çox tanıdılması, tələbələrin ora axın etməsinə səbəb olur. Türkiyə ilə aramızda ayrı-seçkilik etmirik. Lakin bizim universitetlər daha çox xalqları özündə birləşdirir.