Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-30 12:10:00
Qarabağ Universitetinin dekanı Kəklik Gözəlova kimdir?

Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub.

 

Maraqlıdır, Kəklik Gözəlova kimdir?

 

Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavr və magistr təhsili alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Bundan sonra fəaliyyətini isə Qarabağ Universitetinin pedaqoji məktəbinin proqram rəhbəri kimi davam etdirəcək.

 

Kəklik Gözəlova bildirib ki, həmin fakültədə bir neçə istiqamətdə tələbələrin qəbulu planlaşdırılır:

 

“Bunlara Azərbaycan dili və ədəbiyyatı, İngilis dili və ədəbiyyatı, Riyaziyyat və ibtidai sinif müəllimliyi kimi ixtisaslar daxil olacaq. İxtisas proqramlarımız əslində bizim dünyanın aparıcı universitetlərinin təcrübələri əsasında dizayn edilib. Gələcəyini müəllimlik sahəsində görən tələbələrimizi Xankəndidə yerləşən Qarabağ Universitetində səbirsizliklə gözləyirik”.