Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-28 09:17:00
 “Tarixdə bu gün” - 28 may...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

28 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

28 may Azərbaycanın Müstəqillik Günüdür:

 

1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları bütün Şərqdə ilk demokratik Respublika üsul-idarəli dövlətin yaranmasını bütün dünyaya elan etdilər. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları — bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və müasirlik bir vəhdətdə idi. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süquta uğradı.

 

28 mayda Ümumtürk dünyasının dahi şairi, Azərbaycan ədəbi-bədii dilinin banilərindən biri Məhəmməd Füzuli İraqın Kərbəla şəhərində anadan olub:

 

O, Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb-yaradıb. Lirikası dərin fəlsəfi məzmuna malikdir. Füzuliyə görə, məhəbbət insana, onun gözəlliyinə və şüuruna pərəstiş, həyat eşqi, dostluq və sədaqət deməkdir. Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir.

 

Füzulinin “Bəngü-badə”, “Yeddi cam”, “Səhhət və mərəz”, “Şikayətnamə” əsərləri də dərin fəlsəfi fikirlərlə doludur. O, öz əsərlərilə Azərbaycan bədii dilini yeni səviyyəyə qaldıraraq klassik ədəbiyyata, eləcə də digər türkdilli xalqların poeziyasına güclü təsir göstərib. Əsərləri dünyanın əksər ölkələrində çap olunub.

 

28 may 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Qurumu - UNESCO “Ən çox danışılan dillər” sırasına Türkiyə türkcəsini də qəbul etdi.

 

28 may 1812-ci ildə Osmanlı dövləti ilə çar Rusiyası (Romanovlar) arasında Bükreş müqaviləsi imzalandı və Osmanlı – Rusiya müharibəsi sona çatdı.