Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 13:22:00
Psixoloq: Uşaqlara sevgidən danışmağı eyib hesab etməməliyik

“Uşağın yanında puldan danışırıq, amma sevgidən danışmağı eyib hesab edirik”

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Bəşirzadə deyib:

 

“Cəmiyyətin problemlərindən biri də azyaşlı qızların özlərindən böyüklərlə ailə qurması, valideynin sevgisizliyi nəticəsində bütün sevgini, məhəbbəti özündən yaşlılarda tapmasıdır. Buradakı tək amil kişinin yaraşıqlı, yaxud böyük olması deyil. Əsas psixoloji səbəblərdən biri odur ki, özlərindən böyük olan şəxslərin onları daha yaxşı başa düşəcəyi, onu daha yaxşı dinləyə biləcəyi ilə bağlıdır. Qadınlar daha çox rol-model olaraq atalarına bənzəyən insanlarla evlənmək istəyirlər. Bəziləri isə ümumi faktor olduğu üçün bundan qaçırlar ki, ondan başqa kim olursa, olsun. Amma həyat təcrübələri, psixoloji araşdırmalar, statistik mənbələr belə onu göstərir ki, artıq hər qızın qarşısına çıxan adam psixoloji olaraq onun atasının rollarını ehtiva edir.

 

Daha bir önəmli nüans isə qız uşaqlarının ailədən qaynaqlanan sevgisizliyi və yaxud yetəri qədər sevgi, qayğı görməməsi ilə əlaqədardır. Bu səbəbdən də qızlar bu sevgini başqa bir insanda, şüuraltı olaraq onlara ata modeli kimi görünən şəxslərdə görə bilirlər. Buna görə də biz psixoloqların ən böyük çağırışı odur ki, atalar yetəri qədər qızlarına, analar isə oğullarına sevgi versinlər və bunu onlara hissetdirsinlər. Çünki istənilən bir prosesdəki normanı, həddi qoruyub-saxlaya bilmədikdə, bu proses daha az olduqda başqa problemlər, çox olduqda isə daha fərqli problemlərə yol açır. Ona görə də “qızıl orta”nı qorumaq lazımdır. Ataların qızlarına vermədiyi sevgini onlar başqa bəylərdə, yaxud anaların oğlanları qadın məhəbbəti ilə doldura bilməmələrinin nəticəsində onlar özlərindənn böyük xanımlara meyil edə bilirlər”.

 

“Bizim mentaliltetdə, kökənli ailələrdə sevgi barədə heç bir şey danışılmır”-deyə psixoloq vurğulayıb”:

 

“Övladın şəxsiyyət kimi yetişməsi üçün sevgi prosesi çox vacibdir. Ailələr uşaqlarla sevgi barədə danışmırlar. Bunu onunla qiymətləndirirlər ki, “sevgi uşağa aid proses deyil”, halbuki, sevgi təkcə bəylə xanım arasında olmur. Bu ümumidir. Sevgi əşyalara, özümüzə, ətrafımıza qarşı ola bilər. Amma insanlar sevgi dedikcə əks cinslər arasında qarşılıqlı münasibət olaraq başa düşürlər. Biz bunu uşaqlıqdan övladlarımıza sevgi anlayışının kökündə nələrin dayandığını izah etsək məsələ dəyişmiş olar, fəqət bunu izah etməkdən, danışmaqdan, valideynlərimizlə bölüşməkdən çox utanırıq. Pulla bağlı uşaqların yanında hər şeyi danışa bilirik, amma sevgidən danışmaq bizim üçün ayıb sayılır. Əgər bu vəziyyət dəyişərsə, ailələrdə uşaqlar arasında sevgi bağları, emosional bağlar daha da güclənər və doğru səviyyədə inkişaf edər”.