Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 14:06:00
Yuxu rejiminin pozulması beynin inkişafında təsir edir - PSİXOLOQ

Yuxu insan orqanizminin sağlamlığı üçün ən vacib amillərdən biridir. Araşdırmalar göstərir ki, normal yuxu rejimi olmayan insanlarda yaddaş zəifliyi, gərginlik, əsəbilik və s. kimi mənfi hallar müşahidə olunur. Normal yuxu rejimi ən çox da uşaqların həyatında mühüm rola malikdir.

 

Bəs görəsən, yuxu uşaqların qavrama bacarığına necə təsir göstərir?

 

Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Bəşirzadə mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

Psixoloq bildirib ki, sağlam yuxu rejiminin formalaşması uşağın müəyyən yaş dövrlərindən başlayır:

 

“Uşaqların sağlam böyüməyində yuxu faktoru vacibdir. Burada əsas uşaqların fiziki və psixoloji inkişaf motivləridir. Kiçik yaşdan, yetkinlik yaşına çatana qədər bu norma özünü qoruyub saxlamalıdır. Uşaqların inkişaf mərhələsi 3 yerə bölünür: 1-3 yaş kateqoriyası; məktəbəqədər yaş kateqoriyası; məktəb dövründəki kateqoriyalar. Gündüz yuxusunun uşaqların öyrənmə bacarığındakı rolu böyükdür. Aparılan araşdırmalara görə gündüz və gəcə yuxusunun normallaşması uşaqlarda bir çox amillərdə özünü göstərir. O cümlədən, psixi və fizioloji təsir buraya daxildir.  Bundan əlavə, uşağın emosional sağlamlığı, beyninin inkişafı, diqqətin formalaşması, immun sistemi, eləcə də öz bacarıqlarını nümayiş etdirməsi və böyümə hormonlarını sadalaya bilərik. Uşaqlarda normal yuxu 7-8 saatı əhatə edir. Normal yuxu rejimiylə qidalanan uşaqlar öyrənmə prosesində digərlərindən daha çox fərqlənirlər. Çünki yuxu zamanı beyin dincəlir. Burada beyin hüceyrələri, eləcə də neyronlar arasında əlaqə qurulur, yaddaş güclənir, öyrənmə prosesləri öz təsdiqini tapır.

 

“Yuxusuzluq məktəbəqədər dövrdəki diqqət prosesində çox ciddi fəsadlara yol açır”,-deyə psixoloq vurğulayıb:

 

“Az yatan, 7-8 saatlıq yuxusunu almayan, yaxud da günorta yuxusuna yatıb, gecə çətinliklə yuxuya gedən uşaqlarda narahatlıq hallarının olması mümkündür. Bu zaman onların diqqətinin mərkəzləşməsində problemlər yaranır. Diqqət çatışmazlıqlarında və hiperaktivlik sindromunda özünü göstərəcək dərəcədə narahatlıqlar büruzə verilir. Yuxu beynimizlə əlaqəli olduğu kimi, bağırsaqlarla da birbaşa əlaqəlidir. Bağırsaq immun sistemini təmin etdiyi üçün onda yaranan hər hansısa nasazlıq ümumi bədənə zərər verməyə kifayət edir. Yuxu immun sistemini gücləndirən ən vacib əlamətdir, hansı ki, yuxu rejimi pozulmuş uşaqlarda immun sistemində narahatlıqlar özünü göstərir və beləcə xəstəliyə qarşı bədəndə müqavimət azalır”.

 

Müsahibimiz qeyd edib ki, yaddaşsızlığın əsas səbəblərindən biri keyfiyyətsiz yuxudur: “Yaddaş bir neçə mərhələdən keçir ki, bu mərhələlərdən birincisi beynin inkişafı və neyronların qarşılıqlı əlaqəsidir. Yuxu rejimində neyronların inkişaf etməməsi, yaxud çətinliklə yuxuya getməyə səbəb bəzi hormonların yetərincə ifraz olunmamasıdır. Bu da yaddaş problemlərində çox böyük rol oynayır”.

 

S.Bəşirzadə uşaqların yuxu keyfiyyətinin artırılması üçün valideynlərə tövsiyə verib:

“Əvvəlcə uşaq üçün konkret yuxu rejimi qaydası yaratmaq lazımdır. Bəzən valideynlər özləri və körpələri üçün xüsusi saat təyin etsə də, səhlənkarlıq edərək “uşaq 5 dəqiqə də televizora baxıb sonra yatar”,- deyərək yuxu rejimini pozurlar. Müntəzəm yuxu rejimi qurulsa və bu proses qaydaya çevirilsə yuxu keyfiyyətini daha da artıracaq.

 

İkinci addım kiçik monitor cihazlardan istifadəni azaltmaqdır. Buraya telefon, televizor və planşet daxildir. Yatmazdan 3-4 saat əvvəl bu cihazlardan istifadəni dayandırmaq lazımdır. Bu qurğulardan daha çox istifadə edən uşaqlarda yuxu terroruna belə rast gəlmək mümkündür. Yuxuya getmək üçün lazım olan melatonin hormonunu beyin ifraz edir ki, bu da telefon şüaları nəticəsində azalmağa başlayır.

 

Üçüncü addım qidalanmaya nəzarət etməkdir. Yuxunun formalaşması üçün ən vacib aktiv detal fiziki və zehni balansın tamamlanmasıdır. Qida rejimində olan narahatlıqlar, qeyri-sağlam mənşəli qidalar belə yuxu prosesini gecikdirə bilir. Əgər uşaq yetərincə fiziki fəaliyyətdədirsə, o, fiziki balansda olan enerjisini çıxarır. Yetərincə zehni fəaliyyətdə olursa, məsələn, dərs oxuyursa, məktəbə gedirsə o zaman beyin və bədən qarşılıqlı şəkildə yorulmağa başlayır. Nəticədə uşağın yuxuya getmə müddəti daha tez və asan olur. Lakin bu balansdan biri tarazlanıb, digəri nataraz olaraq qalarsa, o zaman dəyişikliklər yuxu sisteminə təsir edə bilir.

 

Fiziki cəhətdən yorulan, ancaq zehni cəhətdən yorulmayan uşaq gecə yerinə uzansa belə, yuxuya getmə prosesində çox düşünür, fikirləşir. Əksinə zehni olaraq yorulan, fiziki olaraq yorulmayan uşaq davamlı qaçır, hərəkət edir.

 

Yuxunun nə qədər olduğuna diqqət ayırılmalıdır. Çünki hər bir uşağın ehtiyacları fərqlidir. Bu fərqliliyi valideyn öz uşağında müşahidə etməlidir. Əgər müşahidə edərsə ona uyğun qrafik qurulmalıdır ki, hansı saatda yatacaq, hansı saatda televizora baxacaq, nə vaxt gəzəcək, nə vaxt yemək yeyəcək və s. hər biri müəyyən edilərək uşağın yuxu rejimini düzəltmək mümkün olur".