Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 15:02:20
“Örnək müəllim”dən tarix üzrə maraqlı oyun metodları ilə dərs...

Məqalə tarix dərslərində müxtəlif oyunlardan istifadə edilməsi haqqında məlumat verilir.Oyunlar vasitəsi ilə şagirdlərin əylənərək öyrənməsi və daha maraqlı dərslərin təşkil edilməsi,oyun nümunələri təqdim edilib.

 

Müasir dünyamızda elmin sürətlə inkişaf etdiyi bir dövrdə təhsil sistemi də bu inkişafdan geri qalmır.Hər bir müəllim dərslərinin daha maraqlı,əyləncəli və yadda qalan etmək istəyir.Məktəblərdə şagirdlərin fənnə marağını artırmaq üçün şagirdlərin oyunlara,müsabiqələrə və olimpiadalara cəlb etmək məsələsi aktuallaşır.Didaktik oyunlar şagirdlərin işini maraqlı və əyləncəli edir.Bu metod tarixi faktların,rəqəmlərin və adların oyrənilməsində də səmərəli vasitədir.

 

   Oyun – şagird üçün əlverişli təlim metodudur.Eyni zamanda bu şagirdə körpə yaşlarından tanış olan bir üsuldur. Təlimin  əsasını şagirdlərdə bilik,bacarıq və vərdişlərin formalaşdırılmasını  təşkil etməsini nəzərə alsaq ,oyun metodunu bu məqsədə çatmaq üçün yaxsı vasitə hesab etmək olar.Dərslərində oyunlardan istifadə edən müəllim bunu şagirdlərin dərslərə marağını artırmaq və qəbul edilən məlumatları daha anlayışlı etmək məqsədi ilə keçirir.

 

Oyunlar şagirdlərdə fikrini cəmləmək,müstəqil düşünmək bacarığı formalaşdırmağı ilə yanaşı onun diqqətini  inkişaf etdirir və yeni biliklərə  yiyələnmək istəyini artırır.Oyuna başı qarışan şagirdlər bu oyun vasitəsi ilə dərsi mənimsədiklərini heç düşünmürlər.   Onlar yeni bilik əldə edir,tanış olmayan anlayışları mənimsəyir,öz düşüncələrini ifadə edir və təxəyyüllərini nümayiş edirlər.Hətta ən passiv şagirdlər belə oyun prosesinə maraqla qatılır,öz yoldaşlarını darda qoymamaq üçün əllərindən gələni əsirgəmirlər.  

  

Oyunların təşkili elə asan başa gəlmir.Bu metodu istifadə etmək üçün müəllim xüsusi hazırlıq işləri görməli dərs prosesində problemlərin çıxmaması üçün hər şeyi düşünməlidir.İlk öncə dərsin əsas məqsədindən çıxmamalı,dərsin səs-küylü bir tədbirə çevrilməsinə imkan verməməlidir.Oyun zamanı qiymətləndirmə də əsas diqqət tələb edən məsələlərdən biridir.Oyuna ayrılan zaman,oyunu ay boyu neçə dəfə keçirməli kimi məsələlər də müəllim tərəfindən əvvəlcədən düşünməlidir.Oyunu qrup şəklində keçirilməsi şagirdlərdə qələbə qazanmaq hissini artırır və daha da aktivləşdirir.Eyni zamanda dərslərə daha yaxşı hazırlaşmaq stimulu yaradır.Şagirdlər oyundan aralanmaq istəmir ,bəzən oyunu davam etdirməyi xahiş edir.

 

Oyuna nə zaman ehtiyac duyulur? Öyrədici oyunlar ilk növbədə kommunikativ münasibətlərin formalaşdırılmasında,xüsusi ilə dərs ilinin əvvəlində müəllim-şagird münasibətlərinin tarazlaşdlğı müddətdə,çətin mövzuların  daha mükəmməl  mənimsənilməsi zamanı istifadə edilə bilər.

 

Oyun zamanı uşaq dünyası ilə elm dünyası birləşir.Buna görə təlim zamanı bəzən şagirdin anlamadığını oyun zamanı asanlıqla anlayır.Maraq və məmnunluq oyunun əsas psixoloji faktorudur.Tanınmış fransız alimi Lui de Broyl iddia edirdi ki,bütün oyunlar hətta ən sadələri belə alim işi ilə çox oxşardır:qarşıya qoyulan məqsəd ,çətinliklər ,həllin tapılması.Bu xususiyyətlərinə görə  oyun bütün yaşda olan insanları cəlb edir.

 

Oyunlardan istifadə zamanı yeniliklər etməyi yaddan çıxarmamaq lazımdır,çünki eyni oyun şagirdləri bir müddət sonra yorur və onların marağı azalır.Oyunlar hazırlanarkən nəyə diqqət yetirilməlidir:

 

-məqsəd əsas götürülməlidir;

-şagirdlərin  marağını nəzərə alınmalıdır;

-oyun şagirdə aydın olmalıdır;

-keçilən mövzuya uyğun olmalıdır;

-şagirdlərin özlərini ifadə etməsi təmin olunmalıdır.

  

Bunları nəzərə alaraq demək olar ki,oyunun məqsədləri bunlardır:şagirddə mövzuya maraq oyatmaq,sərbəst məsələnin öhdəsindən gəlmək,dərs ədəbiyyatına şagirdin diqqətini yönəltmək.

 

 Oyun metodları müxtəlifdir,bu həm müəllimin öz fantaziyasından,həm də şagirdlərin gücündən asılıdır.Bu gun hər bir müəllim internet vasitəsi ilə öz həmkarlarının təcrübəsindən istifadə edə bilər.Mən öz iş təcrübəmdə həm özümün fikirləşib yaratdığım oyunlardan ,həm də başqa ölkələrin müəllimlərinin təcrübələrindən istifadə edirəm.

 

Bu oyunlardan bir neçəsini sizlərə təqdim edirəm.

 

1.”Ağ-qara oyunu”.

   Müəllim əvvəlcədən şagirlərə evdə iki kart (ağ və qara rəngdə)hazırlamağı tapşırır.Oyunun əsasını müəllimin verdiyi məlumatın düzgün və ya yalnış olması təşkil edir.Əgər verilən ifadə düzgündürsə ,şagirdlər ağ kartı,səhfdirsə -qara kartı qaldırır.Hər verilən ifadədən sonra bir şagirdə öz seçimini izah etmək tapşırılır.Beləliklə, müəllim eyni zamanda bütün sinfin verilən ifadə haqqında biliyini yoxlamış olur.

   Bu oyunu bir müddət oynadıqdan sonra ,şagirdlərin marağı itməsin deyə ,şagirdlərə kartları dəyişmək və aşagıdakı kimi hazırlamağı tapşırmaq olar.

   Bu kartlarda gülən smaylik və + işarəsi doğru cavabı,kədərli smaylik və _ işarəsi isə səhv cavab hesab edilir .

   Şagirdlər bu oyunu böyük məmnuniyyətlə oynayır,səhv cavab verən yoldaşlarına düzgün cavabı izah edirlər.

   Bu oyunlardan təkrar-ümumiləşdirici dərslərdə istifadə etmək daha səmərəli olar.Oyunu həm qruplar arasında,həm də individual keçirmək olar.

Oyuna 5-10 dəqiqə vaxt ayırmaq daha düzgün olar.Qrup arası keçirilən zaman qalib qrupu fərqləndirmək lazımdır ki,onların yenə də belə oyun oynamaq marağı olsun.

 

2.”Şəxsiyyəti tapın” oyunu.

 

   Keçilən mövzularardan istənilən şəxsiyyət haqqında məlumat verilir.İlk olaraq bir məlumat verilir,sonra şəxsiyyətin kim olduğu aşkar edilənədək yeni məlumatlar verilir.Çalışmaq lazımdır ki,bu məlumat həmin şəxsiyyəti birbaşa xarakterizə etməsin.Bir neçə şəxsiyyəti birləşdirən ümumi cəhətlərdən başlasaniz bu şəxsiyyətləri birləşdirən cəhətləri də təkrarlamış olarsınız.Beləliklə,müəllim həm şagirdlərin axtardığı şəxsiyyət haqqında daha çox məlumat əldə etməsinə,həm də bu şəxsiyyətin digərləri ilə müqayisə etməsinə şərait yaratmış olur.

   Bu oyunun bir  neçə variantı var.Məsələn,müəllim bir şəxsiyyətin adını çəkir və şagirdlərə onun haqqında bildiklərini söyləməsini xahiş edir.Hər şagird 1 məlumat verərək oyunu istədiyi şagirdə ötürür.Bu oyun da şəxsiyytləri daha yaxşı tanınması üçün yaxşı vasitədir.Digər variant isə həmin şəxsiyyətə aid bir tanınmış fikri söyləyərək onu tapmaq tapşırılır.

  

3.”Səhvi tap” oyunu.

 

   Bu oyunu qruplar arası keçirmək daha maraqlıdır.Hər qrup digər qruplara vərəqlərdə mövzuyla bağlı  bir neçə  cümlə yazır.Digər qruplar bu mətndəki səhvləri tapmalıdır.

Bütün səhvləri tapan qrup qalib gəlir.

   Bu oyunu xronoloji bilikləri yoxlamaq istədiyiniz zaman da keçirmək olar.Bu zaman qrup digərlərinə rəqəmləri yazır və qarşısında bu ildə baş verdiyi hadisəni ya düz ,ya da səhv yazır.Digər qruplar bu xronoloji məlumatların səhvlərini tapmalıdır.

 

4.”Şəkli canlandır”.

Bu oyun illustrasiyalarla işləyən zaman istifadə olunur. Müəllim şagirdlərə şəklə baxaraq ardıcıllıqla mətn qurmağı təklif edir.Şagirdlər hərə bir cümlə deyir.Oyunda əsas şərt hər  şagirdin özündən əvvəlki yoldaşının fikrini davam etdirməsidir.Beləliklə, bütün sinfin iştirakı ilə şəkil canlanır.

 

5.”Bərpa et.”

   Bu oyun zamanı şagirdlərə tarix muzeyində işləmək tapşırılır.Müəllim şagirdlərə qazıntılar zamanı aşkar edilmiş bir tarixi sənədi təqdim edir.Lakin zamanın axınında bu sənədin bəzi yerləri silinmiş və məlumatı tam oxumaq olmur.Müəllim şagirdlərə bu sənədi tamamlamaq tapşırır.

   Şagirdlər bu oyunu böyük maraqla oynayır.Sənədi öz biliklərinə əsaslanaraq tamamlamağa çalışırlar.Bu zaman onlara digər ədəbiyyatlardan istifadə etmək və məlumatları müqayisə etməyə icazə verilir.

 

6.”Piramida”.

   Bu oyun zamanı şagirdlərə piramida formasında yazılan cümlələr təqdim olunur.Bu cümlələr tarixi sənədlərdən və ya dərslikdəki mətnlərdən ola bilər.Lakin cümlələrin yuxarıdan aşağı düzülüşü qarmaqarışıqdır.bu cümlələri məntiqi ardıcıllıqla düzgün düzmək üçün şagirdlərə zaman verilir.

   Xronoloji ardıcıllığı düzmək üçün də bu oyundan istifadə etmək olar.Məsələn:

  

 

7.”Artığı tapın.”

Bu oyun zamanı verilən anlayışlar sırasında artıq ifadəni seçmək lazımdır.

İfadələri hazırlayarkən qruplaşmada yer adlarından,döyüş adlarından,şəxsiyyət adlarından,dövlətlərin adlarından  ,anlayışlardan ibarət ola bilər. 

 

   Məsələn:      a)faraon,qul,hökmdar,ensi,kral.   

                        b)Manna,Atropatena,Finikiya,Albaniya.

                        c)Tutanxamon,II Ramzes,İranzu,I Tutmos.

Bu oyun həm də şagirdlərin məntiqi təfəkkürünü artırır.Şagirdlər artıq sözü tapır və bu sözü digərlərindən niyə ayırdığını izah edir.

 

8.”Səyahətə başla”.

Bu oyunu xəritə ilə iş kimi də nəzərə almaq olar.Keçilən mövzulara uyğun marşrut hazırlanır və şagirdlər səyahətə dəvət edilir.Şagirdin bir hissəsi xəritənin önündə dayanır.Digərləri isə marşrutdakı yerləri müəyyən etməyə çalışır.

Məsələn 6 sinifdə marşrutu belə vermək olar.

1.Qədimdə nomların mövcud olduğu ölkə.

2.İlk koloniyaların yarandığı ölkə.

3.Mixi yazıların ixtira edildiyi məkan.

4.Kompasın vətəni.

5.İnsanların kastalara bölündüyü ölkə.

 

9.”İntervyu”.

Şagirdlərə jurnalist olmaq  təklif edilir.Bir şagird jurnalist, digəri isə tanınmış bir şəxsiyyətdir.Jurnalist tanınmış tarixi şəxsiyyətə onun fəaliyyəti ilə bağlı suallar verir,digəri isə cavab verir.Hər iki şagird əldə etdikləri biliklərə əsaslanır.Bu oyundan əvvəl şagirdlərə hazırlaşma da tapşırmaq olar.Bu daha maraqlı olar.Şagirdlər bu zaman həmin şəxsiyyət haqqında kifayət qədər məlumat əldə etməyə çalışacaqlar.

 

10.”Press-konfrans”.

 

“İntervyu” oyununa bənzər bir oyundur.Lakin bu oyunda sinfin bütün şagirdləri jurnalistdir və yalnız bir şagird hər hansısa bir tarixi şəxsiyyəti əvəz edir.Bu zaman şagirdlər istədikləri sualları həmin şəxsiyyətə verir və onun cavablarını dinləyirlər.

 

Hər müəllim sinifdəki şagirdlərin gücünə və maraq dairəsinə uyğun olaraq oyun seçə bilər. İnanıram ki,oyun metodundan istifadə edən hər bir müəllim bunun nə qədər səmərəli metod olduğunu aşkar edəcək.

 

Kürdəmir şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi  İbrahimova Gülbəniz Qeyrət qızı.