Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 13:35:00
Azərbaycanda ilkə imza atan alim Nobel mükafatı almağın yollarını sadaladı – “Lütfi Zadə nöqsanı”

““Nobel almırıq”  demək ayıb deyil... Çünki bunun üçün çox böyük, dünya tarixinə düşəcək kəşflər etmək lazımdır”.

Bunu AzEdu.az-a müsahibəsi zamanı Azərbaycanda “Həndəsə və Topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib yeganə elm adamı, Bakı Dövlət Universiteti “Cəbr və Həndəsə” kafedrasının müdiri, professor Arif Səlimov deyib.

O, söhbət əsnasında bir çox məsələlərlə yanaşı, Nobel mükafatı barəsində də maraqlı fikirlər səsləndirib:

 

“Bu, çox böyük mükafatdır. Bəzən yazırlar ki, Azərbaycanda filankəs Nobelə namizəddir. Hamı da bunu böyük bir nailiyyət kimi qarşılayır. Başa düşmürlər ki, hamıya namizədlik haqqı verilir. Elm üzrə Nobelin özünü almaq isə elə də asan məsələ deyil. Düzdür, ədəbiyyat və digər sahələrdə müəyyən şeylər olur. Azərbaycan alimlərinin bu mükafatı ala bilməsi üçün bir neçə il gözləmək lazımdır. Alsa da, xaricdə ölkələrdəki elmi mərkəzlərdə çalışanlar olar. “Nobel almırıq” demək də ayıb deyil. Çünki bunun üçün çox böyük, dünya tarixinə düşəcək kəşflər etmək lazımdır.

Türkiyədən bunu kimya sahəsi üzrə Aziz Sancar aldı. O təhsilini Türkiyədə alsa da,  40 il Amerika laboratoriyalarında, elmi qruplarda çalışıb. Elmi qrupların əhatəsində olmaq önəmlidir. Orada böyük bir qrup çalışır. Məsələn, Kazan Universiteti Sovetlər dönəmində həndəsənin mərkəzi sayılırdı. Heç bilirsiz, orada nə müzakirələr, nə seminarlar, dartışmalar olurdu? Elm adamları arasında davalar olurdu. Biz o vaxt cavan olduğumuza görə, onlardan bəzi şeylər öyrənirdik. Bu, böyük məktəb idi. Yaşımız artdıqca, biz də onlardan götürdüyümüzü tətbiq etdik. Burada bir sənaye var idi. Nobel üçün mütləq o sənayenin içində olmaq lazımdır.

Professor Nobel mükafatından danışarkən maraqlı bənzətmə də aparıb:

Nobel hədsiz yüksəkdədir. Bilirsiniz  bu, nəyə bənzəyir? Futbolda biri var Çempionlar, biri də var ki, UEFA Avropa Liqası. Bizim “Qarabağ” kimi futbol komandamız və ya bir başqa uğurlu futbol komandamız yaxın olmayan gələcəkdə uzaqbaşı UEFA Avropa Liqasında yarımfinala çıxa bilər. Nobel almaq, yəni Çempionlar Liqasında finalı oynayıb qazanmaq lazımdır. Barselona, Real Madrid kimi komandalarla mübarizə aparmalısan. Elmdə də belədir. Nobelə layiq görülən elmi nailiyyət dünya elminə silkələnmə gətirməlidir. Bizdən Nobel alan olsaydı, Lütfi Zadə alardı”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları