Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-18 13:44:46
Riyaziyyatçıların “Nobel”i – Alimlərimiz onu niyə qazana bilmirlər?

Nüfuzlu Nobel mükafatının riyaziyyat sahəsinin mütəxəssislərinə verilməməsi hamıya məlumdur. Hətta bunun səbəbi barəsində maraqlı əhvalatlar da danışılır. Amma dünyanın elmi elektoratı riyaziyyatçıları da bir kənara qoymamaqdan ötrü alternativ olaraq  bu sahənin öz “Nobel”ini yaradıblar.

Norveç Krallığı, eləcə də Norveç Elm və Ədəbiyyat Akademiyası cəmi 27 il  ömür sürən dahi riyaziyyatçı Henrik Nik Abelin şərəfinə, daha doğrusu, onun 100-cü ildönümündə yəni, 1902-ci ildə riyaziyyatçı alimlərə hər il Abel mükafatı verilməsini qərara alıb. Lakin 1905-ci ildə Norveç və İsveç birliyinin dağılmasından sonra Abel mükafatının təqdimatı da dayandırılıb. Ancaq uzun müddətdən sonra, 2002-ci ildə Nils Abelin 200 illiyinə ithaf olaraq Norveç Kral Akademiyası tərəfindən mükafat yenidən bərpa olunub. Bu mükafat hətta o qədər yüksək imicə malik olub ki, onu Nobel mükafatına alternativ kimi görüblər. Təqdim olunan pul mükafatı da dəyərinə görə “Nobel”in nominasiyalarından bir o qədər fərqlənmir. Belə ki, 2011-ci ildən etibarən Abel mükafatına layiq görülən riyaziyyatçı alimlər üstəlik 1,2 milyon dollar civarında pula da sahiblənirlər.  

Maraqlıdır, “Nobel”dən hələ ki əli üzülən Azərbaycan elmi, heç olmasa riyaziyyat sahəsində bu nüfuzlu ödülə sahiblənə bilərmi?

Mükafatı şərəfləndirən ad

Mükafat dünya elminin ən şanslı alimlərindən biri olan Nils Abelin şərəfinə bu cür adlandırılıb. Abel dünyadan erkən köçüb, elmi fəaliyyəti nə qədər uğurlu olsa da, həyatı bir o qədər də faciəvi keçib.

Nils Abel pastor ailəsində doğulub,  Oslo Universitetində təhsil alıb.  Gənc ikən differensial tənliklərin inteqrallanmasına dair böyük elmi iş həyata keçirib və bu işinə görə mükafat olaraq ona ölkə xaricində təhsilin davam etdirmık üçün dövlət təqaüdü ayrılıb.  Əvvəlcə, Berlinə yollanır və 1825-ci ilin sentyabrından 1826-cı ilin fevralına qədər burada yaşayır. Burada o Avqust Krelemlə tanış olur və Kremel istedadlı norveçlini öz elmi jurnalına işə düzəldir. Onun işi xüsusilə elliptik funksiyalar nəzəriyyəsinə dair idi. Nils Abel Karl Qustav Yakobi ilə bu sahəni nəzəçarpacaq dərəcədə inkişaf etdidir.

Abel sonradan  İtaliyaya yollanır və bir neçə ayı Venesiyada keçirir. İyulda Parisə gedir və ilin sonuna qədər burada qalır. 1827-ci ilin əvvəlində Abel Berlinə qayıdır.

Vətənə qayıtdıqdan sonra o,  Oslo Universiteti və mühəndis məktəbinin dosenti təyin olunur. Lakin tezliklə vərəm xəstəliyinə tutulur və vəfat edir. Müəllimi Holmboe tələbəsinin əsələrindən ibarət toplu - "Oeuvres completes" hazırlayır.

2002-ci ildə riyaziyatçının anadan olmasının 200-cü il dönümü münasibətilə  Norveç höküməti riyaziyyat üzrə Abel mükafatını təsis etdi.

Aydakı kraterləridən biri də istedadlı riyaziyyatçının adını daşıyır.

Bəs bizimkilər?

Bu barədə araşdırma apararkən məlum olub ki, Abel mükafatı üçün hər hansı bir riyaziyyatçının dünya səviyyəsində tanınan və tətbiq olunan nəzəriyyəsinin olması vacib şərtdir. Belə ki, özünə qədər olan riyaziyyat elmində əsl yenilik və orijinallıq yaradacaq nəzəriyyə komitə tərəfindən bir neçə il sınaqdan keçirildikdən sonra müəllifinə təqdim olunur. Dünyada tanınan alim və bir neçə nəzəriyyəçi artıq bütün beş qitədə tədris olunan Azərbaycan alimi professor Rafiq Əliyev vaxtilə  bu sətirlərin müəllifinə mükafat barədə danışarkən bildirib ki, hazırda Azərbaycanda bu mükafatı ala biləcək riyaziyyatçı görmür:

“Abel mükafatını ala biləcək Azərbaycan riyaziyyatçılarının demək olar hamısı dünyasını dəyişib. Bu siyahıda ən birinci İbrahim İbrahimovun adını çəkməliyik. Daha sonra Zahid Xəlilovdur. Mirabbas Qasımov və Məcid Rəsulov da böyük riyaziyyatçılar idilər. O nəsildən sonra Azərbaycanın riyaziyyat elmində Abel mükafatını ala biləcək kimsə görmürəm. O siyahıya qismən Cəlal Allahverdiyev uyğun gəlir. O da hazırda çox qocadır və bildiyimə görə işə də getmir.

Özümə gəldikdə sırf riyaziyyatla məşğul deyiləm. Mənim əsas işim qərar qəbuletmə nəzəriyyəsidir”.

Elmin Nuri