Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 12:52:00
“...“2-3” alanlar da universitetə qəbul olunacaqlar” – RƏY  

 İlqar Orucov: “Əlbəttə ki, bu, keyfiyyətin aşağı düşməsi deməkdir”

 

Ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşdıqdan sonra abituriyentlər səbirsizliklə ixtisas seçiminin nəticələrini gözləyirlər.

 

Bəzi ekspertlər iddia edirlər ki, universitetlərdə 10 mindən çox plan yeri boş qalacaq. Bu səbəbdən isə müəyyən ixtisaslar üzrə ballarda enmə müşahidə olunacaq.

 

Bəs bu yanaşmalar nə dərəcədə əsaslıdır? Həqiqətən də 10 min plan yerinin boş qalması mümkündürmü?

 

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

Mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis İlqar Orucovun sözlərinə görə bu fikirlər sadəcə olaraq iddiadır:

 

 “Plan yerləri barədə yekun qərarı Nazirlər Kabineti verir. Plan yerləri boş qalanda təbii ki, qəbul prosesində ballarda müəyyən qədər enmə müşahidə olunur. Hazırkı vəziyyətdə nə qədər plan yerinin boş qalacağı və balların aşağı düşəcəyi barədə konkret bir fikir söyləmək olmaz. Bununla bağlı müvafiq dövlət qurumları var. Həmçinin Dövlət İmtahan Mərkəzi bu prosesi tənzimləyir. İnanmıram ki, 10 minə yaxın plan yeri boş qalsın. Bu rəqəmi səsləndirmək də kifayət qədər məsuliyyət tələb edir. Amma bütünlükdə, plan yerlərində boşqalmalar olacaqsa, qəbul balları da düşəcək. Bu hər zaman belə olub”.

 

İ.Orucov qeyd edib ki, əsas məqsədimiz savadlı gəncləri universitetə cəlb etmək olmaldır:

 

“Balları aşağı salıb, bəzi ixtisaslarda 200-250 balı keçid balı olaraq, müəyyən etsək, bu, 5 ballıq qiymətləndirmə şkalasında “2-3” alan şagirdə bərabərdir. Təsəvvür edin ki, bir nəfər “2” qiyməti alaraq, universitetə qəbul olunub.

 

Əlbəttə ki, bu, keyfiyyətin aşağı düşməsi deməkdir. Amma biz gənclərimizin universitetə daxil olma imkanlarından, təhsilin əlçatanlığından danışırıqsa, burada bir qəbahət yoxdur. O da ola bilər ki, aşağı nəticələrlə ali təhsil müəssisəsinə qəbul olunan abituriyent təhsil aldığı müddət yüksək nəticələr göstərsin. Bu halların da şahidi oluruq”.

 

Müsahibimiz universitetdən keyfiyyətli kadrların yetişməsi üçün maraqlı təklif irəli sürüb:

 

“Tutaq ki, ali məktəbdə konkret ixtisasa 100 nəfər qəbul olunsun. Biz bu qapıları onlara açaq. Daha sonra isə həmin tələbələrin təhsil aldıqları müddətdəki göstəricilərini izləyək. Əgər bir ixtisasa 100 nəfər qəbul olunubsa, buraxılışda onlar içərisində yüksək nəticə göstərənlər məzun olsun. Bir çox təhsil ekspertinin hətta, ali məktəblərə qəbul ballarının yığışdırılması kimi fikirləri də var. Həmçinin, dünyada bu cür təcrübələr də mövcuddur.

 

Universitetdə təhsil almaq istəyən şəxslər müraciət edir, qəbul olduqdan sonra onların təhsil aldıqları müddətdəki nəticələrinə əsasən, onun universiteti bitirib-bitirməyəcəyi müəyyən edilir”.