Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 11:52:00
II və III qruplarda niyə 400 bal toplayan olmadı? - Səbəblər AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini dünən açıqladı.

 

Buraxılış imtahanlarında olduğu kimi, ll və lll ixtisas qrupu üzrə qəbul imtahanlarında da maksimum nəticə göstərən olmadı.

 

Bəs abituriyentlərin nəticələrinin aşağı düşməsinin əsas səbəbləri nələrdir?

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirib:

kamran-esedov-izleyicini-tehqir-etdi

 

“İlk növbədə qeyd edim ki, son üç il ərzində orta ümumitəhsil məktəblərinin nəticələrində geriləmələr müşahidə olunur. Bunun əsas səbəbi məktəblərin idarə olunması və tədrisin təşkilindəki axsamalarla bağlıdır. Həmçinin, Azərbaycan təhsili üç il öncə pandemiya sınağından keçdi. Bu da təhsilimizə xeyli ziyan vurdu. Çox təəssüf ki, tədris prosesində yaranmış nöqsanlar ali təhsil müəssilərinə qəbul imtahanlarında da özünü göstərdi. Biz ll və lll ixtisas qrupu üzrə açıqlanan nəticələri görəndə, tədris prosesindəki yaranmış boşluqların da şahidi olduq. Əvvəlki illərin nəticələrində - istər buraxılış, istərsə də blok imtahanlarında kifayət qədər yüksək nəticə göstərən abituriyentlər olurdu. Amma bu il həmin yüksək nəticələri görmədik.

Demək olar ki, hər il kifayət qədər yüksək nəticə göstərənlərin sayının çox olduğu liseylərin budəfəki nəticələri xeyli aşağı düşdü. Bu onu göstərir ki, son illərdə Elm və Təhsil Nazirliyinin təyin etdiyi yeni direktorlar liseylərin nəticələrinə mənfi təsir göstərib”.

 

Ekspert qeyd edib ki, ll və ll ixtisas qruplarının nəticələri bir-birindən fərqlidir:

 

Bir ixtisas qrupu humanitar fənləri, digəri isə texniki fənləri əhatə edir. ll ixtisas qrupu çox zaman nəticələrinin aşağı olması ilə diqqəti cəlb edib. Ötən illərdə də görürdük ki, bu ixtisas qrupundakı coğrafiya və riyaziyyat fənləri abituriyentlərin nəticələrinə kifayət qədər mənfi təsir göstərir. Bu fənlər müəyyən hesablama tələb etdiyinə görə, imtahan verənlər üçün böyük vaxt itkisinə səbəb olur və göstəricilər də aşağı düşür.

 

Amma lll qrup üzrə olan fənlər bir-birinə bilavasitə bağlıdır. Buna görə də nisbətən lll qrupda yüksək nəticə göstərənlər daha çox olur. Lakin buna baxmayaraq, abituriyentlərin göstəricilərini ötən illlərlə müqayisə etdikdə mənfiyə doğru getdiyini müşahidə edirik. lll ixtisas qrupunda ədəbiyyatla bağlı bir test tapşırığında şagirdlərdə kifayət qədər çaşqınlıq yarandı. Nəticələr açıqlananda gözləyirdik ki, həmin test tapşırığı abituriyentlərin xeyrinə qeyd olunacaq. Amma bu baş vermədi...".

 

Müsahibimiz vurğulayıb ki, abituriyentlərin nəticələrinə görə məktəblərə deyil də, repititorlara borcluyuq:

 

“Hazırda orta ümumitəhsil müəssisələrinin müəllimləri özlərini müəllim kimi yox, repetitor kimi ortaya qoyurlar. Onlar çalışırlar ki, repititorluq fəaliyyəti ilə daha çox məşğul olub, daha yaxşı gəlir qazansınlar...

Çox təssüflər olsun ki, Azərbaycan təhsilini repititorluq idarə edir. Biz bu gün əldə edilən nəticələri onlara borcluyuq. Məktəblərdə tədris çox aşağı səviyyədə təşkil olunur".

 

Ekspert bu il ixtisas qruplarında bal dəyişkənliyi olacağını qeyd edib:

 

“Bir məqamı da qeyd edim ki, bu il lll ixtisas qrupunda müəyyən ixtisaslar üzrə bal dəyişkənliyi müşahidə edəcəyik. Bir neçə ildir ki, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası ll qrupdan çıxarılaraq lll qrupa daxil edilib. Və hazırda abituriyentlər coğrafiya altqrupundan imtahan verərək bu ixtisasa daxil ola bilirlər. Hətta keçən il regionşünaslıq ixtisasına keçid dövlət universitetlərində 157 bal idi. Məhz buna görə də aşağı bal toplayan abituriyentlər həmin ixtisası seçə bilirdilər. Bu onu deməyə əsas verir ki, az bal toplayanlar kifayət qədər çox olduğundan sözügedən ixtisas üzrə bal artımı ola bilər. 

Təəssüf ki, biz abituriyentləri hər il yüksək nəticələrilə yox, aşağı göstəricilərlə ali məktəblərə qəbul edə bilirik. Və plan yerlərini doldurmaq məqsədini güdürük. Həmçinin, bu il ali təhsil ocaqlarına plan yerləri də kifayət qədər artacaqdır. Bu amil onu deməyə əsas verir ki, biz yüksək hazırlıqlı deyil, orta və aşağı səviyyədə abituriyentləri universitetlərə qəbul edirik. Onlar da əmək bazarına peşəkar deyil, diplomlu mütəxəsis olaraq gəlirlər. Qeyd edə bilərəm ki, abituriyentlərə artıq ali təhsil ocaqlarına hazırlaşmaq maraqlı gəlmir”.