Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 11:39:00
Məktəbə qayıqla gedib-gələn Səidə müəllimə: “Hər gün Kürdən keçməliyəm” - MÜSAHİBƏ+VİDEO

Uzun illərdir Kür çayının bir sahilindən digərinə qayıqla keçərək şagirdlərə bilik verməyə yollanır. Yorulmadan, özü də fədakarcasına çalışır.

 

Haqqında bəhs etdiyimiz müəllim Neftçala rayonunun “Mayak-2” kəndində yaşayan Səidə Qüdrətovadır.

Səidə müəllimə AzEdu.az saytının müsahibi olub.

Fədakar müəlim yaşadığı "Mayak-2" kəndindən işlədiyi Sübh Adası kəndinə getmək üçün əvvəlcə 2 kilometr məsafəni piyada qət edib Kür çayının sahilinə gəlir. Ardınca çayın sahilində onu gözləyən qayığına minir və qarşı tərəfə keçir. İstənilən hava şəraitində bu təhlükəli yolu tək gedən Səidə müəllimə heç nədən qorxmadığını bildirir. Təki Subh Adasındakı kənd ibtidai məktəbində şagirdləri dərslərdən geri qalmasınlar.
 

“Uzun illərdir dərs dediyim məktəbə qayıqla gedib-gəlirəm. Subh Adası kəndindəki ibtidai məktəbdə cəmi 3 şagird var. Hərəsində bir nəfər olmaqla birinci, ikinci və üçüncü siniflərdə dərs deyirəm. Bütün dərsliklər məktəb tərəfindən təmin olunur. İşimi sevirəm, hər gün qayığa minməsəm, darıxıram. Artıq 30 ildir çalışıram. Heç vaxt sudan qorxmamışam. Qışda qarda-yağışda islanmışam, soyuqda gedib-gəlmişəm, amma dərsdən qalmamışam”, - deyə müsahibimiz bildirib.

No description available.

Səidə Qüdrətova Kür çayını keçərkən ekstremal situasiyaya da düşüb:

“Bir dəfə - 2002-ci ildə qayığım deşilmişdi və həmin yer yamaq olunmuşdu. Kürü keçərkən yamanan yer axar suda yenidən zərər gördü və bir kürəyim suya düşdü. Həmin vaxt 2 kilometr məsafədə su ilə axdım. Sonra özümü ələ alıb sahilə çıxmağı bacardım”.

Müsahibimizin sözlərinə görə, son vaxtlar Kür çayının suyu azaldığından əziyyət çəkir:

“Bir kürəklə qışda, yağışda, qarda qayıq idarə etmək heç məni bu qədər yormamışdı”.

 

Zəhmətkeş müəllim uzun illərdir ona yoldaşlıq edən qayığından da söz açıb:

 

“Əvvəl şəxsi qayığım var idi. Bir gün böyük gəmi qayığımla toqquşdu və zərər dəydi. Hazırda həmin qayıq sahildə yararsız vəziyyətdə qalıb. İndi istifadə etdiyim qayıq şəxsən özümə məxsus deyil, başqa biri ilə ortaq şəkildə 550 manata almışıq. Adətən tək idarə edirəm qayığı. Ancaq keçmişdə öz övladlarıımı aparmışam. İndi onların artıq 19, 20, 23 yaşları var. O vaxt 2 kilometr piyada yol gedirdik”.

 

No description available.
Müsahibimiz adada onu əvəz edəcək başqa bir müəllim olmadığını da vurğulayıb:

 

“Məktəbin yerləşdiyi kənd ada olduğundan hər tərəfi sudur, başqa yol yoxdur. Bir tərəfindən bala Kür, digər tərəfindən isə ana Kür çayı axır. Mən 21 il orada – Sübh Adasında yaşamışam. Həm də 3 şagirdi olan həmin məktəbin direktoru olduğumdan bəzən rayon Təhsil şöbəsinə çağırılıram. Bu səbəbdən adada yaşamaq bir az çətin olar və yenidən oraya köçmək kimi bir planım yoxdur. Adada 22 ailə yaşayır, ancaq mənim əziyyətimi əvəz edə biləcək başqa müəllim yoxdur”.

 

Səidə müəllimə bildirib ki, ailəsi də ona hər zaman dəstək olur və onun fədakarlığı ilə fəxr edirlər:

 

“Yoldaşım və 3 oğlum mənimlə fəxr edir. Sevinirlər ki, ailənin qadını bu qədər zəhmətkeşdir. Mənim övladlarım analarının onları halal zəhmətlə böyütdüyünə görə qürurludurlar”.

Səidə Qüdrətova deyib ki, hazırda Kürü keçmək üçün istifadə etdiyi qayıq təkcə ona məxsusu olmadığından bir problemlə üzləşib:

“Qayıq yalnız mənə məxsus deyil, qayığın digər əsas sahibi balıq tutmaq üçün 10 günlüyə “Kürün ağzı”na gedəcək. Bu səbəbdən də mənim işim çətinləşəcək”.

Zəhmətkeş müəllimin şəxsi qayığı sınıb, onun təmiri üçün isə maddi imkanı yoxdur. Səidə Qüdrətova aidiyyatı qurumların bu məsələyə biganə qalmayacağına və ona dəstək göstəriləcəyinə ümid edir.