Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 15:32:58
AMEA-nın Ümumi yığıncağı keçirilib - YENİLƏNİB

AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

 

 

AzEdu.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

 

 

 

 

AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, hazırda elmin inkişafı dövlətin 2030-cu ilə qədərki müddəti əhatə edən inkişaf proqramlarında, rəsmi sənədlərində əsas strateji hədəflərdən biri olaraq qəbul edilir:

 

“Nəzərdə tutulan müddət ərzində elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü və kreativ düşüncəli gənclərin vaxtında elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması, texnologiyaların kommersiyalaşdırılması, innovativ inkişafda onların prioritetliyinə nail olunması planlaşdırılır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli”nin elan olunması və bu istiqamətdə Tədbirlər planının təsdiq edilməsi ümumən ölkə elmi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası qarşısında mühüm vəzifələr qoymuşdur. Akademiya üzrə “Heydər Əliyev İli”nin Tədbirlər planı təsdiq olunmuş və icrasına başlanılıb.

 

2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara start verilib. Bu islahatlar, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq üzrə elmi məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlib. Eyni zamanda, yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması, müstəqillik dövrü Azərbaycan tarixinin hazırlanması və 3 cilddə nəşr edilməsi, Azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, müasir dünya fəlsəfəsinin və hüquq elminin müxtəlif problemlərinin öyrənilməsi, sosiologiya, politologiya, psixologiya, o cümlədən şərqşünaslıq və qafqazşünaslıq sahəsində, eyni zamanda seysmologiya sahəsində tədqiqatların həyata keçirilməsi, müasir nəzəri prinsiplər əsasında iqtisadi tədqiqatların aparılması da diqqət mərkəzində saxlanılıb”.

 

İsa Həbbibəyli qeyd edib ki, hesabat ilində elmi idarəetmənin optimallaşdırılması üçün AMEA Rəyasət Heyətinin strukturunda mühüm dəyişikliklər edilib, müasir zamanın çağırışlarından irəli gələrək bir sıra yeni şöbələr yaradılıb:

 

Hesabat ilində elmi müəssisələrdə 192 problem, 517 mövzu üzrə 1593 elmi tədqiqat işi aparılıb, 152 mühüm elmi nəticə alınıb, 60 iş tətbiq olunub. Təsərrüfat müqavilələrinə əsasən 105 iş yerinə yetirilib, 6-sı xarici olmaqla 51 patent alınıb. AMEA əməkdaşları ümumi məbləği 7 milyon manatdan çox olan 29-u xarici alimlərlə birgə olmaqla 76 qrant layihəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetiriblər. 2022-ci ildə Akademiyanın alimləri tərəfindən 500-dən çox kitab və monoqrafiya, 3000-dən çoxu xaricdə (bunlardan 1000-ə yaxını “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) olmaqla 9000-dən artıq məqalə və tezis nəşr etdirilmişdir. Elmi işçilərin əsərlərinə 26500-dən çox istinad olunmuşdur. AMEA-nın elmi müəssisələri sənayenin, kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının, incəsənət və mədəniyyətinin, səhiyyənin inkişafına, Azərbaycanın tarixi və dilinin araşdırılmasına, qorunub saxlanılmasına xidmət edən, sosial məsələləri əhatə edən 20 dövlət proqramının icrasında iştirak etmişdir. Dövlət proqramlarının icrası ilə əlaqədar AMEA-da görülmüş işlər haqqında yarımillik və illik hesabatların aidiyyəti üzrə müvafiq nazirliklərə və digər dövlət qurumlarına, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilməsi təmin olunub”.

 

AMEA-nın 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı müzakirə edərək, AMEA üzvlərinin çıxışlarındakı təklif və tövsiyələri nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında bir qərarlar alınıb:

 

1. AMEA-nın 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilsin.

2. AMEA-nın 2022-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab edilsin.

3. AMEA-nın Rəyasət Heyətinə tapşırılsın:

3.1. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev” İli elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli sərəncamlarının icrası ilə bağlı Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin, keçdiyi şərəfli həyat yolunun və çoxşaxəli titanik fəaliyyətinin tədqiqi və təbliği AMEA-nın 2023-cü ildə başlıca vəzifəsi müəyyən edilərək bu istiqamətdə peşəkar tədqiqatların aparılması, AMEA Rəyasət Heyətinin müvafiq qərarları əsasında elmi, elmi-təşkilati, elmi-mədəni tədbirlərin icrası, həmçinin fundamental kitabların, monoqrafiyaların, məqalələrin nəşri təmin edilsin;

3.2. “Heydər Əliyev Ensiklopediyası”nın nəşri ilə bağlı işlər nəzərdə tutulmuş qrafik üzrə davam etdirilsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın elmi fəaliyyət sahəsinə aid müddəalarının AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətində rəhbər tutulması, Strategiyanın Tədbirlər planında AMEA-nın icraçı olduğu bəndlərin həyata keçirilməsi təmin edilsin;

3.4. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı Dövlət Proqramının Tədbirlər planında elmi fəaliyyət sahəsinə aid tədbirlərin icrası, həmçinin Qarabağın bərpası ilə bağlı dövlət siyasətində AMEA-nın yaxından iştirakının təmin edilməsi, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, arxeоlоgiyası, folkloru və etnoqrafiyasının, iqtisadiyyatının, təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin, seysmoloji vəziyyətinin öyrənilməsi ilə bağlı kompleks tədqiqatların aparılması təmin edilsin, müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim edilsin;

 

3.5. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 06 dekabr 2022-ci il tarixli Sərəncamının icrasından irəli gələrək Şuşa şəhərinin tarixi, arxeologiyası, maddi mədəniyyət abidələri, qeyri-maddi mədəni irsi, incəsənəti, türk dünyasında yeri və əhəmiyyəti ilə bağlı tədqiqatlar İctimai və Humanitar elmi bölmələrin institutlarının fəaliyyət proqramlarına daxil edilsin və onların icrası təmin edilsin;

3.6. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə müəyyənləşdirdiyi vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının fəaliyyəti çərçivəsində nəzərdə tutulan elmi, elmi-təşkilati, ideoloji, struktur-inzibati və s. tədbirlərin həyata keçirilməsi təmin edilsin, bu istiqamətdə aparılmış tədqiqatların ən mühüm elmi nəticələri xarici dillərə tərcümə edilərək beynəlxalq miqyasda yayılsın;

3.7. Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyası arasında elmi əməkdaşlığın genişləndirilməsi, xüsusən, ictimai və humanitar elmi istiqamətlər üzrə birgə tədqiqatların, digər elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi təmin edilsin;

3.8. Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə AMEA-nın müvafiq humanitar və ictimai elmi müəssisələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə elmi tədqiqatların aparılması istiqamətində tədbirlər həyata keçirilsin;

3.9. Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu (TÜBİTAK) ilə AMEA arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və AMEA-nın elmi jurnallarının Türkiyənin Ulakbim-Dərgi Park elektron baza reyestrinə daxil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilsin;

3.10. Azərbaycan Milli Elmlər Akademiyasının Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA) üzvlüyündən irəli gələrək hər iki elmi qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilsin və AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) layihə və tədbirlərində iştirakına xüsusi diqqət yetirilsin;

3.11. Azərbaycan Respublikası Prezidentinin qeyd olunan və digər fərman, sərəncam və tapşırıqlarının icrası barədə məlumatların “Dövlət nəzarəti informasiya sistemi”nə yerləşdirilməsi işləri davam etdirilsin;

3.12. AMEA-nın ictimai və humanitar elmi müəssisələrində müxtəlif elmi problemlərin öyrənilməsi ilə bərabər, görkəmli tarixi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin, ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin, xidmətlərinin tədqiqi prioritet elmi istiqamətlərdən biri olaraq institutların plan işlərinə daxil edilsin və bu istiqamətdə multidissiplinarlığın təmin edilməsi üçün problemin tədqiqi üzrə elmi müəssisələr arasında qarşılıqlı əlaqələr gücləndirilsin;

3.13. Prioritet istiqamətlər üzrə aktual elmi problemlərin həlli, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində tədqiqatların aparılmasını nəzərdə tutan elmi proqramların məqsədli maliyyələşdirilməsi və bu mexanizmin təkmilləşdirilməsi işi həyata keçirilsin;

3.14. Elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, AMEA-da yüksəkixtisaslı kadr hazırlığı sahəsində fəaliyyətin təkmilləşdirilməsi, magistr və doktorant hazırlığı prosesinə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda doktorant və dissertantların dissertasiya işlərinin vaxtında başa çatdırılması istiqamətində tədbirlər görülsün;

3.15. AMEA-da gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və onların elmə həvəsləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilsin, elmi fəaliyyət sahəsində fərqlənən gənc alimlərin mükafatlandırılması təmin olunsun;

3.16. AMEA-nın elmi tədqiqat müəssisələrində Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) işlənilsin və həmin sistemə Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri və mütəfəkkirlərinə həsr olunan tədqiqatlar, əməkdaşların elmi yaradıcılıq nailiyyətləri, nəşrləri, tərtib olunmuş lüğətlər, institutların fəaliyyətini KİV-də və sosial şəbəkələrdə işıqlandıran seçilmiş məlumatlar, o cümlədən video resurslar və s. toplanılsın;

3.17. AMEA elmi tədqiqat müəssisələrinin, əməkdaşlarının və elmi jurnallarının Google Akademiya (Google Scholar) bazasında korporativ və fərdi profillərinin yaradılması və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi və əlaqələndirilməsi təmin edilsin;

3.18. Əqli Mülkiyyət Agentliyi ilə birgə ödəniş müddəti bitmiş patentlərdən istifadə olunması üçün müvafiq elektron bazanın yaradılması təmin edilsin;

3.19. Yüksək effektivliyə malik funksional materialların yaradılması və tətbiqi, süni intellekt texnologiyalarının, rəqəmsal transformasiyalar şəraitində cəmiyyətin kibertəhlükəsizliyi və dayanıqlılığının təmin olunması, enerji təhlükəsizliyinin və enerjiçevirmə proseslərinin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi, metod və alqoritmlərin işlənməsi, nüvə və yüksək enerjilər fizikası istiqamətində tədqiqatlar genişləndirilsin;

3.20. Ekzogen geoloji proseslər, hərbi əməliyyatlar, səmərəsiz istifadə və antropogen təsirlər səbəbindən baş vermiş deqradasiya, radioaktiv və kimyəvi çirklənmənin mənbələrinin aşkarlanmasına yönəlmiş radioloji və radioekoloji tədqiqatların təşkili, o cümlədən bərpa olunan enerji mənbələrindən (hidroenerji, geotermal enerji və bioenerji), hidrogen texnologiyasından, enerjinin saxlanılması və hidroakkumulyasiya tədbirlərindən istifadə perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi təmin edilsin;

3.21. Yüksək seysmik fəal zonada yerləşən Azərbaycan Respublikasının ərazisində seysmik proseslərin vətəndaşların həyatına, ölkə iqtisadiyyatına mümkün təsiri nəzərə alınmaqla, seysmoloji tədqiqatların genişləndirilməsi, o cümlədən geoloji tektonik plitələrin hərəkət istiqamətləri və sürətinin öyrənilməsi, Qafqazın seysmotomoqrafiyası, palçıq vulkanlarının seysmoloji və geofiziki üsullarla monitorinqi istiqamətində tədqiqatlar davam etdirilsin, Azərbaycanda seysmoloji telemetrik, qravimetrik və maqnitometrik stansiyalar şəbəkəsinin inkişafı üçün tədbirlər görülsün, seysmologiya üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri tədbirlər həyata keçirilsin;

3.22. Azərbaycanda növbəti illərdə biologiya, aqrar, ekologiya, tibb sahələrində elmi fəaliyyətlərin aşağıdakı istiqamətlərinin prioritetliyinin nəzərə alınmasının vacibliyi ilə bağlı lazımi tədbirlər görülsün;

 ərzaq və qida təhlükəsizliyi, su resurslarından səmərəli istifadə, insan sağlamlığı və biotəhlükəsizlik problemlərinin həllində rəqəmsal, bio-, nano- və postgenom texnologiyaların və süni intellektin tətbiqi;

 Azərbaycan populyasiyasının və patologiyaların molekulyar-genetik tədqiqinin, biotibbi, neyrobioloji və herantoloji tədqiqatların genişləndirilməsi.

3.23. Beynəlxalq cəmiyyətlərə və assosiasiyalara üzvülük məsələsinə diqqət artırılsın. AMEA alimlərinin beynəlxalq proqram və layihələrdə iştirak fəallığı yüksəldilsin, birgə elmi tədqiqatların aparılmasına diqqət daha da artırılsın;

3.24. AMEA-da elmin müasir inkişafının təmin edilməsi, strukturunun təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı islahatların davam etdirilməsi təmin edilsin;

3.25. Elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə avadanlıqların alınmasını və kadr hazırlanmasını nəzərdə tutan xüsusi qrantların təsis olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilsin;

3.26. AMEA-nın fəaliyyətinin mütəmadi olaraq kütləvi informasiya vasitələrində, o cümlədən telekanallarda işıqlandırılması, elmi nailiyyətlərinin təbliğ olunması və görkəmli alimlərin iştirakı ilə verilişlərin təş¬kili təmin edilsin;

3.27. Akademiya əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilsin;

3.28. Qərarın icrasının təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilsin.

4. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilsin.