Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 14:33:03
Məleykə Abbaszadə mənə niyə əzizdir?

Nəsillər bir-birini əvəz edir. Xələflər sələflərin - Anar Rəsul Rza və Nigar Rəfibəylinin, Elçin İlyas Əfəndiyevin, Vaqif Səmədoğlu Səməd Vurğunun, Elçin Şıxlı İsmayıl Şıxlının, Yalçın Adıgözəlov Vasif Adıgözəlovun - yolunu davam etdirir, familiyasını yaşadır. Siyahını uzatmaq da olar. Bəzən yerlər də səhv düşür. Sələfləri xələflərə görə tanıyırlar, yad edirlər. Əlbəttə ki, bu müsbət tendensiyadır. İnkişafın göstəricisidir. Hər dəfə onları televiziya kanallarında göstərəndə ataları, anaları, ailələri yadıma düşür. Gözümü açıb onları görmüşəm. Mənim özümü də görəndə bəzən çaşıb Qabil deyə çağırırlar. Bu mənə xüsusilə ləzzət edir.

Adi həyatda da belədir. Bunun üçün tanınmış olmaq lazım deyil. Ona görə Allah oğul payı verəndə xüsusilə toy-bayram olur. Nəslin davamçısı oğlan sayılır axı. Amma nəsildə elə qızlar dünyaya gəlir ki, yüz oğula bərabər olur. Qarabağ xanlarının – Cavanşirlərin nəslindən olan, İbrahim bəy Davatdarovun, daha sonra Cəlil Məmmədquluzadənin həyat-gün yoldaşı Həmidə xanım son gününəcən bu familiyanı daşıdı – Həmidə Cavanşir olaraq qaldı və öldü.

Və ya Xurşudbanu Natəvan. Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Aynur Sofiyeva və tanımadığım yüzlərlə qadın atasının familiyasını daşıyır, nəslini davam etdirir. Şəxsən mənim böyük qızım Suğra da ərə getməyinə baxmayaraq babası şair Qabilin familiyasını dəyişmədi. Mənə çox xoş oldu. Axı, mənim oğlum yoxdur. Deyəcəksiniz ki, axı oğulun ya qızın ata-baba familiyasını daşımasında qeyri-adi nə var ki? Və ya bütün bunların Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə nə əlaqəsi?

QONŞUMUZ HÜSEYN ABBASZADƏ

Bizim həyət – Hüsü Hacıyev küçəsi, ev 19 “Yazıçıların binası” kimi tanınırdı. Sanki canlı muzey idi. Qasım Qasımzadə, İsa Hüseynov, Əhməd Cəmil, Əyyub Abbasov, Mübariz və Zinyət Əlizadələr, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Mirmehdi Seyidzadə, Zeynal Xəlil, İlyas Əfəndiyev, Elçin, İsi Məlikzadə, Kamal Talıbzadə, Abdulla Şaiq, Salam Qədirzadə, Əkbər Ağayev, Çəmənzəminlilər, İsmayıl Şıxlı, Sabir Şıxlı, Bayram Bayramov, Qabil, Əmir Mustafayev, Məsud Əlioğlu, Afaq Məsud və ən nəhayət xalq yazıçımız Hüseyn Abbaszadə.

Bizdən bir mərtəbə aşağıda – 3-cü qatda  yaşayırdılar. Həyat yoldaşı Solmaz xala, oğlu İlqar, qızı İradə. 7-8 yaşım olardı. Atam Hüseyn əmigilə düşürdü. Nəsə söhbəti vardı. Hüseyn Abbaszadə onda “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyirdi. Oğlu İlqar isə Moskva Dövlət Universitetində oxuyurdu. Mən də düşdüm yanına. İçəri girdik. Solmaz xala çay gətirdi. Hüseyn əmi mənə “Qabiloviç, necəsən?” deyib başladı atamla yaradıcılıq  söhbətlərinə. Mən də ağzımı açıb qulaq asırdım. Heç nə başa düşmürdüm. Sadəcə uşaq yaddaşıma həkk edirdim. İndi – 50  yaşında köşə yazılarımda karıma gəlir.

Solmaz xala isə o yana, bu yana keçirdi. Sanki uçmağa qanadı yox idi. Səbəbin bilmirdim. Sadəcə tamaşa edirdim. Servantın şüşəsinə qəşəng bir qız şəkli yapışdırmışdılar. Uzun, qara saçları vardı. Yaxına gedib tamaşa etməyə başladım. Elə bil Solmaz xala bunu gözləyirdi. Şəkli əlinə alıb sevincək atama yaxınlaşdı:

-  Qabil, şəklə bax?! Gör nə gözəl-göyçək gəlinim var? Adı da Məleykədir. O gün olsun Mahirdən görəsən. Gəlin gətirəsən. Bu yaxında da toydur.

İlqarın toyu ərəfəsindəydik. Evin tək uşağı olduğumdan məni də aparacaqdılar. Sevinirdim.

SOLMAZ XALAYA NƏ OLDU?

Toy oldu. Üstündən bir müddət keçdi. Dünyaya əkiz qız uşaqları gəldi. İlqarın ayrıca evi vardı. Onu gec-gec görürdük. Sonralar isə tez-tez görünməyə başladı. Bir gün isə qonşudan qışqırıq səsi eşidildi. Hüseyn əmigilin kandarında bir gəlin dayanmışdı. Qapını döyürdü. Solmaz xala qapını açıb rusca nəsə qışqırdı. Qapını çırpdı. Yadıma gəlmir nə dedi. Amma yaman əsəbi idi. Gəlin isə özünü çox  mədəni, təmkinli apardı. Mənə Solmaz xalanın hərəkəti adi gəldi. Anamla atam gündə 10 dəfə dalaşıb, 11 dəfə barışırdılar. Amma demə bu dalaşmaq o dalaşmaqdan deyildi. Toydan əvvəl gəlininin şəklin ürəyinin başında gəzdirən Solmaz xalaya nə olmuşdu? Bilmirəm. Aralarından hansı qara pişik keçmişdi? Onu da bilmirəm. Ümumiyyətlə, başqalarının şəxsi işinə qarışmaqla aram yoxdur. Sadəcə haşiyə çıxdım. Məqsədim başqadır.

İLQAR ABBASZADƏNİN AİLƏSİ DAĞILDI

Bir gənc sovet ailəsi dağılmışdı. Bundan əvvəl qonşumuz  Əkbər Ağayevin iki oğlu – Məmməd və Elman, o biri qonşumuz Eyvaz Vəliyev də boşanmışdılar. Bu, bir ailə kimi yaşayan qonşuları da yaman incidirdi. 

Sonra İlqar Abbaszadə işləmək üçün Amerikaya getdi. (İndi də xaricdədir). Amma iki qız nəvə mütəmadi baba və nəvələrini ziyarət edirdi. Atalarının familiyalarını daşıyırdılar. Daha sonra Solmaz xala rəhmətə getdi. Qızı İradənin əri isə xarici vətəndaş olduğundan Türkiyəyə köçdü.

Hüseyn Abbaszadə tək qaldı. Bir qohumu ona qulluq edirdi. Bir müddətdən sonra Hüseyn əmi də rəhmətə getdi. Səhv etmirəmsə oğlu İlqar dəfnə gələ bilməmişdi. Qızı İradə isə atasının ölümündən sonra evi satıb birdəfəlik Azərbaycanı tərk etdi. Abbaszadələr Azərbaycanı tərk elədi. İkisi haqq dünyasına, ikisi də xaricə.


İqtidaryönümlü qəzetləri çox maraqla oxuyuram. Birinci və axırıncı səhifələrini. Birincidə prezident sərəncamları, sonda isə başsağlıqlar. Həmin günlərdə xalq yazıçısı Hüseyn Abbaszadənin vəfatıyla bağlı ümumi başsağlıqlar oldu. Yeganə konkret başsağlığını isə Məleykə Abbaszadəyə vermişdilər: “Qaynatası Hüseyn Abbaszadənin vəfatı münasibətilə” gəlinə başsağlığı. Oğula, qıza yox. Gəlinə başsağlığı.


Televizora baxıram. DİM-in sədri Məleykə Abbaszadəni göstərirlər. Bu gün də bir zaman ayrıldığı ərinin, qayınatasının, onu yola verməyən qayınanasının familiyasını – Abbaszadə soyadını daşıyır. Görkəmli ictimai xadimdir. Nənədir. Onu hər görəndə qonşu Abbaszadələr yadıma düşür. Daha doğrusu keçmiş qonşularımız Abbaszadələr: Hüseyn, Solmaz, İlqar, İradə. Fikrə gedirəm: Demə heç bir qan qohumluğu olmayan gəlin də nəsli, familiyanı yaşadarmış. Sələflərə xələf olarmış. 


Televizorda veriliş davam edir. Məleykə Abbaszadə mətbuat konfransı keçirir. Gözüm ekrandadır. Qulaqlarımda isə Solmaz xalanın illər öncə dediyi sözlər:

“Qabil, şəklə bax?! Gör nə gözəl-göyçək gəlinim var? Adı da Məleykədir. O gün olsun Mahirdən görəsən. Gəlin gətirəsən. Bu yaxında toydur”.


P.S.
Bu gün Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin (Mustafayeva) yubileyidir – 70 yaşı tamam olub.


Mahir Qabiloğlu