Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-27 09:00:00
2022-ci ilin ən önəmli təhsil hadisəsi nə oldu?– “Nəticə heç də yaxşı alınmadı”

 

Artıq 2022-ci ilin sona çatır. Bu il təhsil sahəsində bir çox yeniliklər, uğurlu işlərlə yanaşı, müəyyən problemlər, təhsil müəssisələrində yaşanan neqativ hallarla da yadda qaldı.

 

Bir çox neqativ hal, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılsa da, bəzi məsələlər hələ də öz həllini gözləyir.

 

Bəs yeni ilə nə kimi ciddi təhsil problemlərilə daxil oluruq? Növbəti ildə ilk olaraq hansı məsələlərə diqqət yönəldilməlidir?

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında geridə qoyduğumuz ildə təhsil sahəsində görülən işləri dəyərləndirib:

 

“2022-ci il ölkəmizdə təhsil sahəsində çox əlamətdar bir il oldu. İllərdir bizdə təhsilin vəziyyətilə bağlı hesabatlılıq yox idi. Diaqnostik qiymətləndirmə aparılmışdı, amma onun nəticələrilə bağlı hər hansı addım atılmamışdı. Azərbaycan təhsilində ilk dəfə müəllimlərin qiymətləndirilməsi sertifikasiya nəticəsində mümkün oldu. Bu vasitə ilə biz mövcud vəziyyəti analiz etmiş olduq, nəticə isə heç də yaxşı olmadı. Amma bu sınaqda uğurla çıxanların maaşlarına müvafiq olaraq 35% və 10% əlavələr edildi. Bu səbəblə düşünürəm ki, geridə qoyduğumuz ilin təhsildə ən əlamətdar hadisəsi sertifikasiya oldu. Sertifikasiya prosesi bir keyfiyyət göstəricisidir. Əgər öyrədən keyfiyyətli deyilsə, öyrənənin keyfiyyətindən bəhs etmək çətin məsələdir”.

 

Mütəxəssis vacib addımların atılması üçün ilk olaraq keyfiyyət göstəricisinin ölçülməsinin vacibliyini vurğulayıb:

 

 

“2023-cü ildə də biz aktual olaraq müəllim və direktorların keyfiyyətinin ölçülməsi məsələsinə fokuslanmalıyıq. Nəticədə təhsildəki vəziyyətimizi dəqiq müəyyən edə, bu istiqamətdə müəyyən addımlar ata, islahatlar apara bilərik. Amma ilk olaraq keyfiyyət və kəmiyyət dataları toplanmalıdır ki, müəyyən fikir yürütmək mümkün olsun. Müəllimlərin, direktorların, direktor müvainlərinin, Regional Təhsil İdarələrinin rəhbərlərinin fəaliyyəti həmin datalar əsasında qiymətləndirilməli, avtonomiya artmalı, nəzarət gücləndirilməlidir”.

 

Q.Məhərrəmov zaman-zaman yaşanan neqativ hallar və onların həlli üçün görülən işlərdən söz açıb:

 

“Növbəti ildə təhsil sahəsində həllini gözləyən problemlərin siyahısında ilk yerdə qeyd etdiyim məsələ durur. Avtonomiya ona görə artmalıdır ki, insanlar sərbəst hərəkət edə, yaradıcılıqlarını, fərqli yanaşmalarını ortaya qoya bilsinlər. Sinifdə, məktəbdə, şəhərdə, regionda liderlik etməyi bacarsınlar, sadəcə vəziyyəti idarə etməklə kifayətlənməsinlər. Nəzarətin gücləndirilməsi isə ona görə mühimdir ki, hələ də etibar, güvənlə bağlı müəyyən problemlər var. Etibarı zədələyən əsas məsələlər rüşvət, korrupsiya, vəzifədən sui-istifadə kimi hallardır ki, zaman-zaman bunların şahidi oluruq. Qeyd edilən halların qarşısının alınması üçün də lazımı addımlar atılır. Bu istiqamətdə vəzifədən uzaqlaşdırılanlar, cinayət məsuliyyətinə cəlb olunanlar var. Bunlar yoxlama və nəzarətin gücləndirilməsi baxımından müsbət hallardır”.

 

Mütəxəssis sertifikasiya prosesinin müstəqil şəkildə keçirilməsinin, ildə bir dəfə icbari təşkilinin daha məqsədəuyğun hesab edildiyini bildirib:

 

“Növbəti ildə sertifikasiya prosesi davam etməli, bütün fənn müəllimləri bu prosesə cəlb edilməlidirlər. Amma prosesin keçirilməsində sərbəstlik olmalıdır. Yəni kim əmək haqqının yüksəlməsini istəyirsə, onlar iştirak etsinlər. İldə bir dəfə isə icbari sertifikasiya keçirilə bilər. Amma prosesdən keçə bilməyənlər üçün bu yolun sonu deyil. İnsanlar həyəcan və müəyyən texniki səbəblərə görə səhv edə bilərlər. Həmin şəxslər növbəti dəfə prosesdə müstəqil şəkildə iştirak edə bilməlidirlər. İmtahan sualları və imtahan aləti standartlaşmalıdır. Müəllimlər 3-5 aydan bir bu prosesdə iştirak edə bilməli, uğurla keçənlər isə 5 il müddətində bu prosesdən azad olmalıdırlar. Hesab edirəm ki, belə olan təqdirdə rəqabətli mühit formalaşacaq, insanlar keyfiyyətin yüksəldilməsi, bilik və bacarıqların artırılması üçün çalışacaqlar. Bununla yanaşı imtahan alətinin, sualların təkmilləşdirilməsi də vacib şərtdir”.

 

“Bu prosesdən keçən insanların imtahan zamanı komputerin yaxşı işləməməsi, bəzilərindən istifadəyə ümumiyyətlə icazə verilməməsi kimi hallar səsləndirilirdi. Ümid edirəm ki, bu kimi hallar yaşanmaz. Ən kiçik mənfi hal belə ümumi işin keyfiyyətinə kölgə salır ki, bu arzuolunan deyil”-deyə, o bildirib.