Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-29 13:38:00
Dərsliklərdəki problemlər, nələr dəyişməlidir?-Ekspertlərin SİSTEMLİ təhlili


AzEdu təhsil portalının nəzdində fəaliyyət göstərən Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzində ekspert və ziyalıların iştirakı ilə keçirilən görüşdə dəsrliklərin keyfiyyətinin artırılması üçün bir çox zəruri təkliflər irəli sürülüb.

 

Həmin təkliflər Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi tərəfindən sistemləşdirilib.

 

AzEdu.az onları təqdim edir:

 

Tarix və Zəfər tarixi ilə bağlı zəruri vəsaitin müəllifi Cahid İmanov dərsliklərlə bağlı vacib təklifləri diqqətə çatdırıb:

 

Hazırda dərs dediyim 10- cu siniflərə verilməli olan dərsliklərin yarısı təmin edilməyib. Təkcə bu fakt onu deməyə əsas verir ki, dərslik siyasəti düzgün qurulmayıb. Bu isə təhsilin bütün sonrakı prosesini ciddi surətdə pozur. Sual oluna bilər ki, şagirdlərin dərsliklərlə gec təmin olunmasının səbəbləri hansılardır. Fikrimcə burada əsas cavab-bəhanə nəşriyyatların işi vaxtında çatdırmaması ola bilər. Bəs elə isə, dərslikləri çapa daha tez vermək olmazmı ki, nəşriyyatlar da normal iş rejimi ilə işləyib vaxtında çap işlırini bitirsinlər?

 

1. Dərsliklər hər dərs ilindən ən azı 6 ay əvvəl məktəb kitabxanalarına çatdırılmalıdır ki, metodistlər və müəllimlər dərsliklə tanış olub növbəti dərs ilinə qədər yeni mövzuları və məlumatları mənimsəyə bilsinlər.

2. Hər sinif üzrə dərsliyin müəllifləri ayrı olmalıdır, onlar paralel surətdə iki, üç dərsliyin müəllifliyini aparmasınlar

 

3. Birbaşa Təhsil Nazirliyinin tərkibində hər fənn üzrə dərsliyə cavabdehlik daşıyan elmi-metodiki şöbə, şöbənin bir-neçə daimi ştatlı işçisi və məsul şəxs olmalıdır. Şöbə işçiləri xarici təcrübəni öyrənməli, dərsliyin metodiki və elmi məsələlərini daimi olaraq dərslik müəllifləri ilə müzakirə etməlidirlər.

 

4. Dərslik müəlliflərinin seçilməsi birbaşa Təhsil Nazirliyinin təyin edilməsi ilə olmalıdır, yəni Təhsil Nazirliyi tender yolu ilə "ən yaxşı dərsliyi" seçməməli, ən yaxşı mütəxəsisi-müəllifləri dərsilk yazmaq üçün seçməlidir

 

5. Nəşriyyatlar yalnız Təhsil Nazirliyinin onlara təqdim etdiyi hazır "çap məhsulları" əsasında dərsliyi çap etməlidirlər.

 

Tanınmış müəllim, Ədəbiyyata aid dərsliyin müəllifi Nizami Hüseynov təkliflərini səsləndirib: 

 

1.Dərsliklərin lazımsız məlumatlarla doldurulmasının əsassız və şagirdlər üçün yorucu xarakter daşıyır.

 

2.Dərsliklər lazımi məlumatlara üstünlük verərək şagirdlərin əsas informasiyaya yönəlməsinə səbəb olmalıdır.

 

3.Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində hansısa nəşriyyatın isə  yaradılmasına qəti şəkildə ehtiyac yoxdur. Ən vacibi fəaliyyətdə olan nəşriyyatların inkişafı və onların dərslik siyasətlərinin yenilənməsidir.

 

İnformatika dərsliyinin müəllifi Tural Sofiyev dərslik siyasəti ilə bağlı təkliflərlə çıxış edir:

 

1.Dərsliklərin standartları müəyyənləşməli və onlara uyğun olaraq çap məhsullarının istehsal edilməsinə start verilməlidir.

 

Təhsil Şurasının nümayəndəsi, tanınmış pedaqoq Arif Gürşadoğlu təkliflərini həll olunması üçün diqqətə çatdırır:

 

1.Dərsliklərin yazılmasında əsas problemin bu işin Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməməsində görüb.

 

2.Elm və Təhsil Nazirliyi ilə DİM arasında münasibətsizliyin qurbanı abituriyentlərdir. İki qrum arasında intriqa illərdir davam edir. Lakin bu heç kimə xeyir gətirmir, iki qurum birləşməlidir, yoxsa problem qalıcı olacaq.

 

3.Elm və Təhsil Nazirliyi ilə DİM arasında münasibətsizliyin qurbanı abituriyentlərdir.

 

4. Dərsliklərin ictimai müzakirəsi zamanı obyektivlik maksimum dərəcədə qorunmalıdır.

 

5. Bütün nəşriyyatlara, eləcə də bütün müəlliflərə eyni yanaşılmalı və eyni şərait yaradılmalıdır...

 

6. Yekun rəy müstəqil ekspertlər qrupunun rəyi nəzərə alınmaqla verilməlidir.

 

7. Hər fənn üzrə hər sinif bir müəllif komandası tərəfindən işlənməlidir.

 

8. Bütün fənnlər üzrə müəlliflər arasında alimlər və orta məktəb müəllimləri birlikdə işləməlidirlər.

 

9. Bu gün dərsliklərdə olan problemlər aradan qaldırılana qədər bu məsələ aidiyyəti üzrə Dövlətin nəzarətində olmalıdır...

 

Araşdırmaçı jurnalist Məzahir Məmmədli təkliflərini irəli sürür:

 

 1.Elm və Təhsil Nazirliyinin bir dərslikp üçün ayırdığı tenderdə əldə olunan pula böyük və modern nəşriyyat yaratmaq olar.

 

2.Dərslik monopoliyasının formalaşmasının əsas səbəblərindən birinin nazirliyin şəxsi nəşriyyatının olmamasındadır.

 

3.Nazirlik nəşriyyat yaradaraq dərslik monopoliyasının qarşısını almalıdır”.

 

4.Bir zamanlar nazirliyin “Marif” nəşriyyatı yaradılmışdı. İndi də bu təcrübədən yararlanılmalıdır.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Fəxrəddin Yusifov dərsliklərdə nə kimi dəyişiklərin olmasını təkliflər əsasında irəli sürür:

 

1.Elm və Təhsil Nazirliyi nəşriyyatlarla müqavilə bağlayaraq dərslik sahəsində baş verən monopoliyaların qarşısını almalıdır.

 

2.Düşünürəm ki, dərsliklərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı olan məsələlərdə  məzmun formalaşmasına xidmət edən proseslərə baxmaq daha effektiv yol olacaq.

 

3.Dərslik materialları layihələr formasında təqdim edilməlidir. Onların monitorinqi aparılmalı və  monopoliyadan qurtulması istiqamətində  ciddi qabaqlayıcı işlər görülməlidir. Bütün fənlər üzrə monitorinqlərin aparılmasına  ehtiyac var. Bu gün ölkəmizdə savadlı və kadr baxımından inkişafa meyilli şəxslərin sayı artıb. Monopoliyaların daha da geniş miqyas almasına imkan verməyəcəyik. Çünki layihələr formalaşdıqdan sonra müəlliflərin hər biri süzgəcdən keçiriləcək.

 

4.Yaradılan pedaqoji prinsiplərə yenidən baxılmalıdır. Burada şagird və nəticəyönümlülük kimi məsələlər nəzərə alınmalıdır. Vətənpərvərlik və azərbaycançılıq ideyaları geniş şəkildə təbliğ edilməlidir. Nazirlik bunun üçün ekspert və mütəxəssislər toplamalı, bütün fənlərin ümumi prinsiplərinin nələrdən ibarət olması ilə bağlı real faktlara üstünlük verməlidir.

 

5.İnkişaf edən nəşriyyatların olması çap işlərinin keyfiyyətinə, dizayn məsələlərinə kömək edəcək. Nəşriyyatlarla müqavilənin bağlanması dərslik yazılması  üçün vacibdir. Burada daha yaxşı müəlliflərin seçilməsi üçün geniş imkanlar formalaşacaq, bu ənənəyə qayıtmaq lazımdır. Burada yenə də əsas rol Elm və Təhsil Nazirliyinin üzərinə düşməlidir.

 

6.Monopoliyanın qarşısı kəsilməsə, yeni təfəkkür tərzinə formalaşa bilinməyəcək. Məktəblərdə 5-11-ci siniflərdə eyni insanlar dərsliklərin müəllifi qismində çıxış edirlər. Belə olduqda eyni müəllif öz təfəkkür tərzi ilə məsələyə yanaşacaq. Bu istiqamətdə məhdudiyyət qoyulmalıdır, bir müəllim kollektivi yalnız bir dərslik üzərində işləməlidir.

 

7.Erməni tarixi ilə bağlı məlumatlar dərsliklərdə yer almalıdır, bizim onlara cavab vermə imkanımız olsun.

 

8.Biz erməni tarixini gizlətməli yox, onu öyrətməli, Cənubi Qafqazda olan proseslər haqqında məlumat verməliyik. Bu istiqamətdə dərsliklərdə informasiyalar yer almalı və onlar şagirdlərə ötürülməlidir.

 

Şair Qəşəm Nəcəfzadə AzEdu Təhsil Portalının nəznində yaradılan “Dərsliklərin müstəqil monitorinqi mərkəzi”də dərsliklərin yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış edib:

 

1.Dərsliklər getdikcə bərbad vəziyyətə düşür, ədəbiyyat dərslikləri ən gənc şair kimi yalnız Ramiz Rövşəni tanıyır, ondan sonra heç kimin adı çəkilmir. Ədəbiyyat kitablarımız 1980-1990-cı illəri unudur. Belə çıxır ki, bizim şair nəslimiz kəsilib?  Bu gün filologiya fakültələrimiz 2000-2010-cu illəri də kitablarımıza salmalıdır. Nüsrət Kəsəmənli bizim gənc şairlərimizdəndir.

 

2.Dərsliklərdə uydurma müəlliflərin sayı çoxdur, nəşriyyatlar özlərindən yalançı müəllif yaradaraq onların adından şeirlər yazırlar. Biyabrçı vəziyyət yaranıb.

 

Qeyd edək ki, təkliflər aidiyyatı dövlət qurumlarına təqdim ediləcək, problematik məqamlar ictimailəşdiriləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları