Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 16:14:00
“Müəllimlər indiyə qədər həmin döyən  şagirdi görmürdülər?!”-Pedaqoqdan sərt etiraz

 

 

“Məktəb direktorunu işdən çıxarmaqla, müəllimə töhmət verib, şagirdləri barışdırmaqla vəziyyət düzələn deyil”.

 

Zaman-zaman ölkə məktəblərində təhsil alan şagirdlərin bir-birinə fiziki şiddət göstərməsilə bağlı xəbərlər, görüntülər yayılır.

 

Son olaraq 112 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verənlərlə bağlı yayılan videogörüntüləri buna nümunədir.

 

Bəs həmin şagirdlərlə bağlı hansı addımlar atılmalı, nə kimi cəza tədbirləri görülməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva məktəbin funksiyası ilə yayılan görüntünün uzlaşmadığını bildirib:

 

“Videonu izlədiyim zaman bir müəllim, valideyn, insan kimi təəssüf hissi keçirdim. Məncə, biz həm şiddət göstərən, həm bu şiddətə məruz qalan, həm də bütün olanları videoya çəkən şagirdi itirmişik, onları cəmiyyətə qazandırmaq lazımdır. Mənəviyyat və təhsil ocağı olan bir yerdə bu hadisənin yaşanması isə ayrıca kədərlidir. Halbuki məktəbin əsas vəzifəsi şəxsiyyət, dövlət üçün layiqli vətəndaş yetişdirməkdir. Bizim videoda gördüklərimizlə bunlar qəti şəkildə uzlaşmır”.

 

Pedaqoq nizam-intizamın ciddi şəkildə pozulduğunu, məktəbin ədalət tərəzisinin pozulduğunu söyləyib:

 

“Bu kimi halların meydana gəlməsinin bir çox səbəbləri var. Burada cəmiyyətin mental xüsusiyyətləri, ailə tərbiyəsi vacib rol oynayır. Bütün dünyada qloballaşma, texnologiyanın sürətli inkişafı ilə əlaqədar mənəvi dəyərlər aşınır, belə cəmiyyətlərdə isə bu kimi hallara tez-tez rast gəlinir. Çox təəssüf ki, ölkəmizdə də son zamanlar bu hallar sıx-sıx müşahidə olunur. Məktəblərdə nizam-intizamın tənzimlənməsində ciddi xətalar var. Bu sadəcə uşağın özünü yaxşı aparmaması, müəllim-şagird münasibətlərində problemlərin olması ilə məhdudlaşmır. Ümumilikdə məktəbin özünün ədalət tərəzisi pozulub. Məktəb direktorunu işdən çıxarmaqla, müəllimə töhmət verib, şagirdləri barışdırmaqla vəziyyət düzələn deyil. Qısa müddətdə görülən tədbir sadəcə cavab reaksiyasıdır, problemin kökü isə dərindədir”.

 

O, şagirdlərin vəziyyətilə bağlı indiyə kimi hər hansı tədbir görülmədiyini vurğulayaraq, belə hallarda görülməli olan işləri nəzərə çatdırıb:

 

“Məktəblərdə normal tədris, təlim-tərbiyə mühiti yaratmaq lazımdır. Görüntülərdə şiddət göstərən o şagird həmin hala bir gündə gəlməyib, onun xarakteri sinifdən-sinfə keçərkən formalaşıb. Bəs indiyə kimi məktəb rəhbərliyi, müəllimlər bunu görmürdümü?Yaxud, valideyni məlumatlandırmırdılar? Valideyn məsuliyyətsiz ola bilər, amma bu işlə məşğul olacaq dövlət qurumları var. O qurumlara şagirdin problemli vəziyyətilə bağlı məlumat verilməlidir, uşaq inspektoruna, icra hakimiyyətlərinə, Elm və Təhsil Nazirliyinə müraciət edilməlidir. Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi internat tipli məktəblər var. Yəni hər bir halda burada dövlət tərəfindən təqdim edilən çıxış yolları var, amma bunlardan istifadə olunmur. Problemin əsas səbəblərindən biri də elə bu cəzasızlıqdır. Əks təqdirdə o kimi şagirdlərin xoşagəlməz hərəkətləri təkrarlanır. Müəllimlər, şagirdlər, valideynlər bu uşaqları yola verirlər. Məktəb rəhbərliyi polisə ərizə yazıb başını ağrıtmaq istəmir. Bu kimi səbəblərdə də sonda elə mənzərələrin ortaya çıxmasına səbəb olur”.

 

Son olaraq o, həmin şagirdlərlə bağlı atılması vacib olan addımları qeyd edərək, bütün məktəb heyəti üçün təlimlərin keçirilməli olduğunu bildirib:

 

“O uşaqların hər üçü ilə ciddi şəkildə psixoloq söhbət aparmalıdır. Hər birinin psixoloji vəziyyəti təhlil edilməlidir. Daha sonra onlarla bağlı qərar vermək olar. İcbari təhsildə şagirdi məktəbdən xaric etmək mümkün deyil. Qanuna əsasən, bütün uşaqlar üçün təhsil icbaridir. Demək ki, başqa cəza növləri tətbiq edilməlidir. Çıxış yolu kimi nazirlik və məktəb rəhbərliyi tərəfindən planlı iş aparılmalıdır. Məktəbin pedaqoji və texniki heyəti, psixoloqları üçün təlimlər təşkil edilməlidir. Onlar indiki sosial münasibətlərin quruluşu ilə bağlı məlumatlandırılmalı, belə hallarda necə hərəkət etməyin lazım olduğunu öyrənməlidirlər. Bununla yanaşı ehtiyacı olan şagirdlərlə də görüşlərin keçirilməsi, bu mövzuda seminarların təşkili zəruridir. Mütəmmadi şəkildə şagirdlərlə psixoloji konsultasiyalar aparılmalıdır”.