Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 12:58:00
Ən gənc direktor: “Ən böyük arzum Şuşa məktəbində işləməkdir”-MÜSAHİBƏ

 

 

Hər il olduğu kimi bu dəfə də bir çox müəllim Direktorların İşə Qəbulu müsabiqəsində iştirak edərək orta təhsil müəssisəsinə rəhbərlik etmək hüququ qazanıb.

 

2022-ci tədris ilində işə qəbul olunanlar sırasında gənclərin sayı kifayət qədərdir.

 

Onlardan biri olan Samux rayonu Həsən bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbinin direktoru  Arzu Kərimovdur.   

 

Gənc direktor Azedu.az-a müsahibəsində iş fəaliyyətinə başlaması və gələcək hədəfləri barəsində danışıb:

 

Gəlin, Arzu müəllimi  yaxından tanıyaq:

 

O, 1985-ci ildə Qəbələ şəhərində anadan olub. 1992-2003-cü illərdə Gəncədəki 17 saylı tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Gəncə Dövlət Universitetinin Coğrafiya ixtisası üzrə bakalavr pilləsini bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetində “İqtisadi və sosial coğrafiya” istiqaməti üzrə magistr dərəcəsi üzrə təhsil alıb.

 

 

2012-cil ildən Təhsil Nazirliyinin həyata keçirdiyi Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildə Gəncə Avropa Gənclər paytaxtı layihəsi çərçivəsində həyata keçirilən beynəlxalq forumun yerli məruzəçisi kimi çıxış edib. 2016-cı ildə Təhsil Nazirliyinin həyata keçirdiyi “Məktəb direktorlarının hazırlığı kursları” üzrə “Uğur” sertifikatına layiq görülüb. 2017-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I Qrant müsabiqəsinin qalibi olub. 2018-ci ildə əsası Pakistanda qoyulmuş “My Magical Dust” beynəlxalq müsabiqəsinə öz sinif şagirdləri ilə qoşularaq, uğur qazanaraq beynəlxalq sertifikata layiq görülüb. 2018-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müsabiqədə iştirak edərək, Sertifikatlaşdırılmış Nəzarətçi- müəllim adını alıb. 2020-ci ildə Təhsil Nazirliyi Microsoft Teams təlimini uğurla başa vurmuş və 2021-ci ildə "Layihə planlaşdırılması və layihənin təklif formasının yazılışı" və yeni tədris olunacaq Təbiət fənni üzrə müəllimlər üçün təlimini uğurla başa vurub. 2022-ci ildə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Təhsil Vloqeri Respublika müsabiqəsinin qalibi olub.

 

Ən böyük arzusu isə Qarabağın ürəyi sayılan Şuşa şəhərində işləməkdir.

 

O, müəllimliyə olan həvəsinin necə formalaşmasından söz açıb:

 

Orta məktəbdə təhsil aldığım zaman müəllim olacağıma qərar vermişdim. Ədəbiyyat dərslərində Qori və Qazax Seminariyasını bitirən nəslin Azərbaycan təhsil, mədəniyyət, maarif, musiqi və tərəqqinin inkişafında müstəsna rol oynayan şəxsiyyətlərə kiçik yaşlarımdan rəğbət yaranmağa başladı. Zaqafqaziya Seminariyasında hər millətin ana dili və şəriət dərsini ayrıca keçirdilər, eyni zamanda hər  fənn tədris edilirdi. Biz öyrənirdik ki, o dövrdə İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Quba və Dərbənddən qapı-qapı gəzib qəza mərkəzlərində seminariyaya uşaq toplanılırdı. Axtarışlar nəticəsiz qalmadı. Çox keçmədən Şuşadan Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlınski, Şəkidən Rəşid bəy Əfəndiyev ümidləri doğrultdular. Bu gənclər özlərindən sonra gələnlərin yolunu işıqlandırmaq üçün çətin bir sınağa çıxdılar. Firidun bəyi İrəvan gimnaziyasına, Teymur bəyi Lənkərana, Mirzə Əli Məhəmmədi isə Naxçıvana ibtidai rus-tatar məktəbinə müəllim göndərildi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qəbələ (Qutqaşen) məktəbinə müdir təyin edildi. Bunları oxuduqca özümü müəllimlikdən başqa digər sahədə təsəvvür edə bilmirdim. Təhsilimin hər pilləsində bu peşəyə olan sevgim daha da artırdı. Rəşid bəy Əfəndiyevin, Səməd Vurğunun həyat yolu məni bu peşəyə daha da ruhlandırdı və səylə çalışmağa başladım”.

 

Müəllim coğrafiya ixtisasını seçməsinin səbəblərindən bəhs edib:

 

Lakin coğrafiya ixtisası məni daha çox özünə cəlb edirdi. Düşünürəm ki, coğrafiya müəllimi olmasaydım, yəqin ki,  ədəbiyyatçı olacaqdım. Arzusunda olduğum peşəyə yiyələnmək üçün ilk addımımı atdım və 2012-ci ildə MİQ müsabiqəsində iştirak etmək üçün elektron ərizə ilə müraciət etdim. İmtahanda maksimum bal topladım və uğur qazanaraq Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbə qəbul olundum. Müsabiqə ilə bağlı yayılan bütün şayiələr əsassız idi. Şahidi oldum ki, müəllim olmaq üçün yalnız müsabiqədən keçmək yetərlidir.

 

Məktəbdəki ilk günümü ömrüm boyu unuda bilmərəm. İlk gün məktəbə daxil olarkən Səməd Vurğunun büstünü görmək arzularımın reallaşdığının bariz nümunəsi idi. Çünki məktəbimizin adını daşıdığı Səməd Vurğun kimi böyük ziyalı da Qazax Seminariyasının yetirməsi olub”.

 

Arzu Kərimov müəllim fəaliyyətini inkişaf etdirmək üçün nə kimi vasitələrdən istifadə etdiyini deyib:

 

Müəllim kimi işlədiyim dövrdə mütəmadi olaraq yeni təlim metod və üsullarından istifadə edərək şagirdlərin xoşbəxt və pozitiv yetişməsi üçün əlimdən gələni edirdim. Lakin həmişə düşünürdüm ki, təhsil sahəsində olan yeniliklərimi reallaşdırmaq üçün müəllim kimi səlahiyyətlərim daha məhduddur. Məktəb idarəedicisi kimi, menecer olaraq, komandamızı daha yüksək hədəflərə çatdıracağıma inanırdım. Nəhayət bu arzumu reallaşdırmaq üçün 2022-ci ildə direktorların işə qəbulu müsabiqəsində uğur qazanaraq Samux rayonu Həsən bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbə direktor vəzifəsinə təyinat aldım”.

 

O, direktor kimi fəaliyyətindən söz açıb:

 

Məktəbimizin missiyası şagirdlərimizə ömür boyu xoşbəxt və uğurlu vətəndaşlar kimi yetişmələri üçün onlara bilik və bacarıqları aşılamaqdır. Məktəbimizin missiyasını yerinə yetirmək üçün təhsildə iki əsas hədəfi müəyyən etmişik. Görüləcək bütün işlər bu hədəflərə çatmaq üçündür:

 

Həyat boyu uğurun açarı olan intellektual, sosial və emosional bacarıqları əldə etmək və inkişaf etdirmək bizim məqsədimizdir. Akademik uğur üçün tələb olunan səriştə və bacarıqları əldə etmək və inkişaf etdirmək də çox vacibdir.

 

İntellektual, sosial və emosional bacarıqlar şagirdlərə həyat uğuru üçün əsas bacarıqları inkişaf etdirməyə kömək edən proseslərdir. Bu bacarıqlar hamımıza şəxsi, iş və özəl həyatda effektiv və əxlaqlı davranmaq üçün lazım olan nüansları öyrədir. Bu bacarıqlara emosiyalarımızı tanımaq və idarə etmək, başqaları ilə münasibət və kommunikasiyanı inkişaf etdirmək, müsbət münasibətlər qurmaq, məsuliyyətli qərarlar qəbul etmək, çətin vəziyyətlərlə konstruktiv və etik şəkildə mübarizə aparmaq daxildir. Bu bacarıqlar qarşındakına əsəbləşdikdə sakitləşməyə, dostluq etməyə, münaqişələri hörmətlə həll etməyə, etik və təhlükəsiz seçimlər etməyə, sağlam və xoşbəxt həyat sürməyə imkan verir; Bunlar dünyanın istənilən yerində həyat boyu uğur qazanmağı mümkün edən bacarıqlardır”.

 

Direktor şagirdlərin uğurlu olması üçün nə kimi işlərin görülməli olduğunu qeyd edib:

 

Şagirdlərimizin buraxılış, xaricdə təhsil və ali məktəblərə qəbul imtahanlarında yüksək uğur qazanmasına əhəmiyyət veririk və onları bu hədəflərinə çatmaq üçün yüksək bilik və bacarıqlar verməyi hədəfləyirik. Şagirdlərimizin uğurlu məqsədlərinə çatması üçün təhsilin mərkəzində 3 əsas səriştə sahəsi cəmlənir. Bunlar Azərbaycan dili, riyaziyyat və xarici dilidir. Araşdırmalar göstərir ki, bu sahələrdə səriştə qazanan şagirdlər humanitar, təbiət, texniki elm sahələrində asanlıqla yüksək nailiyyətlər əldə edə bilirlər. Uğurlu orta təhsil şəxsi inkişaf səriştələrini ömür boyu davam etdirmək üçün təməl rolunu oynayır. Bu məqsədlə məktəbimizdə səriştəyönümlü, şəxsiyyətyönümlü təhsilin inkişafına yüksək önəm verməyi hədəfləyirik”.

 

Bununla bərabər Elm və Təhsil Nazirliyini həm təhsilalanlar, həm də təhsilverənlər üçün təşkil edəcəyi respublika miqyaslı müsabiqələrdə mütəşəkkil formada iştirak etməyi hədəfləyirik”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları