Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 09:11:00
Novruzun bilmədiyimiz tarixi kökləri - İlaxır çərşənbə  anlayışı haradan qaynaqlanır?

Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, ölüb-dirilən Tanrını özündə təcəssüm etdirən türkün ulu bayramıdır. Novruzu bəzən Zərdüşt, bəzən isə İslam mədəniyyəti ilə bağlamağa çalışırlar. Fars mədəniyyətində Novruz Zərdüştün anadan olduğu gün, onun Avestanı dünyaya gətirdiyi gün və s. məsələlərlə əlaqələndirilir.

Yazın başlanması, gecə ilə gündüzün bərabərləşməsi, xeyir və şər qüvvələrin gücünün tarazlaşması, həm də bu andan etibarən Ahurəməzdanın timsalı olan işığın, Günəşin zülmətə, şərə, qara qüvvə rəmzi olan Əhrimənə qalib gəlməsi kimi başa düşülürdü.

Mənbələrdə Novruz bayramının ortaya çıxması ilə bağlı bəzi rəvayətlər günümüzə qədər gəlib çatıb. Ömər Xəyyam “Novruznamə” adlı əsərində bu bayramın tarixindən danışarkən qeyd edir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirdiyinə görə Novruz adlandırıb və bayram edib”.

Bu rəvayətlərdən bəziləri əfsanəvi İran hökmdarlarından Cəmşidin Azərbaycana gəlməsi ilə əlaqələndirilir. Əl-Biruni “Asar əl-Baqiyyə” əsərində bu haqda yazır: “Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət Azərbaycana gələndə taxta çıxıb və camaat onu çiyinlərində aparıb. Günəş o taxta düşüb, hər yan nura qərq olub. Camaat bu günü uğurun başlanğıcı hesab edərək  onu Novruz - Yeni gün adlandırıb”.

Cəmşidlə bağlı başqa bir rəvayətdə isə Novruz atəşinin Cəmşid tərəfindən kəşfi edildiyi bildirilir. İbn əl-Bəlxi “Farsnamə” əsərində Yaz bayramı haqqında bildirir ki, Cəmşid yeni tikdirdiyi sarayda taxta çıxır, əyalətlərdən bütün hakimləri saraya dəvət edir. Cəmşid onlara müraciət edir: “Bu gün Günəş ilinin başlanması günü imiş. Allahın bizə verdiyi bütün nemətlərə şükür edək və rəiyyətlə ədalətlə davranaq. Hamı dua etdi, şadlıq oldu və bu günü bayram edərək Novruz adlandırdılar”.

Novruz haqqında İslam miflərinin yaranması bu bayramı İslam dini ilə bağlamaq zərurətindən yaranıb. Bu mərasimlə bağlı aşağıdakı rəvayətlər var:

Birincisi, deyilir ki, ulu Tanrı dünyanı gecə və gündüzün bərabər olduğu gündə - Novruzda yaradıb. İkincisi, rəvayət olunur ki, ilk insan olan Adəmin çamuru - palçığı bu gündə-Novruzda yoğrulub, yəni ilk insan məhz bu gün yaradılıb.
Üçüncüsü, şeytanın sözlərinə uyaraq Tanrı tərəfindən yasaq edilən meyvədən yediklərinə görə cənnətdən Yer üzünə qovulan Adəm Həvva ilə məhz Novruz günündə Ərəfatda qovuşublar.

Dördüncü rəvayət Nuh peyğəmbərlə bağlıdır. Dünya daşqınından sonra Nuh peyğəmbərin torpağa ayaq basdığı gün Novruz idi.
Beşinci rəvayət isə İmam Əli ilə bağlıdır. Bu bayramı dördüncü xəlifə İmam Əlinin taxta çıxması ilə də bağlamağa çalışırlar.

Qeyd edək ki,  müsəlman bayramları qəməri təqvimə əsaslandığı üçün ilbəil öz yerlərini dəyişdikləri halda, Novruz yalnız bir vaxtda - yazın birinci günü qarşılanır. Elə buna görə də bəzi İslam ruhaniləri Novruzu təhqir etmək məqsədilə onu “topal bayram”, “şikəst bayram”, yəni “yeriyə bilməyən” bayram adlandırıblar.

 

İlin yazdan başlanması haqqında ilk məlumat I Daranın dövrünə aid edilir. Atəşpərəstlik də, İslam dini də Novruzu özününküləşdirməyə, ona öz təsirini göstərməyə çalışsa da, Novruz - yaz bayramı yalnız bir təbiət bayramıdır.  İslam dini bu bayramı unutdurmağa, özününküləşdirməyə çalışıb. Buna müvəffəq olmadıqda onu öz tarixi ilə əlaqələndirməyə, hətta IV xəlifə İmam Əlinin adı ilə bağlamağa  çalışıb. İlk bahar bayramı isə təkrar edirəm, nə İslam dini, nə də islamiyyətdən əvvəl mövcud olan dinlərlə əlaqədardır. Novruz sırf təbiət bayramıdır.

 

Şumer mədəniyyətində ölüb-dirilən Tanrının şərəfinə mart ayında bayramın keçirilməsi haqqında məlumat verilir. Həmin bayram təbiətin oyanışını, yazın gəlişini əks etdirib. Şumerlər baharı bolluq, ruzi, məhsuldarlıq bayramı kimi qarşılayıblar.

Novruz türkün təbiətə bağlılığından və ona duyulan sevgidən təşəkkül tapan bir bayramdır. Türk düşüncəsində təbiətdəki dəyişiklik etnosun həyatında dönüş və təzələnmə nöqtəsi kimi düşünülüb. Əski türk imperatorluqları çağında ilk bahar və son baharın rəsmi dövlət bayramları olması haqqında Çin qaynaqlarında məlumat verilir. Türkün düşüncəsində yeni il təbiətin yaşıllığa bürünməsi ilə başlayır. Mahmud Kaşğari “Divani lüğəti- türkdə” baharın gəlişini  sellərin, suların çağlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açılması və s. şəklində təsvir edir.

Əski türklərdə Novruza “yengi gün” deyilirdi. Bu əski bayram ayrı-ayrı günlərdə “ulu kün”,  “Ergənəkon”, “Bozqurd çağan”,  “Sultan mevriz” və s. şəkillərində işlənib. Novruz türk düşüncəsində xaosdan kosmosa keçidi simvolizə edir.

Fikrimizcə, Novruz bayramının ayrı-ayrı zamanlarda müxtəlif hökmdarlara aid edilməsi cəhdi bir tərəfdən ədalətli hökmdar istəyi problemidirsə, ikinci tərəfdən bu günün ən əziz bir bayram olduğuna şüuraltı inamı ifadə edən əski ənənənin dayanmasıdır. 

Bəs ilaxır çərşənbələr anlayışı haradan qaynaqlanır?

- Qış mövsümü türk xalqlarının qədim mifoloji dünyagörüşündə təbiətin ölümü, yəni zamansızlıq kimi dərk edilib. Qış mövsümü başlandıqdan ta sona qədər olan dövr təbiətin ölüb sonra yenidən dirilməsi kimi təsəvvür edilir. Həmin üç  aylıq dövrü əhatə edən zaman kəsiminə “çillə”,  yaxud “çillə dövrü” adını veriblər. “Çillə” sözü “əziyyət çəkmə”, “məhrumiyyət”, “sıxıntı”  və digər mənaları ifadə edir. Türk mifoloji düşüncəsində qış böyük çillə, kiçik çillə və boz ay adında 3 çilləsi olan qoca qarı görkəmində təsəvvür edilib. Boz ayın özü də çillələrə bölünür və həmin çillələr ilaxır çərşənbələr adı ilə tanınır. Deməli, insanlar həmin çərşənbələrdə oxuyub- oynamaqla köhnə ilin çətinliklərini, ağırlıqlarını rədd edib Novruza sağlam, xoşbəxt əhval-ruhiyyə ilə təzələnmiş, qəm-qüssədən uzaq çıxmaq istəyiblər. İnsanlar çillə çıxarmaqla xəstəliyi, uğursuzluğu, bədxahlığı canlarından çıxarıb, Novruza - yeni ilə sağlam əhval-ruhiyyə ilə qovuşmaq istəyiblər. “Çərşənbə” sözü farsca hərfi mənada “çaharşənbə” yəni, “dörd şənbə” deməkdir. Bu sözün qısaldılmış şəklidir. Şənbə bu təqvimdə ağır gün sayılırdı, lakin çərşənbə sanki 4 (çahar) şənbənin ağırlığını özündə daşıyırdı. Bu gündə insanlar çalıb- oxumaqla, rəqs etməklə çilləyə sanki meydan oxuyur, həmin gündə özlərini ağırlıq, əzab-əziyyət, uğursuzluq xəstəlikdən can qurtardıqlarını sanırmışlar.

 

İlaxır çərşənbənin məzmunlu və maraqlı ayinlərindən biri qulaq falıdır. Hava qaralandan sonra niyyət tutan kimsə özü ilə bir qab su, güzgü və açar götürüb qonşu qapılarını pusmağa gedir. Xəlvətcə içəridəki söz-söhbətə qulaq asır. İçəridəki danışıq, eşitdiyi ilk sözlərlə niyyət arasında uyğunluq varsa, deməli, arzu həyata keçəcək. Qulaq falına gedənin özü ilə apardığı su - uğurlu yol, güzgü - işıqlı həyat, açar isə niyyət açan deməkdir.

İlaxır çərşənbə süfrəsində düzəldilən xonçaya yeddiləvin və ya yeddilöyün deyilir. Xonçada yeddi cür nemət olmalıdır. Həmin nemətlər bunlardır: çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurta.

İlaxır çərşənbə və Novruz bayramı süfrədə xonçada adları “s” hərfi ilə başlayan yeddi nəsnə, məsələn, su, səməni, sünbül və s. olmalıdır. Bu yeddi nəsnə Azərbaycanın hər yerində eyni cür olmadığından hamısını yazmırıq. Amma onların yanında sarımsaq, soğan, sumaq, hətta saat da ola bilər.

Axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə qara pulu bir kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günün, duz gözüşorluğun, acgözlüyün, qara pul isə yoxluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmağın niyyəti qara gündən, gözüşorluqdan, yoxsulluqdan qurtulmaq istəyi ilə bağlıdır.

Novruzun fəlsəfəsi

Novruz  etnosun əbədi yaşanışını, dairəvi, mifoloji zaman qavramı ilə simvollaşdırır, yəni təbiətin ölüb-dirilməsini əks etdirir. Deməli, Novruz dirilişin, yenidən doğuluşun simvoludur. Novruz xaosdan kosmosa keçid aktını özündə təcəssüm etdirir. Novruz bayramı millətin dirçəlişi, yenilənməsi olduğundan bərabərlik, birlik, sülh əmin-amanlıq humanizm bayramıdır.  

Adətlər

Şal sallamaq, qurşaq sallamaq və bunun digər forması olan kasa çalmaq axır çərşənbədə geniş yayılan adətdir. Kasa çalmaq adəti qədim əkinçi tayfalarından biri digərinə əkin üçün toxumluq olan bitkiləri toplamaq adətini xatırladır. Hava qaralandan sonra əsasən gənclər qohumların, tanışların qapılarına gedib əllərində saxladıqları qabı qaşıqla vurub səs salırlar. Ev sahibi səsi eşitcək qapıya çıxıb içəri uzadılan qaba pay qoyur. Pay toplayan nə özünü göstərir, nə də danışır. Əgər o danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı. Toplanan pay gənclər arasında bölünərdi. Şal sallamaq mərasimində əsasən cavan oğlanlar iştirak edərdi. İlaxır çərşənbə axşamı bel şalı, örpək, kəlağayı və s. götürüb qohumların və ya sevdikləri qızların evlərinə gedib şalı bacadan, damdan evə sallayardılar. Ev sahibinin verdiyi pay şal sahibinə münasibəti əks etdirərdi. Cənubi Azərbaycanın digər yerlərində, məsələn, Urmiyada şal əvəzinə qabaqcadan hazırlanan kəcavəni damdan salar və onunla pay toplardılar. Ayin öz təsvirini ustad şair Şəhriyarın “Heydərbabaya salam”  poemasında da dəqiqliklə tapır:

Bayram idi gecə quşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu
Ay nə gözəl qaydaydı şal sallamaq
Bəy şalına bayramlığın bağlamaq.

Qurşaqsallama, qurşaq atdı həmin adətin bir formasıdır. Əvvəllər evlərin üstü hamar və damın ortasında baca olduğunu nəzərə alsaq deyə bilərik ki, uşaqlar, gənclər elə oradan da şalı, torbanı, qurşağı sallamaqla bayram payı alırmışlar. Mərhum professor B.Abdulla qurşaq sallamanın papaqatdıya çevrilməsini məişətimizdəki dəyişikliklə əlaqələndirir. Onun fikrincə, kirəmitdən, şiferli evlərin hazırlanması  qurşaq sallamanı damdan aşağı - qapıya  endirib  papaqatdıya çevirib.

Qeyd edək ki, xalq arasında papaq həmişə şərəf, namus qeyrət, simvolu kimi dəyərləndirilib. İctimai yerlərdə hətta, ailədə başıaçıq oturmaq qəbahət sayılıb. Papağın itirilməsi, oğurlanması təkcə şəxsin özünün deyil, onun mənsub olduğu nəslin təhqir edilməsi hesab olunub. Bildiyimiz kimi, kişi baş geyimlərinin məhəlli-etnik xüsusiyyətlərinə, formasına, materialına, geyinmə tərzinə görə fərqlənən çoxlu növləri olub.

Fikrimizcə, şal sallama, qurşaqsallama adətinin papaqatdı formasına keçməsi həm də sovet rejiminin bu bayramın tarixini saxtalaşdırmaq məqsədi güdüb. XX əsrin 20-ci illərində Novruz əfvetmə bərabərlik, əminlik funksiyalarını daşısa da, çox kiçik zaman kəsimindən sonra İrandan gəlmə dini bir bayram kimi yasaq edilir.

Fikrimizcə, türk düşüncəsində papağı namus, qeyrət rəmzi kimi sayan “papağı isti-soyuqdan ötrü qoymurlar” deyən gənc onu qapının ağzına ata bilməz. Uşaq papaqlarının forması və müxtəlif növləri əsl kişi papaqlarının daşıdığı semantik yükü daşımayıb.

Düşünürəm ki, papağın torba ilə əvəzlənməsi müasir gəncliyimizin düşüncəsində papağın daşıdığı semantik yükün ağır və məsuliyyətini başa düşməkdə yardımçı olar.

Novruz bayramı gecəsinə həmçinin istək, sevgi gecəsi də deyərmişlər. Cavan oğlanlar sevdikləri qızlar olan evlərin bacalarından qurşaqların ucuna dəsmal bağlayırlar. Qız və qızın valideynləri o saat bu mətləbi başa düşürlər. Əgər bu işdə razılıq varsa, dəsmalı qurşaqdan ayırıb qızın qoluna bağlayırlar. Yox, əgər razı deyillərsə, dəsmala bayram nemətlərindən qoyub qurşağa bənd edərək geri qaytarırlar.