Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 16:32:00
Ən çox hansı universitetlərdə tələbə  təhsil haqqı borcuna görə imtahana buraxılmır? - Ekspert siyahısı

 

Artıq Azərbaycan universitetlərində tədris ilinin ilk semestrini əhatə edən imtahanların keçirilməsinə başlanılıb.

 

Bununla yanaşı, təhsil haqqını ödəyə bilməyənlərin imtahanlara buraxılmaması ilə bağlı müxtəlif universitet tələbələrindən şikayətlər olunur. Tələbələrin əksəriyyəti təhsil haqqının bir hissəsini ödəyə bilmədiyi üçün universitet tərəfindən semestr imtahanlarına buraxılmadığını bildirir.

 

Məsələyə sadəcə tələbələr deyil, eyni zamanda bir sıra təhsil nümayəndələri də öz etirazlarını bildirilər.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi şikayətlərin daha çox üstünlük təşkil etdiyi ali təhsil müəssisələrinin adlarını sadalayıb:

 

“Təhsil haqqılarının qalan hissəsini  ödəməyən tələbələrin imtahana buraxılmaması məsələsi ilə bağlı artıq 2 gündür ki,müxtəlif tələbələr arasında bəzi universitetlərlə bağlı fikirlər səsləndirilir, şikayətlər bildirilir. Məsələni araşdırdığımız zaman görürük ki, tələbələr haqlıdır, bu şikayətlər əsasən, özəl ali təhsil müəssisələrini əhatə edir. Təəssüf ki, dövlət ali təhsil müəssisələrinin region filiallarının da adı bu məsələdə çəkilir. Məsələn, ADPU-nun Şəki filialı, Qərb Universiteti, Odlar Yurdu Universiteti, AzMİU,Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi ali təhsil müəssisələrindən həddindən artıq şikayətlər var. Bu universtetlərin tələbələri təhsil haqqılarını tam ödəyə bilmədikləri üçün imtahana buraxılmadıqlarını bildirirlər”.

Ekspert nəticədə tələbələrin kəsr problemi ilə üzləşdiyini bildirərək, universitetlərin müqavilələrində qeyd olunan ödəniş formasını vurğulayıb:

 

“Qeyd edək ki, 3 yanvardan etibarən ali təhsil müəssisələrində semestr imtahanları başlayıb və hazırda  universitetlərdə tələbələr bu tədris ilinin birinci semestrinin imtahanlarını verirlər. Əgər hər hansı bir tələbə təhsil haqqını ödəyə bilməyibsə həmin tələbənin imtahanlardan kənarda saxlanılması yolverilməzdir. Çünki tələbə təhsil haqqını müxtəlif hissələrə bölmə halında qaytara bilər, yaxud hər semestrə aid təhsil haqqını ödəyə bilər. Onlara bu imkan tanınmalıdır, hətta bəzi universitetlərin müqavilələrində də bu öz əksini tapır. Ancaq təəssüf ki, tələbələri bununla təhdid edirlər, imtahana buraxmırlar və tələbə kəsr problemi ilə üzləşir. Nəticədə baloniya sistemi olduğu üçün tələbə kəsr üçün kredit ödənişi etməli olur”.

 

O, -“Tələbənin kəsri yalnız o zaman ola bilər ki, o hər hansı bir fənni mənimsəməyib,predmetini öyrənməyib və imtahandan keçə bilmir, nəticə etibarı ilə kəsilir”-deyə qeyd edib.

 

Ekspert təhsil haqqını ödəyə bilməyən tələbənin imtahana buraxılmamasının qanunvericiliyə zidd olduğunu bildirib:

 

“Bu zaman  normal olaraq tələbə kredit borcu üçün ödənişi etməli və kəsri bağlamaq üçün həmin fəndən imtahan verməlidir. Amma tələbə təhsil haqqının belə deyək ki, yarı hissəsini ödəyə bilməyibsə, həmin tələbənin imtahana buraxılmaması yolverilməzdir. Doğrudur, bəzi universitetlər özünəməxsus qaydalar tətbiq edirlər. Ancaq yenə də fikrimcə, bu birbaşa qanunvericiliyə qarşı çıxmaqdır. Ölkə başçısı çıxışlarında bildirir ki, təhsilin əlçatanlığı təmin olunsun, amma bəziləri buna imkan yaratmırlar”.

Ekspert son olaraq Təhsil Tələbə Kreditlərinin verilməsi məsələsinə toxunub:

 

“Ölkədə 146 min 373 tələbə ödənişli əsaslarla təhsil alır və nəzərə alaq ki, onların da hər birinin imkanı təbii olaraq bərabər səviyyədə deyil. İlin əvvəlindən götürsək, 126-127 min tələbə təhsil haqqını ödəyə bilmişdisə, yerdə qalanları ödəyə bilməmişdi. Onu da qeyd edim ki, ölkə başçısı tərəfindən Təhsil Tələbə Kredit fondu formalaşdırıldı və bu vasitə ilə tələbələrə güzəştli şərtlərlə kreditlərin verilməsinə başlanılır. Tələbələr əgər müvafiq şərtləri ödəyirlərsə, o zaman müraciət edib bu imkandan yararlana bilələr. Ən azı universitet tələbələri buna imkan yaratmalıdırlar ki, maddi imkanı aşağı olan tələbələr təhsil haqqlarını ödəyə bilsinlər”.