Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-28 17:00:00
Onlayn dərslər hansı universitetlərdə daha problemlidir?- Narazı tələbələrlə sorğu  

 Bu il ali təhsil müəssisələrində tədris həm əyani, həm də onlayn formada aparılır.

 

Dərslərin bütövlükdə distant şəkildə keçirildiyi ötən tədris ilindən fərqli olaraq universitetlər onlayn dərslərin keçirilməsi üçün fərqli proqramlar tətbiq etdilər. Bu proqramlarla bağlı bir çox  tələbələr öz narazılıqlarını bildirir, dərslərdə müəyyən problemlərin yaşandığını vurğulayırlar.

 

Bəs ümumilikdə tələbələr universitetlərinin tətbiq etdiyi proqramlardan nə dərəcədə razıdırlar? Tədrisin hibrid formada təşkili onları qane edirmi?

 

AzEdu.az mövzu ilə bağlı müxtəlif universitetlərin tələbələri arasında keçirilən sorğunu təqdim edir:

 

Sumqayıt Dövlət Universitetinin tələbəsi Ziya Zahidli eyni gündə dərslərin  həm əyani, həm də onlayn keçirilməsinin çətinliyindən danışıb:

 

“Bir gündə dərslər həm əyani, həm də onlayn keçilir. Onlayn dərslər ZOOM-da təşkil olunur. Dərsdən çıxıram 10 dəqiqəlik tənəffüsdə 20 dəqiqəlik yol gedib evə çatmalıyam ki, onlayn dərsə qoşulum. Çox mənasız bir şeydir. Bufet tam dolu olur, amma mühazirədə 50 nəfər bir auditoriyaya yığışa bilmir. Qərarlar çox əlaqəsizdir”.

 

Bakı Mühəndislik Universitetinin tələbəsi Gülnur Hacıyeva universitetin onlar üçün tətbiq etdiyi proqramın əlverişli olduğunu bildirib:

 

“Mən Bakı Mühəndislik Universitetində təhsil alıram. Biz Google Meet programı ilə dərsə qoşuluruq. Mənim üçün qoşulmaq sıxıntı olmur. Çünki əgər dərsi izləyə bilməsəm müəllimlər video qeydə alınan dərsi “classroom”a göndərirlər. Qrupumuz da çətinliklə qoşulan tələbəmiz yoxdur. Davamiyyəti də çox vaxt sinif nümayəndəsindən  soruşurlar,  kim qoşulmayıbsa müəllimə deyir. Yəni kamera açıb “burda” deməyə ehtiyac qalmır”.

 

Həmin universitetin digər bir tələbəsi Elçin Ağazadə də bu fikirlərə qoşularaq proqramdan razı olduğunu qeyd edib:

 

“Bizdə BMU-da Google Meet poqramı tətbiq olunur. Proqram çox əlverişlidir, yaxşıda işləyir. Narazılığımız yoxdur, saat kimi işləyir”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Kərim Bayramov tədrisin hibrid formada aparılmasının qarışıqlıq yaratdığını qeyd edib:

 

“Dərsləri Teamsla keçirik, ümumi şəkilde götürsək bir problem yoxdur. Əsas problem tədrisin hibrid formada olmasıdır. Düşünürəm ki, ya tam ənənəvi, ya da tam distant olmalı idi. Bu şəkildə qarışıqlıq olur”.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Samirə Osmanova onlayn dərslərdə proqramdan rahat istifadə etdiklərini bildirib:

 

“Mən ADMİU-da təhsil alıram. Əvvəlki semestrdə olduğu kimi bu il də onlayn dərslərdə Teams proqramından istifadə etdiyimiz üçün heç bir problem yaranmır. Hər şey qaydasındadır”.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi İlyas Salamlı dərslərin tam əyani formada keçirildiyini və heç bir problemin olmadığını bildirib.

 

Ümumi sorğuda ən çox narazılığını bildirən isə Bakı Dövlət Universitetinin tələbələri oldu. Tələbələr onlayn dərslərdə tətbiq olunan Blackboard proqramının bir çox çətinliklərə və problemlərə səbəb olduğunu vurğulayıblar:

 

 

Tələbə Fatma Abdulla:

 

“Mən BDU-da təhsil alıram. Bizdə onlayn dərslər Blackboard proqramı ilə keçilir. Onlayn dərslərdə durduq yerə dərsdən çıxma, tələblərin seçdikləri seçmə fənlər qrupunda olmama kimi hallar, bir də müəllim dərsdə olmasa belə dərs qeydə alınırsa,bizim qoyulan vaxtın sonuna qədər gözləməli olmağımız məni narahat edir. Biz texniki halları başa düşürük. Ümid edirik biz də başa düşülərik”.

 

Tələbə Elmar Hüseynov:

 

Dərsə qoşulmaq çətindir. Proqram internet çox tələb edir, məcbur mb götürürəm. Hər gün 5 manatlıq mb kifayət etmir. Ancaq  universitet bunula bağlı hər hansı maliyyə yardımı etməyi təbii ki, düşünmür. Telefonun enerjisini sovurur, dərsdən dəxlisiz yerə atır, atandan sonra avtomatik qb yazır, qb-lərimizdən xəbərsizik, proqram göstərmir. Müəllim dərsə girməsə belə, dərsdə olmasaq avtomatik qb yazılır.

 

Tələbə Sənan İsmayıl:

 

“Bir gündə 4, hər biri 90 dəqiqəlik mühazirə keçilir. Növbəti gün ard-arda 3 seminar olur. Mühazirəsi onlayn keçilən (yola verilən) dərsin seminarda əyani şəkildə tələb olunması, heç bir təlim keçirilmədən Blackboard sisteminə keçid, bilgisizlikdən olanların hamısı, texniki problemlərin isə əksəriyyətinin kəfalətinin tələbəyə ödədilməsi kimi problemlər yaşanır. Cədvəllərdə intensiv yaranan problemlər və daha nələr-nələr...”

 

Tələbə Fidan Əlicanova:

 

“Bizdə Blackboard proqramıdır, dayandığımız yerdə dərsdən çıxır, dərsdən çıxanda da qb yazılır. Müəllim dərsə qoşulmasa belə dərs qeydə alınırsa, biz o dərsdə gözləməliyik”.

 

Tələbə Zərintac Məmmədzadə:

 

“Bu proqram bizə böyük problemlər yaradır. İnternetimiz gedəndə proqram tez-tez atır, avtomatik qb alırıq, dərsə bir az gec qoşulanda da həmçinin. Çox tələbə qoşulmada hələ də problem yaşayır”.

 

Tələbə Adilə Həmzəyeva:

 

“Qəti sürətdə proqramdan istifadə edə bilmirəm. Güc-bəla ilə daxil olanda isə qoşulmaq mümkün olmur. Bəlkə də qb-dan kəsilmişəm xəbərim yoxdur”.

 

Tələbə Gülcahan Məmmədova:

 

“Blackboard programı bizi dərsdən atır. Bəzən müəllimin səsi gəlmir, bəzən də ümumilikdə dərsə girə bilmirik . Bundan əlavə internetde problem olan kimi biz avtomatik qb alırıq . Nəzərə alsaq ki, teams programına nəzərən daha yaxşı internetlə işləyir, o zaman bütün tələbələr internetlə təmin edilməlidir. Son olaraq mənim artıq telefonum dilə gəlib. Günde 3 dəfə 90 dəqiqə dərs olar ?!! Teams 1 saat idi, niyə burda 90 dəq? Həm şüa alırıq, həm də artıq mənim telefonum enerji saxlamır .. Nə olursa, elə tələbəyə olur”.

 

Tələbə Aytac Əli Şahin:

 

“Razı deyilik! Çünki blackboard platforması tamamilə səhv işləyir. Dərsə qoşulduğumuz zaman ya dərsdən atılırıq, ya da telefon dəyişməli oluruq. Bir sözlə proqram normal qaydada işləmir”.

 

Tələbə Cəmilə Əzimova:

 

“Dərsdə ola-ola qayıb alırıq. Mikrofon gec açılır. Daxil oluram fırlanır. 90 dəqiqə onlayn dərs BDU-ya nifrət etdirir. Bu proqramlıq deyil. Amma başım ağrıyır. Səbəbi BDU-dur. Özü də 4 dərs ardıcıl onlayn keçirik”.

 

Qedy edək ki, 29 sentyabrdan etibarən Azərbaycan Universitetlərində əyani dərslər bərpa olunub. Dərslər əyani ilə yanaşı onlayn formada da davam edir.

 

Tələbələrin şikayətləri ilə bağlı problemlərin həlli üçün universitetlərlə əlaqə saxlanılacaq.