Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 14:38:00
Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin məsafədən təşkilinə dair sorğu aparılıb

Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin məsafədən təşkili vəziyyətini öyrənmək üçün Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən cari ilin aprel-iyun aylarında “Google Forms” vasitəsilə sorğu keçirilib. Sorğu ali və orta ixtisas məktəblərində çalışan 2862 nəfəri əhatə edib.

 

AzEdu.az xəbər verir  ki, COVID-19 virusuna yoluxmanın qarşısını almaq məqsədilə ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də fiziki təmasın minimuma endirilməsi üçün bütün təhsil müəssisələrində tədris prosesi məsafədən təşkil olunub.

 

Pandemiya fonunda “Microsoft Teams” platforması Azərbaycan təhsil sisteminə inteqrasiya olunaraq bütün təhsil müəssisələrində təşkilati işlərin və tədris prosesinin həyata keçirilməsi üçün əsas texnoloji vasitə kimi istifadə edilib. Təhsilalanların böyük əksəriyyətinin dövlət dilində təhsil aldığını nəzərə alaraq platformanın tətbiq və xidmətlərinin Azərbaycan dilində əlçatan olması üçün Təhsil Nazirliyinin sifarişi əsasında “Microsoft” korporasiyası tərəfindən “Microsoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunub. Ötən ilin noyabr ayından təhsil işçiləri və təhsilalanlar “Microsoft Teams” platformasının imkanlarından Azərbaycan dilində istifadə edirlər. Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq orta ixtisas təhsili müəssisələrində “Microsoft Teams” platformasından, eyni zamanda, müəssisələrin daxili elektron idarəetmə sistemi hesabına digər proqramlardan istifadə etməklə dərslər keçilib.

 

İnstitut tərəfindən sorğunun analiz prosesi davam edir. Analiz prosesi bitdikdən sonra nəticələr ictimaiyyətə açıqlanacaq