Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 09:47:00
Xanım şagirdlərimizdən möhtəşəm ixtira – 20 min dollar mükafat və sehirli klaviatura  

Azərbaycanlı 11-ci sinif şagirdləri Zəhra Qasımzadə və Züleyxa Kişiyeva “Click Energy” adlı klavişlərdən enerji alan klaviatura düzəldiblər.

 

 Onlar ixtiraları ilə GENIUS Olimpiadasının biznes kateqoriyası üzrə finala vəsiqə qazanaraq, 20 000 dollar dəyərində mükafata (universitetdə təhsil təqaüdünə) layiq görülüblər.

 

 AzEdu.az-a danışan məktəblilər bu uğurun təfərrüatından söz açıblar:

 

 Akademik Zərifə Əliyeva adına liseyinin builki məzunu Zəhra Qasımzadə Türkiyənin Özyeğin Universitetinin Biznesin İdarəolunması ixtisasına (ingilis sektoru üzrə) 85 faiz təqaüd qazanıb:

 

 “8-ci sinifdən bir neçə layihələr üzərində işləyirəm. Beynəlxalq tədbir və müsabiqələrdə çıxış etmişəm. 2018-ci ilin sonlarında dostlarımla birgə yeni layihələr haqda müzakirə apararkən internetdən araşdırma edərək gördük ki, belə bir innovativliyi hələ heç kəs etməyib. Düşündük ki, niyə də yox?! Əvvəlki təcrübələrimizə əsaslanaraq fikrimizi Züleyxa  ilə birgə layihələndirdik və bir sıra yerlərə  müraciət etməyə başladıq. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu bizə inkubasiya dəstəyi göstərdi. Ölkə üzrə bəzi uğurlar qazandıqdan sonra qlobal programlar və müsabiqələri araşdıraraq müraciət etdik. Layihəmizi prototip mərhələsində bacardığımız qədər təkmilləşdirsək də, investisiya qazanıb tam satışını həyata keçirmək istəyirik”.

 

 O, layihənin əsas məqsədindən söz açıb:

 

 “Click Energy” layihəsinin əsas məqsədi alternativ enerji ilə özünü təmin edə bilən texnologiyaları bazara çıxartmaqdı. Problem ondan ibarətdi ki, hazırda insanların ekoloji baxımdan təmiz, asan əldə olunan, həmçinin rahat istifadə edə biləcəyi  texnologiyalara ehtiyacı var. "Click Energy" layihəsi simsiz texnologiya üzərində qurulan və özünü enerji ilə təmin edə bilən məhsul təklif edir. Belə ki, müştərilər sadəcə klavişlərə basmaqla lazimi enerjini əldə edəcək və batareyanı dəyişməyə ehtiyac qalmayacaq. Bundan əlavə olaraq, layihə üzrə təklif edilən edilən məhsullar kifayət qədər rahat və kompaktdır”.

 

 Zəhra Qasımzadə komandanın üzvlərindən söz açıb.

 

 “Komandamıza  S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının XI sinif şagirdi Züleyxa Kişiyeva, Orta Doğu Teknik Universitetinin 1-ci kurs tələbəsi Nofəl Qədimli  və Sabancı Universitetinin 1-ci kurs tələbəsi Ülvi Musayev ilə birgə dünyanın ən böyük olimpiadalarından olan GENIUS Olimpiadasının  biznes kateqoriyası üzrə finala vəsiqə qazanaraq, hər birimiz 20 000 dollar dəyərində mükafata (universitetdə təhsil təqüdünə) layiq görüldük”.

 

 Müsahibimiz GENIUS Olimpiadası haqqında məlumat verib:

 

 “Olimpiada ətraf mühit məsələlərinə dair qlobal bir anlayış, sənət, yaradıcı yazı, mühəndislik, dizayn və biznes inkişafı ilə davamlılığa nail olmağı təşviq edir. GENIUS olimpiadası orta məktəb şagird,  vətəndaş, lider, elm adamı, rəssam, yazıçı, mühəndis və gələcəyin siyasət aparıcıları olmaq üçün  çətinliklər və fürsətlər təqdim edir.

 

 GENIUS Olimpiadası “TERRA Science and Education” və “Rochester Institute of Technology” təşkilatları tərəfindən hər il keçirlir”.

 

 Zəhra Qasımzadə və onun layihə yoldaşları əvvəldə bir sıra tədbirlərdə iştirak ediblər.

 

 “Click Energy” 2018-ci ilə Bakı Mühəndislik Universitetində keçirilən Qış Elm Festivalında 2-ci yerə layiq görülmüşük. SABAHIN ALIMLERI” VIII Respublika Müsabiqəsində finalına vəsiqə  əldə etmişik. Asiyanın ən böyük elm və texnologiya festivalında (“TECHFEST, IIT BOMBAY ASIA) 3-cü yerə, Dünyanın ən yaxşı 5 Universitetindən biri olan Yale Universitetində təşkil olunan Elm və mühəndislik sərgisində (“THE YALE SCIENCE AND ENGINEERING ASSOCIATION”) ən çox fərqlənən layihələrdən olmuşuq”.

 

 S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bu ilki məzunu Züleyxa Kişiyeva  ABŞ-ın Kolorado Boulder Universitetində bundan öncə biznes təhsili alıb:

 

 “Bakalavr təhsilimi ABŞ-da davam etdirməyi planlaşdırıram. Biznes və iqtisadiyyat üzrə həm ölkədaxili, həm də beynəlxalq yarışlarda iştirak etmişəm.

 

 “Kiçik yaşlarımdan bərpa olunmayan enerji mənbələrinin təbiətə necə ziyan vurduğu haqqında maraqlanmağa başladım. Təbiətin çirklənməsinin qarışını almaq məqsədilə müxtəlif ideayalar haqqında fikirləşmişəm. 2018-ci ilin sonlarında klaviaturadan enerji almaq fikrini Zəhra və Nofəl ilə birlikdə araşdırdıq və bu yeniliyin həyata keçirilmədiyini gördük. Layihəmizi ideya mərhələsindən rəsmi biznes mərhələsinə gətirmək yolunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarliq İnkişafı fondunun inkubasiya dəstəyinin çox köməyi oldu. Ölkədaxili uğurlarımızdan ruhlanıb, qlobal səviyyəli yarışlara qoşulmağa başladıq.

 

 Əsas planımız Click Energy-nin prototipini istifadəçilər üzərində test etmək və məhsulumuzu təkmilləşdirməkdi. Daha sonra məqsədimiz investisiya qazanım tam satış həyata keçirmək”.

 

 Züleyxa Kişiyeva gənclərə bir sıra tövsiyələr verib:

 

 “Məqsədi biznes qurmaq olan hər gəncə tövsiyəm ilk öncə ideyalarını real bazarda yoxlamaq və təcrübəli təşəbbüskarlardan məsləhət almaq olardı. Bir çox biznes layihələri bazarda onlara həqiqətən ehtiyac olmadığı üçün uğursuzluğa düçar olur. Bu səbəbdən, hər hansı investisiyaya qoşulmamışdan öncə məhsulun istifadəçiləri ilə maraqlanmağın önəmli olduğunu düşünürəm. Eyni zamanda özünüzdən daha təcrübəli şəxslər ilə fikir bölüşmək və onların məsləhətinə qulaq asmaq biznes sahəsində yeni olan kəslərə çox köməyi var.

 

 Məqsədim ABŞ-da bakalavr və magistratura təhsilimi iqtisadiyyat üzrə almaq, biznesin incəliklərini öyrənmək və Azərbaycanın inkişafı yolunda gələcək layihələrimi həyata keçirməkdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları