Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 16:51:00
Cəbrayıl rayonunda yerləşən “Tumas ata” abidəsi bütpərəstlik dövrünə aiddir

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimizdə maddi-mədəniyyət abidələrimiz dağıdılıb və talan edilib. Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, bir sıra kəndlərimiz, həmçinin qəsəbə və yüksəkliklər işğaldan azad edilib. Cəbrayıl rayonunun kəndləri maddi və mədəni abidələrlə zəngindir. Oktyabrın 22-də işğaldan azad edilmiş Sirik kəndindəki Qala bürcü (V-VI əsrlər), Şıxlar kəndindəki dairəvi türbə (XIV əsr), oktyabrın 23-də işğaldan azad edilmiş Dağ Tumas kəndi yaxınlığında yerləşən Divlər sarayı mağarası, Başıkəsik günbəz, oktyabrın 25-də azad edilmiş Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamam xalqımızın tarixi salnaməsidir.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı şəhəri Alı Mustafayev adına 202 nömrəli orta məktəbin tarix müəllimi Nuriyyə Hümmətova söyləyib. O bildirib ki, xalqımız işğal altında olan digər kəndlərimizin də azad ediləcəyi günü gözləyir. Bu baxımdan Cəbrayıl rayonu ərazisində yerləşən erməni vandalizminin qurbanı olan Qız qalasıdır. Diridağdakı Qız qalası XII-XIV yüzilliyə aid müdafiə məqsədilə tikilmiş abidədir. Divarlarının uzunluğu 50 metr, hündürlüyü 13 metrdir. Hazırda qala dağılmış vəziyyətdədir. Cəbrayılın işğalının ilk illərində qalanın bir tərəfi düşmənlərimiz tərəfindən partladılıb. Sonradan qalanın yerlə-yeksan edilməsində məqsəd tariximizi yaşadan abidələrimizi məhv etmək olub. Kim bilir, bəlkə də tariximizin hansı qatları elə bu cür qalalarda gizlənib. Abidələrimizə edilən təcavüz və bu iyrənc əməllərini ortaya qoyan erməni vandalları bir daha kimliklərini göstərdilər.

 

“Cəbrayıl rayonunun mərkəzindən o qədər də uzaq olmayan ərazidə Cəbrayıl atanın qəbri işğala qədər ziyarətgah hesab olunurdu. XIX yüzillikdə milliyyətcə erməni olan M.Barxudaryan məqbərəni görüb və bu abidənin müsəlmanlara aid olduğunu etiraf edib. Lakin sonralar bu abidə üzərində xaç şəkilləri peyda olub. Cəbrayıl yaxınlığında “Ağ oğlan” deyilən pir də var. Professor İ.Petruşşevski piri xaçpərəstlik deyil, məhz bütpərəstlik dövründən qalma abidə hesab edir. Erməni tədqiqatçısı M.Barxudaryan əsassız olaraq abidənin ermənilərə məxsus olduğunu iddia edirdi. Onun iddialarının əksinə olaraq təkcə onu demək kifayətdir ki, “Ağ oğlan”la bağlı türk xalqlarında onlarla əfsanə və rəvayət bu gün də yaşamaqdadır. Bu baxımdan da abidənin türklərə məxsus olduğunu danmaq, onu erməniləşdirmək mümkün olacaq bir iş deyil. M.Barxudaryan “Arsax” əsərində erməni abidəsi kimi qeyd olunan Dağ Tumas kəndi yaxınlığındakı “Tumas ata” abidəsidir ki, bu da bütpərəstlik dövrünə aiddir. Çələbilər kəndindəki Hacı Qaraman məzarının ermənilərə məxsusluğu da bu məxluqların uydurma cəfəng fikirlərindən başqa bir şey deyildir. Ərazidə orta əsrlər dövründə inşa edilmiş ən böyük memarlıq abidəsi Xudafərin körpüləridir. Araz çayı üzərində inşa edilmiş bu iki möhtəşəm mədəniyyət abidəsinin biri on bir, digəri isə on beş aşırımdan ibarətdir. Böyük strateji əhəmiyyətə malik olan körpülər iri sal daşların üzərində inşa edilib. Ticarət və hərbi məqsədlə salınmış Xudafərin körpüsü Azərbaycanın şimalı və cənubu arasında iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Ümidvarıq ki, tezliklə əsir qalan digər tarixi mədəniyyət abidələrimiz də rəşadətli ordumuz tərəfindən azad ediləcək”, - deyə Nuriyyə Hümmətova qeyd edib.