Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 11:00:00
İşğaldan azad olunan Soltanlı kəndinin professorlar yetişdirən məktəbi – Tanınmış simalar  

 

 

Prezident İlham Əliyev “Twitter” hesabında işğaldan azad edilmiş torpaqlarımızın siyahısını açıqlayıb:

 

 

“Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir”. 

 

Cəbrayıl rayonu və ona daxil olan bütün kəndlər özünün təhsilə olan yüksək münasibəti ilə fərqlənib.

 

Bu kəndlərin sırasında yer alan Soltanlı kəndi isə təhsil göstəricilərinə  görə xüsusilə fərqlənib.

 

AzEdu.az əməkdaşı bir neçə il bundan öncə Soltanlı kəndinin və oradakı məktəbin yüksək təhsil, ziyalılıq göstəricisini özündə əks etdirən yazı hazırlayıb.

 

 

Sevindirici haldır ki, o zaman Soltanlı kəndinin adı  bir arzu kimi çəkilirdi. Lakin bu gün o artıq reallıqdır və yenidən Azərbaycan bayrağı həmin kənddə dalğalanacaq.

 

Soltanlının ziyalılarından olan yazıçı-publisist Yaqub Əlioğlu ilə o kənd barəsində etdiyimiz söhbəti təqdim edir:

 

 

“Vətən elə o kənddən başlayır də...”

 

-Adam anadan olub ayaqlarını hansı torpaqda yerə qoyursa bax, elə ora da onun ilk vətənidir. O vətəndən sonra böyük vətən başlayır. Mən də ilk addımlarını 1957-ci ildə Soltanlıda atmışam.

 

Bizim Soltanlı kəndi tamam başqa kənd idi. Kaş indi o kəndin kəhrizlərindən bir stəkan su içə biləydim. İnan ki, məni o saat sağaldardı. Bir az tənginəfəsəm. Həkim deyib ki, kənd havası səni sağaldar, amma sizə deyim ki, Soltanlının  o kəhriz suyundan başqa heç nə mənə təsir edə bilməz. Allahdan da bir arzum var: bircə onu istəyirəm ki, heç olmasa ömrümün sonuna yaxın o torpaqlar bizdə olsun və mənim qəbrimi də o torpaqda qazsınlar. Qoy mən də Soltanlı torpağına qarışım....

 

“Əşi bizim kənd...

 

... elə tarix boyu dağıntılara məruz qalıb. Amma dəyişməyən bir şey olub. O kəndi, mənim doğma torpağımı istila edənlər sonradan yox olub gediblər, amma Soltanlı yenə də qalıb. Sizi əmin edirəm ki, yenə də elə olacaq. Soltanlı hazırda işğal altındadır. Amma əvvəlki kimi onu işğal edənlər yox olacaq və o kənd yenə də qalacaq. Gəlin, bu kəndin tarixinə baxaq:

 

Soltanlı Araz çayı sahilində Kür-Araz ovalığının cənub-qərb qurtaracağında yerləşir. Kəndin yaxınlığında Arazın hər iki sahilini birləşdirən Xudafərin körpüsü yerləşir.  Soltanlının tarixində, taleyində işğallar çox olub. Amma sonda tarix haqq möhürünü vurub, haqq öz yerini alıb.

 

VII  əsrdə ərəblər Azərbaycanı işğal edəndə Soltanlı dağıntılara məruz qalıb. Babəkin ərəb işğalçılarına qarşı mübarizəsində Soltanlı Aran vilayətinin tərkibində olduğundan dəfələrlə dağıdılıb.

 

X-XI əsrlərdə Qarabağ, o cümlədən Soltanlı Atabəylər dövlətinin tərkibinə daxil olub.

 

XIV əsrin sonlarında Qızıl Orda xanı Toxtamış xan və daha sonra Teymurləng böyük qüvvə ilə Soltanlının ərazisindən keçib.

 

1501-xi ildə Səfəvilər dövləti yarananda Soltanlı mərkəzi Gəncə olan Qarabağ bəylərbəyinə tabe olub.

 

XIX  əsrin əvvəllərində Rusiya –İran müharibələri zamanı İran ordusu Soltanlının ərazisndə 3 dəfə əməliyyat aparıb.

 

“Soltanlının  ki, məktəbi var...”

 

“Soltanlının  ki, məktəbi var, deyərdim, Azərbaycanda bəlkə də ən qədim məktəb elə odur. Soltanlı ilə bərabər, o kəndin tarixdə qalan xeyli nümayəndələri elə o məktəbdən çıxıb. 1912-ci ildə ora rus-tatar məktəbi kimi inşa edilib.

 

Birinci Dünya Müharibəsi başlanana qədər fəaliyyət göstərib. Daha sonra yenidən sabitlik yaranıb və məktəbdə dərslər bərpa edilib. Siz təsəvvür edin, o məktəbin təkcə Soltanlıdan olan məzunlarından 1993-cü ilə qədər 40-dan çox alim çıxıb. Soltanlıdan olan məzunlar deyirəm, çünki o məktəbdə ətraf 6-7 kəndin şagirdləri də təhsil alırdılar. Xələfli, Veysəlli, Sarıcallı və başqa kəndlərin uşaqları elə o məktəbin yataqxanasında qalırdılar. O məktəbin yetirməsi Həsən Həsənov 1943-cü ildə Azərbaycan Mərkəzi Komitəsinin III katibi idi. Həsən Həsənov həm də elmlə  də məşğul olurdu. Tarix elmləri namizədi idi. Onun oğlu Arif Həsənov sonradan Elmlər Akademiyasının akademiki və uzun müddət Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri oldu.

 

“Hələ başqaları da var”

 

“Təkcə Soltanlıdan olan alimlərin sayı 40-dan çoxdursa, indi təsəvvür edin, bu məktəbin o biri kəndlərdən olan məzunlarından nə qədər alim çıxıb. Bizim kənddən əsasən elm adamları çıxsa da, ədəbiyyat, yazı-pozu adamları və mədəniyyət nümayəndələrinə də rast gəlmək olar.

 

 

Amma həm bütün Cəbrayılda,  həm də kəndimizdə daha çox elmə, təhsilə meyl olub. Elə bir ailə yox idi ki, o ailədə ən azı bir nəfər ali təhsilli olmasın.

 

Yazı-pozu adamlarından tanınan şairimiz Sərdar Əsəd, yazıçı Tahir Kazımov, jurnalistlərdən Hüseyin Mehrəliyev, Sərdar Əliyev, İsmayıl Hacıyev, mütəmadi olaraq sizin saytda çıxış edən Seymur Verdizadəni göstərmək olar. Onu da deyim ki, Soltanlıdakı Verdizadələr nəsli çox ziyalı nəsildir. Onlardan Allahverdi Verdizadə Azərbaycanda kimya sahəsində ən güclü alimlərdən olub. İndi onun qızı Nailə Verdizadə də Azərpaycan Dövlət Pedaqoji İniversitetində kimya elmləri doktorudur. Fizika sahəsində Novruz Bəşirov ən böyük alimlərdən biridir.

 

Başqa elmlər doktoru, professorlar olub ki, indi onların da adını sizə deyirəm: Əvvəlcə iki akademiki deyək –Arif Həsənov və Tofiq Hacıyev. Arif Həsənovdan yuxarıda bəhs etdik, Tofiq Hacıyevi isə təqdim etməyə dəyməz. Hazırda Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktorudur, böyük türkoloq alimdir.

 

Elə həmin institutda çalışan dilçi professor Qəzənfər Kazımov. Qəzənfər müəllimin də dilçilik sahəsində xidmətləri böyükdür, sanballı kitabları var.

 

Soltanlı kəndinin başqa elmlər doktorları da var: Hacıyev Sadiq (tarix), Həsənov Xudaverdi (kimya), Hüseynov Hüseyn (geologiya minereologiya), Kazmov İsmayıl (filologiya).

 

Yasif Nəsirlinin də adını çəkək. O, general-mayor olmaqla yanaşı, həm elmlər doktoru, həm də yazar olub. Əvvəllər MTN sistemində müxtəlif vəzifələrdə çalışıb.

 

Məşhur bir rəssam  var idi - Şamo Abbasov. O, əsasən xaricdə yaşayırdı. Avropanın adlı-sanlı şəhərlərində sərgiləri keçirilərdi. Təəssüflər olsun ki, çox gənc yaşlarında rəhmətə getdi.  Onun qardaşı rejissor Safo Abbasov da kəndimizi təmsil edən insanlar sırasındadır. Siz adlara diqqət edin. Süleyman Rəhimovun bizim kəndlə arası çox yaxşı idi. Tez-tez gəlib gedərdi. Elə bizim kəndilər də ona hörmət edirdi. Bu qardaşların adları da Süleyman Rəhimovun əsərindən götürülüb.

 

“Soltanlıda ki o ənənə var idi”

 

-Bizim kənddə ki, bir ənənə var idi o ənənə özü kadrlar yetişdirirdi. Bizim kənddə hamı oxuyurdu hamı elmə təhsilə can atırdı. Hamı məktəbin kitabxanasına gedirdi. Özü də elə bir kitabxana ki, Cəbrayıl rayonunda ən böyük kitabxana bax o idi. Mənim ibtidai sinif müəlliməm rəhmətlik Səmayə müəlllimə olub. Onun sinfini bitirənlər bünövrəsini nə təhər götürürdüsə, sonda məktəbi bitirib ən pis halda ticarət texnikumuna daxil olurdular.

 

“Orada daha nələr yoxdur ki?!”

 

-Soltanlıdan danışmaqla qurtarmaz. Mənim bir “Vəsiyyət” adlı hekayəm var. Hekayə Cəbrayıl işğal olunan zaman  yaşadıqlarımızdan bəhs edir. Cəbrayıl 1993-cü ilin 23 avqustunda işğal olundu. Amma Soltanlını ancaq oktyabrda işğal edə bildilər. Kəndin camaatı erməni-rus qradlarının qabağında mübarizə  aparırdı. Sonra elə oldu ki, artıq nəyəsə əlac qalmadı. Cəbrayıla gedən yol bağlandı. Kəndin camaatı Xudafərin körpüsü vasitəsilə İrana, oradan da İmişli yolu ilə bu tərəflərə gəldilər. Mənim bütün kitabxanam, arxivim fotoların hamısı orada qaldı. Əvvəlcə biz gəldik, amma atam orada qaldı. Kəndin başqa ziyalıları da xüsusən yaşlılar oranı tərk etmək istəmirdilər. Düşmənə qarşı mübarizə aparan xüsusi Soltanlı dəstəsi yaradılmışdı. Biz sonradan İmişliyə gedib atamı orada qarşıladıq. Bu ərəfədə rəhmətlik nənəm ölüm ayağında idi. Bizə vəsiyyət etdi ki, onu kəndimizə yaxın yerdə dəfn edək. Təkcə rəhmətlik nənəm deyildi, insanların hamısı elə düşünürdü ki, ən uzağı bir həftəyə- on günə biz qayıdacayıq. Amma görürsüz ki, həmin bir həftə hələ də bitməyib. O vaxt oradan gələn insanların da indi içlərində böyük bir boşluq var. Hər zaman hər şey qaydasında olsa belə, sanki nəsə çatışmır. Çatışmayan əslində Cəbrayılın, o kəndin özüdü. Mən bir kitabımı “Qarabağın gözü yolda qalan bulaqlarına, kəndlərinə həsr edirəm” cümləsi ilə başlamışdım. Dostlardan biri dedi ki, “ay Yaqub, heç bulağın da gözü yolda qalar?”. Dedim ki, “dostum, sən elə asfaltın üstündə ilk addımlarını atıb ancaq asfalt görən adamsan. Sən görək o bulaqları görəydin, onları yaşayaydın ki, həmin bulaqların gözünün yolda qalıb-qalmamasını anlayaydın”. Amma sizi inandırıram ki, bax o kənddən məcburi surətdə gələnlər bu gün də oralara qayıdıb buz kimi kəhriz suyundan içəcəklər. Həmin insanların hamısı buna inanır!

 

***

 

Yaqub müəllim sonda Soltanlının elm xadimlərinin siyahısına aşağıdakıları əlavə etdi:

 

Filologiya: Hacıyev Kamal, Məmmədov Zaman, Əliyev Soltan, Mahmudova Vəfa;

 

Tarix: Əhmədov Məzahir, Hacıyev Allahverdi, Hacızadə Fikrət, Həsənov Vaqif, Məmmədli Zaur;

 

Pedaqogika: Əhmədov Əlif, Əliyev Qəşəm, Məmmədəli Məmmədov;

 

Kimya-biologiya; Əliyev Qulamhüseyn, Əliyev Soltan, Əlizadə Tahir, Hacıyeva Gülnarə, Əsgərova Hafizə (coğrafiya)

 

Fizİka - riyaziyyat: Nuriyev Ürfət, Həsənov Azər, Səfərov Cəlal, Əliyev Hümbət, Əliyev Bəhlul.