Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 14:00:53
Almaniyada oxumaq istəyənlər üçün qeydiyyat, müraciət və s.-lə bağlı VACİB TÖVSİYƏLƏR - Mütəxəssis danışır

 “Bu ölkədə təqaüd almaq bir az şans məsələsidir. Ən çətini isə müraciət etdiyi universitetin və ixtisasın tələbənin akademik göstəricilərinə nə dərəcədə uyğun  olmasını müəyyən etməkdir.  Burada bəzi nüanslar var ki, tələbələr onu bilmirlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında CELT Collegesin Xaricdə Təhsil Mərkəzinin  nümayəndəsi Həmidə Səfərova deyib. O, neçə illik iş təcrübəsinə əsaslanaraq,  tələbələrin Almaniyada təhsillə bağlı üzləşdiyi əsas çətinliklərə aydınlıq gətirib. Öncə isə onları Almaniyaya cəlb edən səbəbləri izah edib:

“Gəncləri Almaniyada təhsilə cəlb edən əsas səbəb  burada təhsil haqqının olmaması və gələcək iş imkanlarının çoxluğudur.  Düzdür , ödənişsiz təhsil verən digər ölkələr də var. Amma Almaniya sadəcə,  bank hesabında məbləğ  istəyir  və eyni büdcə ilə ən yüksək təhsil səviyyəsi Almaniyadadır.

Almaniyada təhsil almaq üçün müraciət edənlər daha çox biznes, iqtisadiyyat  və mühəndislik sahələrini seçirlər. Almaniyada universitet seçimi tələbədən asılı olmur.  Orada universiteti tələbənin əvvəlki akademik göstəriciləri müəyyən edir.  Tələbə istəsə belə istədiyi universitet onu qəbul etməyə bilər. Çünki onun transkripti, akademik göstəriciləri, iş təcrübəsi buna uyğun olmaya bilər.  Burada universitet seçimini əsasən tələbənin əvvəlki akademik göstəriciləri müəyyən edir”.

O, Almaniyada təhsil üçün tələb olunan dil biliklərinə də diqqət yetirib:

“Tələb olunan dil bilikləri isə tələbənin seçimindən asılıdır. O, həm alman, həm də ingilis dilində təhsil ala bilər. Hər iki dildə eyni sayda ixtisas var, hamısı da ödənişsizdir.

Universitetdən asılı olaraq 5-6 İELTS balı ilə qəbul olunmaq mümkündür.  Bəzi universitetlər isə 7 İELTS istəyir. Yəni, tələbənin əlində olan nəticələrə uyğun mürəciət olunur. Əgər tələbənin 2-3 ay vaxtı və 6 İELTS-i varsa, yenidən hazırlaşıb imtrahan verməsini məsləhət görürük. Tələbə də hazırlaşıb növbəti dəfə həmin nəticəni əldə edir”.  

Tələbələrin müraciət zamanı üzləşdiyi əsas çətinliklərə aydınlıq gətirən Həmidə xanım alman universitetlərində qeydiyyat sisteminin digərlərindən ağır olduğunu deyib:

“Almaniyanın qeydiyyat (application) sistemi çox ağırdır. İngiltərə, Amerika, Kanada kimi ölkələrdə  bir dənə “application” portalı var və bütün universitetlərin ixtisasları oradan keçir. Almaniyada isə  hər universitet və ixtisas üçün qeydiyyat proseduru fərqli ola bilir. Eyni  sənədi bəziləri istəyir, bəziləri isə yox. Onların bir sistemi var, sənədləri ya oradan, ya da sənədləri hard copy şəklində universitetə poçtla istəyirlər. Yəni, bu, ixtisasa və universitetə görə dəyişir. Ən çətin məsələ isə  həmin universitetin və ixtisasın tələbənin akademik göstəricilərinə nə dərəcədə uyğun  olmasını müəyyən etməkdir.  Burada bəzi nüanslar var ki, tələbələr onu bilmirlər. Bunu yalnız  3-4 il bu sahədə işləyən adamlar bilirlər.  Belə adamlar bilir ki, bu universitetə həqiqətən müraciət etməyə dəyər ya yox. Tələbələrin əsas çətinliyi universitetin öz ixtisasına uyğunluğu və  qeydiyyat prosesidir. Daha bir çətinlik isə Alman bankında hesab açmaqla bağlı olur”.  

O, eyni zamanda burada təhsil üçün tələb olunan ilkin sənədləri sadalayıb:

“Almaniyada təhsil üçün müraciət edən tələbədən əvvəlki akademik sənədləri, cv, motivasiya məktubu, tövsiyə məktubu və s. tələb olunur.  Bu sənədlər universitetə görə dəyişir. Məsələn, universitetdən asılı olaraq tövsiyə məktubu istənməyə də bilər. Motivasiya məktubunda ali təhsil müəssisəsinin önəm verdiyi məqamlar universitetə görə dəyişir.  Bəzi ali təhsil müəssisələri motivasiya məktubunda müəyyən sualların  cavablanmasına fikir verirlər. Bəziləri üçün isə orada nəyin əhatə olunmasının heç bir fərqi yoxdur. Sadəcə, motivasiya məktubunun  neçə sözdən ibarət olması və hansı formada olması ilə bağlı şərtlər qoyurlar.  Ümumiyyətlə, sənədləri hər universitetə uyğun hazırlamaq lazımdır. Bir motivasiya məktubu yazıb, onu dörd  universitetə göndərmək olmaz. Onu hər təhsil müəssisəsinin, ixtisasın özünə uyğunlaşdırmaq və oranın tələblərinə uyğun hazırlamaq lazımdır”. 

Onun sözlərinə görə Almaniyada təqaüd bir qədər şans məsələsidir:

“Almaniyada təqaüd imkanları bir az sürpriz kimidir. Bu,  daha çox şans məsələsidir. Həm də burada üstünlüyü müsahibə mərhələsinə verirlər. Digər səbəbi də elə budur.  Müsahibədə tələbə öz biliklərini sübut etməlidir. Ali təhsil müəssisələrindən tam təqaüd almaq olur, amma bunun öncədən bilmək olmur. Bəzən olub ki, yüksək göstəriciləri olan tələbə  heç yerə müraciət etməyib, amma ona təqaüd veriblər. Bəzən isə tələbə getdiyi ilk ay ərzində universitet ona təqaüd  ayırır. Bu, onun nəticəsindən asılıdır. Həminilki qəbulda ən yuxarı nəticələr kimdədirsə, Almaniya universitetləri onlara tam təqaüd  ayırır. Məsələn, bir tələbəmizə universitet 5 000 avro təqaüd vermişdi. Çünki o, həmin il universitetə qəbul olan ən yaxşı tələbə idi və  şəhərin hüquq birliyi onu maliyyələşdirdi”.

Həmidə Səfərova həm də DİM-in qəbul balının Almaniyaya müraciət üçün üstünlük hesab olunduğunu vurğulayıb:

“Almaniya universitetlərinə Azərbaycandakı qəbul imtahanının balı ilə müraciət etmək olmur. Bu,  yalnız Türkiyənin bir-iki universiteti  üçün mümkündür. Amma qəbul imtahanındakı bal əlavə bir sənəd kimi alman universitetinə qəbul üçün üstünlükdür. Bura müraciət edən tələbə bölmədə bugünədək olan uğurlarını qeyd edir. Amma sırf  DİM balına əsasən təqüd verilmir və qəbul aparılmır. Bu, sadəcə bir üstünlükdür”.

Sonda isə Almaniyada təhsil almaq istəyən tələbələrə sənədlərini vaxtında hazır etməyi və mütəxəssislərə müraciət etməyi məsləhət bilib:

“Bir az şablon ola bilər. Amma Almaniyada təhsil almaq istəyən tələbələrə məsləhət görürəm ki, profesionala müraciət etsinlər. Çünki bizə dedlayndan bir qədər gec müraciət edirlər.  Gəlib deyirlər ki, mən filan universitetlərə müraciət etdim, amma imtina cavabı aldım.  Bunun səbəbi isə öz akademik göstəricilərinə, nailiyyətlərinə uyğun olmayan universitetləri seçmələridir. Məsələn, mən 76 göstərici ilə heç vaxt Münhen Universitetinə müraciət etmərəm. Çünki, orada rəqabət çox güclüdür.  Bunu mən 4-5 illik təcrübəmdə görmüşəm. Amma tələbələr bunu bilmədikləri üçün sənədlərini yığıb göndərirlər. Hətta sənədlərini uyğun hazırlamırlar. Belə olduqda müsahibə mərhələsini keçmədən elə birinci mərhələdən imtina cavabı alırlar.  Bu halda müraciət üçün də gecikirlər.

Almaniyaya getmək istəyən tələbə top universitetlər üçün bütün sənədlərini ən geci fevralda hər hazır etməlidir. İqtisadiyyat, biznes üzrə isə aprel ayında  bütün sənədlər hazır olmalıdır. Amma ən çox tövsiyə olunanı fevral ayıdır. Yaxşı olardı ki, bu vaxt tələbənin bütün sənədləri, sertifikatları əlində olsun və sənədləşməyə başlasın”. 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları