Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-09 17:15:00
Pandemiyadan sonra qiyabi təhsiliə maraq artacaq? – “Yaxın 5 ildə ...” – EKSPERT  

“Postpandemiya dövründə biz qiyabi təhsilə marağın artacağını gözləmirik. Çünki bütün hallarda qiyabi təhsil alanlar semestr üçün ali təhsil müəssisələrinə gəlməlidirlər”.

 

Bunu təhsil eksperti Kamran Əsədov pandemiyadan sonra qiyabi təhsilə marağın artması məsələsindən danışarkən deyib.

 

Ekspert bildirib ki, qiyabi təhsil aktuallığını itirməkdədir:

 

“Çünki texnikanın, texnologiyaların inkişafı əyani təhsildən kənar təhsilalma imkanlarını artırıb. Hazırda distant (məsafədən) təhsil yolu ilə təhsillənməyə geniş imkanlar açılır. Nöqsanının olub-olmamasından asılı olmayaraq qiyabi təhsil elektron sistemlər dövründə sıradan çıxır. Buna görə də elektron-texnoloji imkanları olan ölkədə (insanlarda və müəssisələrdə) distant təhsilə ehtiyac qalmır. Hesab edirəm ki, yaxın 5 il ərzində qiyabi təhsil tamamilə təhsil lüğətimizdən çıxacaq və onu “part time” təhsilalma əvəz edəcək”.

 

Ekspert əlavə edib ki, tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir:

 

“Son illərin rəqəmlərini təhlil edəndə görürük ki, qiyabi təhsilə ayrılan plan yerləri azalır. Belə ki, 2014-2015-ci tədris ili üçün 53 ali təhsil müəssisəsində qiyabi təhsil alan tələbələrin sayı 20 303 nəfər olubsa, 2015-2016-cı tədris ilində bu rəqəm 16 695 nəfər təşkil edib, 2019-cu ildə isə qiyabi təhsil alanların sayı 14 minədək düşüb. Artıq 5 ildir ki, pedaqoji ixtisaslar üzrə ümumiyyətlə qiyabi təhsil alan yoxdur.

 

Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına bu gün ölkəmizdə tələbat hələ də davam etməkdədir. Amma qiyabi təhsil forması əyanidən asan görünsə də, burada tələbənin üzərinə yük daha çox düşür. Belə ki, əyani təhsil alan tələbələrin bir sessiya üçün 4-5 aya keçdiyi dərs qiyabilərə 1 aya tədris olunur. Bu da təbii olaraq tələbənin materialı tapmağına, mənimsəməsinə və imtahan nəticələrinin yaxşı olmağına çətinlik yaradır.

 

Eyni zamanda daha çox qiyabi təhsili ailəli, işləyən şəxslər seçməyə üstünlük verirlər. Oğlan abituriyentlər qiyabi təhsili hərbi xidmətə görə seçmirlər. Çünki hərbi xidmətdən qiyabi təhsil möhlət hüququ vermir.

 

Pandemiya dövrü alternativ təhsil alma formalarını, xüsusi ilə distant təhsilin vacibliyini önə çıxarıb. Amma onu da qeyd edim ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda distant təhsil alma forması nəzərdə tutulsa da, 11 il ərzindı bu istiqamətdə hüquqi baza yaradılmadı”.

 

Cebhe.İnfo