Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-07 12:35:00
"Sosial mediada boş vitrin şəkilləri paylaşıb, insanları təşvişə salırdılar, sonra isə..." - Almaniyadakı soydaşımız

 

 

“Virusun yayılmaması üçün Almaniyada mümkün bütün tədbirlər görülür. Koronavirus Çində özünü göstərəndə artıq Almaniya səhiyyəsi tibbi avadanlıqların, yataq və digər ləvazimatların sayını artırmağa, ehtimal olunan xəstə sayına nəzərən tibbi ləvazimatları tədarük etməyə başlamışdı.

 

 Ona görə də yoluxanların sayına nəzərən ölüm hallarına görə Almaniya ən aşağı göstəricisi olan ölkələrdəndir”.

 

 Bu sözləri sözləri AzEdu.az-a açıqlamasında Almaniyanın “HWR Berlin” Universitetinin builki magistr məzunu, hazırkı durumla bağlı orada karantində qalan həmyerlimiz Nurlan Məmmədzadə söyləyib:

 

Onun sözlərinə görə, hökumət Almaniyada koronavirus əleyhinə karantin rejimi elan edib:

 

“Mən hazırda Berlin şəhərindəyəm. Yoluxanların və ölənlərin sayı Berlində digər şəhərlərə nisbətən az olsa da, virus burada da sürətlə yayılır, hazırda 3500-ə yaxın insan koronavirusa yoluxub.

 

İnsanlar üçün önəm kəsb edən yerlər, məsələn, mağazalar, apteklər, xəstəxanalar və s. istisna olmaqla bir çox müəssisələr qanunlara əsasən, ya müvəqqəti olaraq fəaliyyətini dayandırıb, ya da iş saatlarını azaldıb.

 

Nəqliyyatın bütün növləri - tramvay, qatar, avtobus və metro eyni qaydada işinə davam edir. Ancaq istifadə inanılmaz dərəcədə çox azalıb. Mağaza və apteklərdə insanların arasındakı sosial məsafə deyilən 2 metrlik məsafənin tənzimlənməsi üçün tədbirlər görülüb”.

 

Nurlan Məmmədzadə qeyd edib ki, Almaniyada da məktəb-universitetlərdə təhsil dayandırılıb, onlayn formada davam etdirilir. Həmyerlimizin sözlərinə görə, hətta özü də dissertasiyasını onlayn şəkildə müdafiə edib:

 

“Hal-hazırda təhsil müəssisələri də təxminən 3 həftəyə yaxındır ki, fəaliyyətini dayandırıb.

 

Mən artıq təhsilimi bitirmişəm. Oktyabr 2018 tarixindən etibarən HWR Berlində DAAD təqaüdü ilə magistr təhsili alırdım, dissertasiyamı yazdım və təhsilimi başa vurdum. Təxminən 2 həftə öncə dissertasiyamı onlayn şəkildə müdafiə edib, təhsilimi yekunlaşdırdım. Bir neçə gün sonra da diplomum hazır olmadığı üçün əvəzedicisini və universitetdən azad olunmağım barədə sənədlərimi onlayn olaraq qəbul etdim.

 

Mən məzun olduğum üçün tam məlumatım yoxdur, dərslərin onlayn olaraq tədrisinin nəzərdə tutulduğu deyilmişdi. Ancaq bəzi imtahanların ləğv edildiyini və ya onlayn təşkil edildiyini bilirəm. Dövlətin tədbirlərindən əlavə, bəzi müəssisələr də ciddi addımlar atır. Məsələn, mənim yaşadığım yataqxana rəhbərliyi sahiblərinin Berlində olmadığı mənzillərə onların icazəsi olmadan da girib təmizlik etməyi qanuniləşdirmək üçün müvafiq qurumlara müraciət edib. Çünki, bu virusun yayılması gigiyenik təmizlik ilə yaxından bağlıdır. Rəhbərlik də bir tələbənin boş mənzilindəki natəmizliyin digər tələbələrin həyatını riskə atmaması üçün bu cür addımlar atır. Yəni yalnız dövlət deyil, insanlar da mümkün olan bütün tədbirləri görməyə çalışırlar”.

 

Soydaşımız bildirib ki, ilk vaxtlar sosial media insanları səhv yönləndirdiyinə görə əhali mağazalara axın edirdi, bu səbəbdən isə marketlərdə qıtlıq yaranırdı, hazırda isə vəziyyət normala dönüb:

 

 “İlk vaxtlar sosial mediada boş vitrin şəkilləri paylaşıb, insanları təşvişə salırdılar. Həmin vaxtlar hiss olunurdu ki, insanlarda panika var, mağazanı çox qısa zamanda boşaldırdılar. Ancaq indi o hala rast gəlmirəm. Bir sıra məhsullar istisna olmaqla demək olar ki, hər şey əvvəlki kimidir.

 

Tibbi ləvazimatların alışında da ilk vaxtlar çaxnaşma müşahidə olunurdu. Məsələn, maska tapmaq olmurdu, əczaçılar da dəqiq məlumat verə bilmirdi ki, nə vaxta tədarük edə bilərlər. Ancaq hal-hazırda maska və digər vasitələrin satışında alıcılar üçün heç bir problem yoxdur”.

 

“Hazırda burada insanlarda vahimə yoxdur (həddindən artıq qorxan, paranoid səviyyəsində insanları da görmüşəm, mağazalarda, kassada alıcılarla maskasız ünsiyyətdə olacaq qədər rahat insanları da). Çünki almanlar kifayət qədər soyuqqanlı insanlardır. Ancaq maksimum ehtiyatlı, tədbirli olmağa çalışırlar.

 

Bu vəziyyətlə bağlı mən də qorxmuram. Lakin ehtiyatlı olmağa çalışıram. Alış-veriş edərkən bir neçə günlük edirəm ki, mağazaya tez-tez getməyim. Maskadan istifadə edirəm. Virus əl, burun-boğaz yolu və gözlərdən yoluxduğu üçün əllərimin, üzümün təmizliyinə diqqət etməyə çalışıram. Çölə az çıxır və insanlarla demək olar ki, kontaktda olmuram”, - deyə Nurlan Məmmədzadə əlavə edib.

 

Həmyerlimiz Almaniyada təhsil alan azərbaycanlılarla daim münasibətdə olduğunu və onların bəzilərinin Vətənə qayıtmaq istədiklərini söyləyib:

 

“Mənim əlaqə saxladığım azərbaycanlılar demək olar ki, tələbələrdir. DAAD təqaüdçüsü olanlar və təhsilini bitirməyənlər təhsilini onlayn şəkildə davam etdirib, təqaüdə müraciət edərkən qeyd etdikləri hədəflərinə çatmaq istəyirlər. Halbuki, DAAD qayıtmaq istəyən tələbələrə maddi kömək edəcəyini qeyd etmişdi. Ancaq sizin də yəqin ki, məlumatınız var, bu təqaüdçülər çox ciddi seçim turlarından keçirlər. Ona görə də heç bir təqaüdçü tələbə təhsilini yarımçıq qoyub, çox çətinliklə qazanılan təqaüddən imtina edib, geri qayıtmaq istəmir. Əgər mənim təhsilim də davam etsəydi, mən də qayıtmazdım. Təqaüdçü olmayan, öz hesabına oxuyan tələbələr isə fərqli fikirdədirlər. Bir qismi əlavə gəliri olmadığı, burada da xərclər çox olduğu üçün geri qayıtmaq istəyir. Digər bir qismi isə, əksinə, qalıb təhsilini tamamlamaq fikrindədirlər.

 

Biz özümüz səfirliklə tez-tez əlaqə saxlayırıq. Çünki burada kifayət qədər çox azərbaycanlı tələbə var. Ona görə də hər birimizlə səfirliyin əlaqə saxlamasını gözləmək düzgün olmazdı. Hal-hazırda burda yaşayan və Azərbaycana qayıtmaq istəyən tələbələrin və digər insanların təxliyyəsi ilə bağlı çalışırlar. Hər birimiz cavab gözləyirik. Ümid edirəm ki, ən qısa zamanda bu iş yekunlaşar və evlərimizə, ailələrimizin yanına qayıdarıq”.

 

Qeyd edək ki, Almaniyada 100 min 132 nəfər koronavirusa yoluxub, 1584 nəfər isə dünyasını dəyişib.