Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 15:06:00
Şagirdlər buraxılış imtahanlarının  I mərhələsinə nə üçün formal yanaşırlar? –Böyük yanlışlıq

 Məlum olduğu kimi,    bir neçə  gün öncə 9 illik təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi keçirilib.

 

Şagirdlərin əksəriyyəti bu imtahana önəm vermədiklərini, ikinci mərhələnin əsas olduğunu vurğulayırlar.

 

Bəs  buraxılış imtahanların birinci mərhələsi nə dərəcə əhəmiyyətlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi  buraxılış imtahanlarının iki mərhələli keçirilməsini kurikulumun tələblərindən  olduğunu bildirib:

 

“9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının iki mərhələli olması kurikulum təhsil proqramından irəli gələn bir addım oldu. Burada əsasən, I mərhələdə şagirdlər sırf  kurikulum proqramı çərçivəsində imtahan olunurlar. Şagirdlərə cəmi 45 sual təqdim olunur və əldə oluna biləcək maksimum bal  90-dır.

 

 II mərhələdə isə şagirdlər  daha çox Azərbaycan dili, xarici dil və riyaziyyat  üzrə bütün proqram əhatə olunmaqla,  ənənəvi qaydada suallar əsasında  imtahan olunurlar. Burada 90 sual təqdim olunur ki, bu sualların hamısı qapalı tipli tapşırıqlardır.  Bu mərhələdə ən yüksək nəticə 210 baldır. Hər iki mərhələ üzrə nəticə 300  bal təşkil edir”.

 

O bildirib ki, II mərhələ imtahanı daha yüksək bal verdiyi üçün şagirdlər bu mərhələyə daha həvəsli və maraqlıdırlar:

 

“Bununla yanaşı,  burada suallar qapalı tipli, hansı ki, onların öyrəşdiyi ənənəvi sual modelində suallar olduğu üçün onlara bu mərhələ əhəmiyyətlidir. Amma təbii ki, I mərhələ də əhəmiyyətsiz deyil. Çünki biz artıq bu sistemin tətbiqinə 12-13 ildir ki, keçmişik. DİM də sistemin şagirdlər tərəfindən necə mənimsənildiyini yoxlamalıdır. Ona görə də I mərhələdə onların kurikulum təhsil proqramı əsasında öyrəndikləri əsasında suallar salınır. Düzdür, bu imtahan mərhələsində demək olar ki, 70% üzərində şagirdlər riyaziyyat fənnindən təqdim olunan situasiya əsaslı 10 sualı zəif işləyirlər və bəzən də işləmirlər. Bu isə yolverilməz haldır. Çünki DİM bütün bunları araşdırır və təhlil edir. Məhz buna görə də şagirdlər birinci mərhələ imtahanını diqqətdən kənarda saxlamamalıdırlar”.

 

E.Əfəndi növbəti illərdə birmərhələli imtahanın keçirilməsi ehtimalını da vurğulayıb.

 

“Düşünürəm ki, tədricən artıq birmərhələli imtahana keçid olacaq. Çox güman ki, növbəti il üçün bu barədə DİM qəti qərar verəcək. İndiki halda hər iki mərhələ əhəmiyyətlidir. Çünki şagirdləri tədricən yeni prosesə alışdırmaq lazımdır. Artıq üçüncü ildir ki, 9-lar üçün imtahan bu qaydada keçirilir. Bir daha qeyd edim ki, qaşıdakı illərdə DİM 11 illik buraxılışında olduğu kimi 9 illikdə də birmərhələli sistemə keçid edə bilər”.