Bakı Dövlət Universitetində Astrofizika kafedrasının AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə növbəti astroseminarı keçirilib.

AzEdu.az xəbər verir ki, astroseminarda bu müəssisənin Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri Canməmməd Rüstəmovun “Massiv ulduzların təkamül xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, ulduzların təkamülündə onların kütləsi aparıcı rol oynayır. Massiv ulduzların təkamül yolu azkütləli ulduzların təkamül yolundan kəskin fərqlənir. Belə ki, müasir astrofizikanın ən ekzotik obyektləri, neytron ulduzları və qara dəliklər massiv ulduzların təkamülünün son mərhələlərində əmələ gəlir. Nəzəri mülahizələrə görə, massiv ulduzların təkamülünün son mərhələsində kvark ulduzları da yaranmalıdır. Lakin indiyə kimi bu ulduzları aşkarlamaq mümkün olmayıb. Hazırda massiv (kütləsi 140 Günəş kütləsindən çox) Volf-Raye tipli ulduzların aşkar edilməsi onların mövcud daxili quruluş nəzəriyyəsi üçün xeyli çətinlik yaradıb. Müasir nəzəri tədqiqatların nəticələrinə görə, kütləsi Günəşin kütləsindən 120 dəfədən böyük ulduzun mövcudluğu mümkün olmamalı idi.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.