Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-25 13:16:00
Təhsil Nazirliyinin orta məktəblərdə həyata keçirdiyi çox faydalı layihələr – Mükəmməl tətbiqlər

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil müəssisələrində tətbiq olunan bir sıra layihə və proqramlar tədrisin innovativləşməsi məqsədilə həyata keçirilir. Bu layihələr çərçivəsində şagirdlərin yeni bilik və bacarıqlara yiyələndiyi müşahidə olunur.

AzEdu.az Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil müəssisələrində son illərdə tətbiq olunan layihələr barəsində qısa bilgiləri təqdim edir:

Bunlardan biri də müəllimlər üçün nəzərdə tutulmuş STEAM layihəsidir.

Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsi 2019-2020 tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların  birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.

Bakı şəhərində 42 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu-az portalı da istifadəyə verilib.

Layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisidir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.

STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elm və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Steam layihəsi çərçivəsində müəllimlərin Türkiyə və İsraildə təlim keçmələri təmi olunub.

Layihənin vəzifələrindən biri də ildə ən azı 2 dəfə respublika üzrə seçilmiş müəllim və şagirdləri üçün STEM qurğuları və robotiks avadanlıqları ilə “workshop”ların təşkil edilməsidir.

 “eTwinning Plus” layihəsi Azərbaycanda 2013-cü ildən etibarən reallaşdırılır.

Beynəlxalq “eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndirilir. Hazırda layihənin təhsil işçilərindən ibarət 2000-dən çox iştirakçısı var.

“Erasmus+” proqramı çərçivəsində reallaşan “Fasiləsiz Təhsil Proqramı”nın tərkib hissəsi olan “eTwinning” layihəsi təhsil sistemi üçün innovativ tədris metodları, fənlərin inteqrativ tədrisi, şəxsi inkişaf, İKT-nin təhsilə tətbiqi, effektiv idarəetmə baxımından geniş imkanlar yaradır.

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində iqlim dəyişmələri, ekosistem xidmətləri və su-sanitariya-gigiyena mövzuları üzrə bir ay ərzində davam etdirilən təlimlər təşkil edilib.

Layihə 2016-2020-ci illər üçün Azərbaycan hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində keçirilir. Layihənin məqsədi Təhsil  Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş pedaqoji heyət və şagirdlərin dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığının artırılması, onlarda ekoloji düşüncə tərzinin formalaşdırılmasıdır.

Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması üçün növbəti mərhələlərdə məktəblilər üçün maarifləndirici animasiya filmlərinin hazırlanması, təlimlərdən keçmiş sağlam təhsil sinif müəllimləri tərəfindən “Həyat bilgisi” fənni üzrə  Bakı şəhərində yerləşən 37 məktəbdə “Açıq dərslər”in, sağlam təhsil sinif şagirdlər arasında “Kim? Harada? Necə?” formatında intellektual oyun və valideynlər üçün maarifləndirmə seminarlarının təşkili nəzərdə tutulub.

TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir.

Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihə çərçivəsində ümumtəhsil məktəblərində təlimlər keçirilib. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilb.

“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə 2017-ci ildə başlanan layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir. İnformatika fənninin yeni formatda tədrisindən ibarət olan layihəyə Bakı məktəblərindən start verilsə də, getdikcə bölgələrə də yayılıb. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

 Ən innovativ dünya metodlarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

“Məktəblinin dostu” layihəsi 70 ümumtəhsil məktəbini əhatə edir. Layihə çərçivəsində hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi  olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində “Məktəblinin dostu” fəaliyyət göstərir.

2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihə ilk olaraq 30 məktəbdə fəaliyyətə başlayıb.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

İnklüziv təhsillə bağlı layihələr

Bulardan əlavə, Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində 2015-2016-cı tədris ilindən ölkəmizdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

Ölkəmizdə inklüziv təhsillə bağlı Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi də həyata keçirilir. Layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad bölgələrini əhatə edir.

Həmçinin UNİCEF tərəfindən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsi icra olunur. Layihə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, o cümlədən kadr hazırlığı və əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunması üçün cəmiyyətdə müsbət münasibətlərin dəstəklənməsidir. Layihə Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazaxda icra edilir. (ardı var)

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları