Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 12:44:32
“Bu türk liseyində dərslər yüksək səviyyədə keçirilir” – “700 ballıq”  abituriyent

Mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb.  

Onlardan biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Xəyyam Sultanlıdır. Xəyyam IX sinfi qırmızı şəhadətnamə ilə bitirib. Bir neçə intellektual televiziya proqramının qalibi olub. Eyni zamanda Amerikada XII sinif təhsili təmin edən FLEX (Future Leaders Exchange Program) proqramını qazanıb.

AzEdu.az Xəyyam Sultanlı ilə müsahibəni təqdim edir: 

-Xəyyam, necəsiniz?

-Çox sağ olun, yaxşıyam.

-Əvvəlcə sizi təbrik edir və uğurlarının daimi olmasını arzulayırıq...

-...Çox sağ olun, minnətdaram.

-Qəbul imtahanlarında maksimum nəticə göstərənə qədər hansı uğurlara imza atmısınız?

-Məktəbdə keçirilən imtahanlarda yüksək nəticələr göstərmişəm, qiymətlərim həmişə əla olub. 9-cu sinifdə də qırmızı şəhadətnamə almışam.  Bildiyiniz kimi, FLEX (Future Leaders Exchange Program) proqramı mövcuddur.

Bu proqram vasitəsilə Azərbaycanda XI sinif şagirdləri bura baş vurur və XII sinfi ABŞ-da təhsil alırlar. Mən də bu proqrama baş vurdum və oranı qazandım.

- FLEX proqramı çərçivəsində Amerikaya nə vaxt getməyi düşünürsünüz?

-Azərbaycanda hüquqşünaslıq üzrə təhsil almaq istəyirəm. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası  və ya  Azərbaycan Diplomatik Akademiyasında təhsilimi davam etdirməyi düşünürəm. İndi fikrim var ki, yaxşı universitetə qəbul olduqdan sonra akademik məzuniyyət götürüb, ABŞ-da XII sinif təhsilini alıb, yenidən vətənə qayıdım.

- Hüquq sahəsinə istiqamətlənməyinizdə iqtisadi amilin rolu nə qədərdir?

-Sözsüz ki, iqtisadi amilin burda rolu var. Uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Ədalətin təmin olunmasında az da olsa rolum olacaqsa, bu, məni sevindirər. Hüququ seçəndə valideynlərimlə məsləhətləşmişəm və onların böyük rolu olub.

- Xəyyam, Türkiyə  Dəyanət Vəqfi Bakı Türk Liseyində təhsil sistemi necədir?

Burada təhsil yüksək səviyyədədir. Şagirdlər digər məktəblərdə V sinfi bitirdikdən sonra  VI sinfə imtahanla qəbul olunurlar. Həmçinin VIII sinfi bitirdikdən sonra da qəbul var.  Lakin bu zaman qəbul sayı  VI sinfə qəbul olunanların sayından nisbətən az olur. 6 illik təhsilini  başa vuranların nəticələri çox  yüksəkdir. Məktəbin 18-ci  700 bal toplayan şagirdiyəm. Nəzərə alsaq ki, Azərbaycanda 80-dən bir qədər  çox 700 bal toplayan  şagird var, deməli bu göstərici çox yüksəkdir. İki sinif yoldaşım 696 bal toplayıb, biri isə 691 bal yığıb. Həmçinin 677, 688, 675 bal toplayan sinif  yoldaşlarım  da var.

- Bəs VI sinfə qədər hansı məktəbdə oxumusunuz?

- I və II  sinfi Bakıxanov qəsəbəsindəki 74 saylı məktəbdə, III və IV  sinfi isə Yasamalda 308 nömrəli orta məktəbdə oxumuşam.

- Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi bu məktəblərdən hansı özəllikləri ilə fərqlənir?

- IV  sinfi bitirdikdən sonra daha qətiyyətli bir yol seçmişdim. Onun üçün də liseyə sənədlərimi verdim və qəbul olundum. Sonrakı həyat yolumu burada davam etdirdim.

- Liseydə digər məktəblərdə tədris olunmayan hansı fənləri keçirsiniz?

- V sinifdən qəbul oldunduqda digər fənlərdən əlavə ərəb, türk dili, ərəb fonetikası, mənəviyyat və psixologiya kimi əlavə dərslər də keçirilir.

- Mənəviyyat dərslərində sizə nələr aşılanır?

- Cəmiyyətlə münasibətlərimiz, mənəvi duyğular, insanın daxili hisslərinin öyrənilməsi kimi bilgilər aşılanır.

- Ali məktəbə qəbul imtahanında xarici dil fənni kimi ərəb dilindən imtahan vermisiniz?

-Xeyr,  ingilis dilindən imtahan vermişəm. Ərəb dili, burada sadəcə əlavə fənn olaraq tədris olunur.

 

- Niyə ispan, fransız və ya italyan dili yox, məhz ərəb dili? Çox güman ki, bu dinlə əlaqədardır...

-Dinlə heç bir əlaqəsi yoxdur, sırf dil bilgilərinin təkmilləşdirilməsi və artırılması baxımından keçirilir.  

- Liseydə şagirdlərə Qurani-Kərimin oxunması öyrədilir. Bu da onlara İslam dininin təbliğ olunduğuna dair şübhələri bir qədər də artırır...

- Bu barədə mən də çox eşitmişəm.  Ancaq bütün bunlar yalnız qıraqdan baxanda yaranan yanlış düşüncələrdəndir. Çünki bu məktəbin içində olmadıqca  kənardan fikir bildirmək düzgün deyil. Valideynlər övladlarını məktəbə yazdırmaq istəyir, ancaq tərəddüd edirlər ki, uşağı hansısa pis yola və ya istiqamətə yönəldərlər. Mən heç vaxt bunun şahidi olmamışam. Belə bir şey olmadığına da 100 faiz zəmanət verə bilərəm. Böyük ehtimal bu düşüncələr məktəbimizin əvvəl məscidin yanında yerləşməsiylə əlaqədar olub.  Lakin liseyin yeri artıq dəyişdirilib. Yəqin,  bu düşüncələr də yavaş-yavaş yox olar.

-Amma indi də Göy Məscidin yaxınlığına köçürülüb. Qızların məktəbli formasında yubkanın uzunluğu xüsusi diqqət çəkir, üstəlik formanınız rəngi də yaşıldır. Sizcə, bütün bunları nəzərə alaraq, liseyi dünyəvi adlandırmaq nə dərəcədə düzgün olardı?

-Həm dünyəvi, həm sekulyar, həm də unitarıq. Bəli, qızlara dizdən aşağı geyinmək tapşırılır. Ancaq bu çox normal bir şeydir. Hər qurumun öz qayda-qanunu var.

- Yəni, dünyəvi olmaq bunu tələb edir?

-Siz bunu qeyri-dünyəvi addım hesab edirsinizsə, mən şəxsən bununla razılaşa bilmərəm. Liseyə qıraqdan çox yanlış düşüncəylə yanaşırlar. Əmin ola bilərsiniz ki, nəinki 10-15 faiz, heç bir faiz də təbliğatdan söhbət gedə bilməz. Bizə ərəb fonetikası dərsində Qurani-Kərimin oxunması və Quranda yazılan sözlərin mənası öyrədilir. Ancaq  inanın ki, burada təhsil alan ateist uşaqların sayı digər məktəblərdən qat-qat çoxdur.

- Dünyəvi liseydirsə, şagirdlərə niyə məhz İslam dininin müqəddəs kitabı öyrədilir?  Hər halda təbliğat olunmasa belə, fokuslanma var...

- Əmin ola bilərsiniz ki, qıraqdan görünən hər şey yanlışdır. Fikirləşirlər ki, təbliğat aparılır, ancaq bu fikrə qəti şəkildə qatılmazdım. V sinfə qəbul olmamışdan bir-iki həftə əvvəl mənə dedilər ki, bəlkə bizim xəbərimiz olmaz, səni nurçuluğa yönləndirərlər. Özüm gəldim gördüm ki, qəti belə şey yoxdur. 7 ildir, burda oxuyuram, elə bir şey olsaydı bu mənim inanclarıma da təsir edərdi.

- Yeri gəlmişkən, inanclı birisiniz?

- Bu barədə hələ dəqiq qərar verməmişəm.

- Yəni, şübhələriniz var..

- Bəli, şübhələrim var.

-Belə başa düşdüm ki, mühafizəkarsınız...

-Bəlkə də...

- Xəyyam, bu liseydə təhsil almasaydınız, yenə də 700 bal toplaya bilərdiniz?

- Dəqiq bir şey deyə bilmərəm. Ancaq, yəqin ki yox. Çünki liseyin bu nəticəni əldə etməyimdə rolu böyükdür. V sinifdən burada aldığım təhsilin və müəllimlərimin üzərimdə əməyi danılmazdır.

- Gündəmi izləyirsiniz?

- Bəli, izləyirəm. Məlumatları daha çox  “facebook”dan və  “instagram”dan alıram. Televiziyaya isə demək olar ki, baxmıram.

- Sizcə, orta məktəblərdə hansı yeniliklərin tətbiq olunması təhsilə fayda verə bilər?

- Orta məktəblərdə dərslər daha ciddi və məsuliyyətli keçirilsə, uşaqlar motivasiya edilsə yaxşı olar. Bəzən şagirdlər valideyn təzyiqi altında yanlış fakültələr seçib, yanlış ixtisaslara yönəlirlər.  Motivasiya uşağa çox kömək edə bilər. Bu yaxınlarda da iki şagird özünü valideyn təzyiqi ucbatından öldürüb.

- III ixtisas qrupu üzrə hazırlaşan bir gənc kimi tarix dərsliklərində hansı çatışmazlıqlar müşahidə etmisiniz?

- Məsələn, son 200-300 ilin dünya tarixini daha geniş öyrənə bilərdik. Bu bir çox abituriyentin, bəlkə də xoşuna gəlməyəcək. Ancaq niyə xarici ölkələri daha da çox öyrənməyək.  Onların gördüyü işləri, qazandığı nailiyyətləri, əsasən də Qərbi Avropa ölkələrinin uğurlu sistemlərini öyrənib, ölkəmizdə tətbiq etmək olar.

- Məlumdur ki, gələn il şagirdlər tamamilə yeni sistem əsasında qəbul imtahanı verəcəklər. Bu onların hansı çətinliklərlə üzləşməsinə səbəb ola bilər?

- Sözün düzü, bu sistemlə elə də çox maraqlanmamışam. Ancaq sevinirəm ki, kurikulum sisteminə düşmədim. Formalaşmış sistemdə imtahan vermişəm. Neynəmək lazım olduğunu bilirdim, qarşımda test topluları, əvvəlki illərin sınaq və qəbul testləri var idi. Lakin gələn il bu sistemdə ilk imtahan olduğundan şagirdlərin çətinlik çəkəcəyini düşünürəm.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları