Evdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları“na uyğun təşkil edilir.
Evdə təhsil necə təşkil edilir?
-Hər bir rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) nəzdində psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Şagirdlər evdə təhsilə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında qəbul edilirlər;
-Sağlamlıq imkanları məhdud olan uşaqlar evdə təhsilə xəstəliyinə uyğun olaraq ümumtəhsil məktəbinin proqramı və ya xüsusi təhsil məktəbinin proqramı ilə cəlb olunurlar;
Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə edilir;
Evdə təhsilin dərs proqramı necə olur?
Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə təşkil edir. Gündəlik dərslərin miqdarı I-IV siniflərdə 2, V-XI siniflərdə 3 saatdan çox ola bilməz.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.2015-ci il tarixli 108 nömrəli Qərarına əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət verilir.
Sağlamlıq imkanları məhdud olan buraxılış sinif şagirdləri imtahanlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.04.2002-ci il tarixli,74 nömrəli Qərarı ilə təsdiq edilmiş «Psixoloji-tibbi-pedaqoji komissiya haqqında Əsasnamə»nin 3.10-cu bəndinə uyğun olaraq, psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə azad olunurlar.
Elşən RAMİZOĞLU