Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 15:30:00
Sərxan Rüstəmovun TƏHSİL RESEPTİ:  “Boş vaxtlarda kitab oxumaq düzgün iş deyil”

Sərxan Rüstəmov: “Ola bilər ki, valideyn elə peşə sahibidir ki, kitab oxumağa vaxtı olmur. Amma ən azından övladı üçün evində kitab rəfi alaraq ziyalı mühiti yarada bilər”.

AzEdu.az  “Təhsil resepti”  rubrikasını davam etdirir.  Rubrika çərçivəsində respublikanın tanınan ictimai-siyasi şəxsləri, incəsənət və maarif xadimləri, media təmsilçiləri Azərbaycan təhsilinin gələcək inkişafı üçün öz “resept”lərini təqdim edirlər.

AzEdu.az-ın budəfəki qonağı Sərxan Rüstəmovdur.

Sərxan Rüstəmov Libraff mağazalar şəbəkəsinin PR meneceri, tanınmış vloggerdir.

S.Rüstəmov "resept hazırlığına" ən aktual məsələlərdən biri - fədəkar müəllimlərlə bağlı  fikirlərilə  başlayır.  O, yaxın günlərdə rəsmi facebook səhifəsində  “Saçı alışıbmış kimi öyrət”  başlıqlı canlı yayımını fədakar müəllimlərə həsr edərək maraqlı bir hadisəni izləyicilərə oxuyub. Əvvəlcə həmin paylaşımı təqdim edirik:

“Canlı yayımda oxuduğum parça Ken Robinsonun “Yaradıcı məktəblər” kitabındandır. Bu kitab Təhsil Nazirliyinin sifarişi ilə ingilis dilindən dilimizə tərcümə olunub.  Müəllif özü Tedx də ən çox izlənən şəxsdir. O, danışıqlarında  təhsildə, məktəb mühitində  necə dəyişiklik aparılması barədə tövsiyələr verir, çıxışlarında  dünyanın müxtəlif məktəblərdən,  müəllimlərindən nümunələr göstərir.  “Saçı alışıbmış kimi öyrət” adlı hekayəni yazan müəllim də başına gələn bir hadisədən danışır.   Müəllim o qədər lampanı alışdırmağa diqqət göstərib ki, saçının alışdığından xəbərsiz olub. Əslində  bizdə bu tip fədakar müəllimlərin az olduğunu düşünmürəm. Sadəcə olaraq pislər daha çox gözə girir, onların fərqinə daha tez  varırıq.  Elə fədakar  müəllimlər də var ki, biz bəlkə də onları tanımırıq. “Facebook”da “Gənc müəllim” adlı səhifədə paylaşılanlardan görürük ki, həqiqətən də belə gənc fədakar müəllimlərimiz var.   Düzü, özümü müəllimlərə nəyisə tövsiyə edəcək məqamda hiss etmirəm. Amma fikrimcə, müəllimlərin həvəslə işləməsi üçün maaşların onların ehtiyacını qarşılayacaq məbləğdə olmalıdır. İkincisi isə, müəllimin öz peşəsinə sevgisi, bağlılığı ilə əlaqədardır. Məsələn, “ali məktəblərə qəbulda  daha yüksək yeri yazmışdım, balım çatmadı bura düşdüm”, “başqa yerdə işləyə bilmirəm, ona görə müəllim işləyirəm”- deyən adam  həvəslə dərs deyə bilməz.  Son dövrlərdə əməkhaqqının artırılması, müəllimlərin işə qəbulu müsabiqəsi istiqamətlərində faydalı işlər görülür. İstəmədən müəllimlik üzrə oxuyan və işləyən şəxslər düşünürəm ki, sıradan çıxacaq. Bununla da fədakar müəllimlərin sayı artacaq. Bununla yanaşı, onlar öz işləri ilə bağlı ədəbiyyatlara, insanlığı, fədakarlığı aşılayan filmlərə müraciət etməlidirlər ki, bu hisslər inkişaf etsin”.

S.Rüstəmov qəbul imtahanından söz düşmüşkən tələbələrin universitetə qəbul olunduqdan sonra “oxumağın daşını”atmasından söz açıb, əyləncələrə aludə olmalarına münasibət bildirib. Tanınmış vlogger bunu onların abituriyent vaxtı çox yorulması və səhv motivasiya olunmaları ilə izah edir:

“Bu məsələni tələbələrin hamısına aid etmək olmaz. Hesab edirəm ki, onların bir çoxu, xüsusilə, yeni nəsil gənclər məndən daha məsuliyyətlidir. Ümumiyyətlə, heç vaxt mümkün deyil ki, hamı oxusun, məsuliyyətli olsun və karyera haqqında düşünsün. Onsuz da, minlərlə tələbə varsa, onun 20-30 faizi, bəlkə də daha azı yaxşı oxuyacaq.   Amma ölkəni, cəmiyyəti də irəli aparan onlar olacaq. Heç vaxt bu nisbət kəskin şəkildə dəyişməyəcək: tutaq ki, 30 faiz yaxşı, 70 faiz pisdirsə, əksi olmayacaq.  Bu reallıqla barışmalıyıq. Tələbə univeristetə qəbul olunanda ona görə işini bitmiş hesab edir ki, abituriyent olanda   testlərdən, qınaqlardan çox bezir və nəticədə dəftər-kitaba marağı olmur. Ətrafdakı insanlar, valideynləri də onları yanlış motivasiya edirlər: deyirlər ki, universitetə qəbul olunanda hər şey asanlaşacaq. Amma əslində isə həyat elə universitetə qəbul olunandan, daha doğrusu, universiteti bitirəndən sonra başlayır. Tələbələr bunu qəbul etməlidirlər ki, sonradan xəyal qırıqlığına uğramasınlar.

Onları mütaliəyə cəlb etmək üçün kitab oxuyan, kitabla uğur qazanmağa nail olan insanlar aktiv olmalıdırlar. Belə insanları mütəmadi olaraq tələbələrlə görüşdürmək lazımdır. Tələbələr bu tip insanları tanımalı, izləməli və bunun üçün universitetlərdə şərait yaradılmalıdır.  Sosial şəbəkələr vasitəsilə çoxlu pul, vəzifə sahibi olan, dolayı yollarla məşhurlaşan insanlar yox, daha çox öz zəhməti, əzmi, mütaliəsi ilə uğur qazananlar təbliğ edilməlidir ki, tələbələr də onları gördükcə maraqları artsın, onlarda həvəs yaransın”.

Ümumiyyətlə, gənclərin asudə vaxtını necə keçirmələri mübahisəli məsələdir. Gənclərin çoxu heç bunun qayğısına qalmır, bəziləri də boş vaxtlarını kitab oxumaqla dəyərləndirməyə çalışırlar. Sərxan bəy gənclərin dünyagörüşlərini artırmaqları, asudə vaxtlarını daha mənalı keçirməkləri ilə bağlı fikirlərini  gənc olaraq bizimlə bölüşür:

“Əslində, asudə vaxtlarda istirahət etmək lazımdır. Birinə sual verirsən ki, boş vaxtlarında nə edirsən? Cavablayırlar ki, kitab oxuyuram. Əslində bu, düzgün yanaşma deyil. Boş vaxtında insan istirahət etməli, kitab oxumaq üçün ayrıca vaxt ayırmalıdır. Belə zamanlarda kitab oxuyan adamlar ya yola verirlər, ya da çox az oxuyurlar.  Onlar boş vaxtlarında dostları ilə xoş ünsiyyət qursa, gəzsə, əylənsə, digər məşğul olduqları vaxtları da daha məsuliyyətli, məhsuldar keçirə bilər. 

Dünyagörüşünü artırmaq üçün ilk mənbə mütaliədir. Fərqi yoxdur hansı vasitələrdən - kitabdan, internetdən –istənilən mənbədən oxuya bilər. İnsan bir ölkəyə səfər edərək də oxuya bilər. Mənə görə bu da mütaliənin bir növüdür.  Filmə baxaraq da nələrsə öyrənə bilər.  Amma əsas məsələ odur ki, burda vaxt meyarını düzgün qiymətləndirək. Çünki dünyada milyonlarla kitab, film var. Bizim onları izləmək, oxumaq üçün zamanımız çatmayacaq. Çünki həyatımız,  vaxtımız limitlidir. Ona görə də biz ətrafımızda uğur qazanmış, faydalı insanlardan siyahılar alaraq milyonlarla kitabdan, filmdən hansıları əvvələ salmağı müəyyənləşdirməliyik. Həm də öz ixtisasımızla bağlı elmi kitablara daha çox üstünlük verməliyik. Çünki bədii ədəbiyyatı sonra oxumağa vaxt olacaq”.

Yazıçıların, ziyalıların çoxu şikayətlənirlər ki, gənclər mütaliə etmirlər. Onlar bu şikayətlərdə haqlıdırmı?  – sualını  daimi mütaliə edən gənc kimi ondan da soruşduq. O isə bildirdi ki...

“Bu tip şikayətlər hətta mixi, Misir heroqlifləri ilə yazılmış qədim yazılarda belə olub. O vaxtında yaşlı nəsli şikayətlənib ki, gənclər pozulur, gənclərin tərbiyəsi əldən getdi və s. Hətta bu haqqda Karl Saqanın “İblislərlə  dolu dünya elmin şam işığında” adlı kitabında bir sitat var. Yəni, bu ənənəvi bir məsələdir. Biz də yəqin ki qocalanda özümüzdən sonrakılara tənqidi yanaşacağıq. Gəncləri qınayan adamların bəzilərin araşdırsaq, bəlkə də heç özləri mütaliə etmir, amma başqalarının mütaliəsizliyindən şikayətlənir. Bu beyinlərimizə sirayət etmiş yanlış bir fikirdir. Həmişə oxuyan gənclər də, avara gənclər də olub. Bu min il əvvəl də belə olub, indi də var. Güya bizim dədə-babalarımız əllərindən kitab salmayıblar, bütün günü mütaliə ediblər? Xeyr, belə şey yoxdur. Reallıqla barışmaq  lazımdır.  Düşünürəm ki, mütailə edən gənclərin sayı son illərdə daha da  artıb. Əsas məsələ çox oxumaq yox, önəmli, faydalı kitabları oxumaqdır.  Mənim çox sevdiyim bir sitat var ki, onu həmişə deyirəm: İnsanın ağıllı, dünyagörüşlü  olması üçün 10 kitab oxuması kifayətdir.  Amma həmin 10 kitabın hansı olduğunu bilmək üçün yüzlərlə kitab oxumağa ehtiyac var.  Bu mənada biz daha yaxın gələcəkdə, karyeramızda bizə faydalı olacaq kitablara üstünlük verməliyik. Amma təəssüflər olsun ki, çox vaxt sevgi, detektiv romanlara üstünlük veririk. Çünki onlar daha sadə, asandır, insanı yormur.  Tez oxuyub qutarmaq olur. Mən özüm də vaxtilə bu səhvi etmişəm.  Bu, həm də müəyyən mənadan insanda eqoizm yaradır”.

Müsahibimiz bir müddət “Məktəblinin dostu” layihəsində PR menecer vəzifəsində çalışıb. Bu müddətdə müşahidə etdiyi problemləri və onların həllini öz “təhsil resepti”nə əlavə edir.

“Şagirdlərdə, müəllimlərdə, istərsə də cəmiyyətdə “nümunə” görməmək, nümunəsizlik  problemi var.  Mütaliəsizlik, kitaba təhsilə qarşı olan laqeydlik birbaşa müəllimlərin və valideynlərin problemidir. Çünki valideyndən evdə normal bir nümunə görməyən  şagird  məktəbdə  çox ləng irəliləyəcək. Tutaq ki, əlinə heç vaxt kitab almayan bir valideyn ona “dərs oxu” deyəndə bu sözün təsiri olmayacaq. Bu mənada düşünürəm ki, normal mühit yaratmaqda valideynlərin  üzərinə  daha çox iş düşür.  Uşaqlar kiçik yaşlarından ətrafda, ata-anasının əlində kitab görsə yaxşı olar. Ola bilər ki, valideyn elə bir peşə sahibidir ki, onun kitab oxumağa vaxtı olmur.  Amma ən azından övladı üçün  evinə kitab rəfi ala bilər, kitablar olan bir mühit yarada bilər. Onun doğum gününə kitab hədiyyə edə bilər. Məsələn, həftədə iki dəfə restoranlara, gəzməyə, Park bulvara və digər əyləncə mərkzələrinə  aparırsa,  ayda bir-iki dəfə də kitab evlərinə, kitabxanalara, tamaşalara aparmalıdır ki, uşaqlarda bədii, mədəni zövq formalaşsın”.

İndi artıq Azərbaycanda uşaqlar kiçik yaşlarından təhsilə cəlb edilir. Amma valideynlərin onları məktəbə, təhsilə alışdırmaqla bağlı bilikləri kifayət qədər deyil. Əvvəlcə valideynlər maarifləndirilməlidir ki, onlar da uşaqlarına nələrsə qazandıra bilsin. Uşaq evin güzgüsüdür deyiblər...

Bu baradə Sərxan bəyin bəzi təklifləri var:

“Mənim 3 yaş 9 aylıq bir övladım var. Həm mən, həm də həyat yoldaşım valideyn olaraq övladımız doğulan gündən onun haqqında düşünməyə başlamışıq. Bu mənada bizə faydalı olan bir kitab var. . Masaru İbukanın “Bağçada artıq gec olacaq” adlı kitabı məsləhət görürəm. Müəllif özü yaponiyalıdır və “Sony” şirkətinin qurucularından biridir. Səhv etmirəmsə, kitab ötən əsrin 60-70-ci illərində yazılıb. Burada müəllif ilk 36 ayın, yəni 3 yaşın nə qədər önəmli olduğundan bəhs edir, valideynlərə sanki həyəcan təbili çalır. Müəllif deyir ki, bağçada artıq gec olacaq. Təsəvvür edin, indi bağça artıq gec sayılırsa, gör məktəb nə qədər gecikdirir? Valideyn  5-6 yaşa qədər təkcə  uşağı yedirdib-içirdib, yaxşı geyindirib, fotosessiyasını etməklə valideynlik etmiş sayılmır. Uşaq məktəbə və ya məktəbəhazırlığa sıfırdan başlayırsa, o çox ciddi çətinliklə qarşılaşacaq. Beləcə hazırlıqlı şagirdlərdən geri qalacaq. Bunun əziyyətini,  təbii ki,  məsuliyyətli olarsa,  yenə də valideyn çəkəcək. Valideyn düşünməlidir ki, uşaq məktəbdə bir neçə saat vaxt keçirir, amma evdə 20 saat olur. 6 yaşına qədər uşağa heç nə öyrətməyib bütün məsuliyyəti məktəbə atmaq olmaz.

Valideynlərə kömək olan, bir növ istiqamətləndirən  psixoloji, pedaqoji kitablar var. Elizabet Heynstokun “Evdə Montessori təlimi” kitabı çox qəşəngdir, uşaqlarla  ev əşyaları ilə  oyunlar oynamağın yolların öyrədir. Çünki onlar oyunlarla öyrənməyi, oynamağı çox sevirlər. Bu kitabların qiyməti də  münasibdir. Valideynlər bun kitabları oxuyaraq məsələnin ciddiyyətin hiss edərlərsə, heç vaxt sakit dayana bilməzlər”. 

İndi məktəblərdə “təhsil üçbuçağı” qurulur. Onun tərəfləri isə müəllim-şagird-valideyn münasibətlərini əks etdirir. Sərxan Rüstəmov valideynləri təhsilə cəlb etməyin yollarından danışır: 

“Valideynlər uşağın təhsil həyatında birbaşa, aktiv iştirak etməlidirlər. Sinif rəhbəri, fənn müəllimləri, direktorla daimi ünsiyyətdə olmalı, artıq iş-işdən keçəndən sonra övladının gələcəyi haqqında  düşünməli deyil. Məsələn, uşaq 10-11-ci sinfə çatanda düşünür ki, onların övladları ali məktəblərə qəbul olunmalıdırlar. Bu səbəbdən pul xərcləyib kursa yazdırırlar. 

Onlar  bütün valideyn iclaslarında iştirak etməli, lazım olsarsa, müəllimlə fərdi şəkildə görüşməli, övladının zəif tərəflərin aşkarlamalı və həll etməlidirlər.   Burada sinif rəhbərinin üzərinə də iş düşür. Valideyn iclası uşaqları tənqid etmək, başqaların yanında zəif qələmə verməkdən ibarət olmamalıdır. O elə təşkil olunmaldır ki, hər dəfə valideyn nəsə öyrənsin və özü həvəslə  iclaslarda iştirak etsin. Sinif rəhbəri ilə valideyn arasında səmimiyyət olmalıdır”.

Ayşə Müseyib