Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 09:12:00
Şuşanın didərgin məktəbləri – “Həmin günü gözyaşlarıyla xatırlayıram”

Bu gün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür. Şuşa 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə işğal olunub.

Azərbaycan təhsilinə böyük ziyalılar bəxş edən qədim Şuşa məktəbləri də hazırda erməni “əsirliyindədir”.

Orta əsrlərdən başlayaraq, Azərbaycanda təhsil mollaxana, məktəb və mədrəsələrdə aparılıb. Şuşadakı İbrahim xan məscidi nəzdində əsası 1801-ci ildə əsası qoyulan məktəb də belələrindəndir. Bura XIX əsrin II yarısında da fəaliyyət göstərib. Mədrəsələrdə ərəb dili və Quran öyrədilirdi. Mirzə Şəfi Vazeh belə məktəblərdə dərs keçib.

Hazırda Şuşa əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb. İşğaldan sonra rayonun məktəbləri də digər bölgələrə köçürülüb. Şuşada təhsil alan şagirdlər və dərs deyən müəllimlər həmin məktəblərə yerləşdirilib.

Bu da onlarda bir çox çətinliklərin, ağrı-acıların başlanğıcı olub. İnsanlar təkcə yurd-yuvalarını itirməyib, ayrı-ayrı yerlərə səpələnən şuşalılar həm də təhsilini, yaşam tərzini itiriblər.

Azedu.az-ın əməkdaşı 27 il ərzində onların adaptasiya prosesini, Şuşa məktəblərində təhsil alan şagirdlərin təhsil durumunu öyrənmək üçün həmin məktəblərlə əlaqə saxlayıb.

Bakıda yerləşən Şuşa şəhər 3 saylı orta məktəbin direktoru Elmira Əliyeva məktəb kollektivi olaraq hazırda işğal günü ilə əlaqədar şəhidlərin abidəsini ziyarət etməyə getdiklərini bildirib:

“Hər bir şuşalı kimi biz nəinki bu gün, Şuşanı hər an yad edirik. Biz cənab prezidentimizin siyasətinə inanır və bilirik ki, yaxın zamanlarda bizi Şuşamıza qaytaracaq.

Şuşadan köçdüyümüz günü ürək ağrısı ilə xatırlayıram. Bu, hər şuşalı kimi mənə də çox pis təsir edir. Biz də istəyərək ki, öz yurd - yuvamızda olaq. Bizim Şuşamız erməni tapdağı altında olmamalıdır. Şuşanın köhnə şagirdləri bu gün də bizi yad edirlər. Bu gün də məktəbə gəlib baş çəkərək Şuşadakı ab-havanı bizə yaşadırlar. Lakin, nə qədər desək də ab-havanı hiss edirik, bu, həqiqəti tam əks etdirmir. Arzu edirik ki, cənab prezidentimiz bizi yaxın günlərdə məmləkətə qaytarsın və həmin şagirdlərimiz Şuşa torpaqlarında, Şuşa məktəblərində biz müəllimlərini ziyarət etsinlər”.

Bərdənin Şirvanlı kəndində yerləşən Şuşa şəhər 19 saylı tam orta məktəbin direktoru Rafael Məmmədov indiki məktəbin Şuşanı xatırlatmadığını qeyd edib:

“Təxminən, bir saat olar ki, Şuşaya həsr etdiyimiz tədbir başa çatıb. Bəlkə inanmazsınız, amma tədbirdə şagirdlər, müəllimlər hamısı ağlayırdı. Həmin günü çox ağrılı xatırlayıram. İlk dəfə Bərdəyə köçüb məskunlaşanda məktəbdə çətinliklərimiz çox olurdu. Mən bundan əvvəl Şuşanın kənd məktəbində direktor işləmişəm. O məktəbdə savadlı, istedadlı uşaqlar çox olurdu. Təzə köçdüyümüz vaxtalarda qaz, su, işıq problemlərimiz daimi idi. İndi isə problemlərimiz həll olunub. Şagirdlər, mühit isə bizə tam olaraq Şuşanı xatırlatmır. Oralar çox başqa idi”.

Göyçayda yerləşən Şuşa şəhər 17 saylı tam orta məktəbin direktoru Məzahir Hüseynov da bildirib ki, Şuşada yerləşən kənd məktəblərini indi heç bir məktəb əvəz edə bilməz:

“Şuşaya həsr etdiyimiz tədbir artıq başa çatıb. Tədbirdə şəhid ailələri, məktəbli, müəllimlər iştirak etdi. Şəhid ailələri, hadisə şahidləri Şuşanın işğalı günü başlarına gələn hadisələri danışdılar. Çox ağırdır. Məktəbi dəyişdiyimiz günü ancaq göz yaşları ilə xatırlayıram. Yadımdadır, may ayında Göyçaya köçdük, sonra qərar qəbul olunaraq Şuşadakı əməkhaqqılarımız bizə verildi. Mən orada da kənd məktəbində direktor işləyirdim. İndi buradakı şərait 26 il əvvəlkindən nə qədər yaxşı olursa olsun, hətta Şuşanın kənd məktəbinin belə yerini verməz. Şuşanı, onun havasını, məktəbi və şagirdlərini mənə görə heç nə əvəz edə bilməz”.