Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 11:42:24
Müəllimin işdən qovulması -  Cəza, yoxsa şagirdlərin idealının məhvi?

Mütəxəssislər qeyd edirlər ki, uşaq məktəb dövründə özü üçün müəyyən qəliblər götürür və onları 18 yaşından sonra özünə bir model seçir. Yəni, qərar verir ki, mən artıq həyatım boyu bu modeldən istifadə etməliyəm. Qısacası, məktəb uşağın bilavasitə gələcəyi naminə model müəyyənləşdirmə yeridir.  Şagird bu işi düzgün yerinə yetirməzsə, seçimində yanlışlığa yola verərsə, o, heç zaman  şəxsiyyət kimi formalaşa bilməz.  Əlbəttə bu prosesdə müəllimlər əsas rol oynayır. Ona görə də, uşaqların beynindəki idealın – müəllimin pis tərəflərinin göstərilməsi düzgün hesab olunmur. Buna baxmayaraq cəmiyyətdə müəllimlərin reputasiyası kəskinaşağı düşüb və bu proses davam edir. Son günlər bir neçə müəllimin, məktəb direktorunun seçki saxtakarlığına görə işdən qovulması təhsil işçilərinə qarşı olan ittihamların böyük əksəriyyətinin sanki rəsmən təsdiqi oldu.

Bəs bütün bunlar müəllimləri özləri üçün ideallaşdıran şagirdlərə necə təsir edir?

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə, Azərbaycan insanının son illərdə baş verən neqativ hadisələrə görə təhsilə inamı azalıb:

“Müəllimlik peşəsinin nüfuzu aşağı düşüb. Səbəb isə, cəzasızlıqdır. Yəni müəyyən şəxslər elə düşünür ki, məktəbdə direktor, müəllim və bu kimi şəxslər hansısa qanun pozuntusu edəndə yuxarı təhsil orqanı özü nüfuzunu, imicini qorumaq üçün məsələni böyütməyə qoymayacaq, ört-basdır edəcək. İndiyə qədər baş verən hadisələrə nəzər saldıqda biz bunu görürük. Amma Ceyhun Bayramov təhsil naziri təyin olunandan sonra bu yanaşmanın yanlış olduğunu gördü. Təhsil haqqında Azərbaycan Respublikası qanunu, orta məktəblərin nümunəvi nizamnaməsi, təhsil işçilərinin vahid sorğu cədvəli, müəllimlərin etik davranış qaydaları və Əmək Məcəlləsinin müvafiq maddələrində hər kəskin hüquq və vəzifələri açıq şəkildə ortaya qoyulub. Yəni, həmən şəxslər işə qəbul ediləndə vəzifələrinin öhdəsindən gələ bilməyəndə hansı cəzanı alacaqlarını bilirlər”.

Psixoloq Arzu Məmmədova qeyd edib ki, müəllimlərin səhvlərini görən şagirdlərdə müəyyən psixoloji problemlər yaranır:

“Bildiyimiz kimi uşaqlar təkcə evdə valideynləri ilə vaxt keçirmirlər. Bununla yanaşı, məktəb uşaq üçün ikinci özünütəsdiq məkanıdır. Məktəbdə insan sosiallaşır, özünü kəşf edir. Öz davranışlarını sosial normalara uyğunlaşdırır. Məktəbdə baş verən bütün hadisələr uşaqların psixologiyasına təsir edir. Şagirdlər həmişə müəllimə bir büt, müqəddəs, ikinci ana kimi yanaşırlar. Və uşaq biləndə ki ikinci ana işdən qovulub, artıq onun üçün həmin qadınlıq modelini yıxırlar. Gələcək həyatda uşaq düşünməyə başlayır ki, istənilən qadına dağıdıcı mövqedə yanaşa bilərəm.

Müəllimlərin sinifdə uşaqlardan pul yığması; telefondan, saqqızdan istifadə etməsi; qeyri-etik davranışlar uşaqların beynində müəllim obrazını bir növ ucuzlaşdırır. Bu da uşaqlarda davranış pozuntularına gətirib çıxarır və həddən artıq aqressiya yaradır. Üstəlik, həm də emosional ləngimələrə səbəb olur. Emosional ləngimələr isə daha çox ibtidai sinif uşaqlarında baş verir. Çünki onlar emosional baxımdan müəllimlərinə daha çox bağlı olurlar. Direktorun işdən çıxarılması, müəllimlərin işdən qovulması qədər olmasa da, müəyyən qədər pis təsirini göstərir.

Hər bir cəmiyyət üçün düzgünlük və yanlışlıq etalonu var. Əgər müəllim içəridə siqaretin ziyanlarından danışıb, çöldə siqaret çəkirsə, və bunu bütün şagirdlər görürsə, uşaqların o şəxsə qarşı içində şübhəlilik və inamsızlıq yaranır”.

Ekspert Kamran Əsədovun fikrincə, bu problemlərin aradan qaldırılmasında ən yaxşı yol cəzalandırmadır. O, qeyd edib ki, müəllimlərə cəza verilməzsə, bu, daha böyük fəsadlar törədə bilər:

“Bəli, bir müəllimin yetişdirilməsi üçün uzun müddət vaxt, vəsait sərf edilir. Uzun müddətli fəaliyyəti birdən-birə sonlandırmaq çətin situasiyadır. Lakin bu addım atılmasa, daha böyük fəsadlar törədə bilər. Məktəb direktoru rəhbərlik etdiyi təhsil ocağında baş verən bütün hadisələrə görə cavabdehdir. Müəllim bütün fəaliyyəti dövründə nümunəvi şəxsiyyət olmağa borcludur. Onun davranışları cəmiyyətdə ancaq müsbət xarakterizə oluna bilər. Amma əgər direktor məktəbə nəzarət edə bilmirsə, müəllimlər arasında əməkdaşlığı, münasibətləri tənzimləyə bilmirsə, əlbəttə ki, o cəzalandırılır. Bu, hər kəsə örnək olmalıdır ki, bundan sonra təhsil ocağına yaraşmayan addım atan hər kəs buna görə cavab verəcək, cəzalanacaq. Bu təhsilin inkişafına, nüfuzunun artmasına gətirib çıxaracaq. Bundan sonra normal təhsil mühiti formalaşacaq”.