Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 17:01:00
Muğamın “Balaca Pərvaz”ı – “Elmar Məmmədyarov əlaqə nömrəmi tələsik “salfetka”ya yazdı və sonradan...”-MÜSAHİBƏ  

Pərvaz İbrahimli:  “Tələbəmə deyə bilmirəm ki, get birinə sataş, efirə çıx...”

“Yenə olsa, səhnəyə yenə “balaca Pərvaz” kimi gələrdim. Bu Allahın hikmətidi”- Pərvaz İbrahimli

Pərvaz İbrahimli əslən, bərdəlidir, orta təhsilini Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə alıb. 2011-ci ildə orta təhsilini başa vuran Pərvaz elə həmin il Azərbaycan Milli Konservatoriyasının “Solo və xanəndəlik (Muğam)” fakültəsinə müsabiqədənkənar qəbul olunub. O, “Muğam-2005" televiziya müsabiqəsinin ilk qaliblərindən biridir və hələ 14 yaşında Prezident təqaüdünə layiq görülüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın işgüzar səfərləri ilə bağlı ABŞ, Almaniya, Rusiya, Fransa, İtaliya və s. ölkələrdə konsert proqramları ilə çıxış edib. Həmçinin, Mərakeşdə “Ümumdünya Musiqi Festivalı”nda Azərbaycan təmsilçisi kimi qalib olub.

Hazırda Pərvaz İbrahimli Milli Konservatoriyada vokal üzrə magistratura təhsili alır və Sumqayıt Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olur.

Xeyli müsabiqələrdə iştirakı, musiqi təhsilini bir kənara qoyub, elə müsahibə boyunca müəllimi, professor Mənsum İbrahimovdan söz açır. Deyir ki, I Muğam Müsabiqəsi dönəmindən – 2005-ci ildən onu özünə ustad kimi qəbul edib və bu günə qədər qazandığı bütün uğurları ailəsi və ustadına borcludur.

Dediyinə görə, sənətə gəlməsində Üzeyir Hacıbəyovun tələbəsi olan babası - Çingiz Ağazadə böyük rol oynayıb. Çingiz Ağazadə musiqi müəlliminin olmadığı dövrdə Qarabağa not sistemi ilə musiqi tədrisini aparıb. Məktəblər açıb, kadr hazırlayıb.

Yeri gəlmişkən qeyd edir ki, elə adını da babası qoyub: “Pərvaz” - uçmaq, qanadlanmaq mənasını verir”.

AzEdu.az avazı ilə ruhumuzu pərvazlandıran gənc xanəndə Pərvaz İbrahimli ilə müsahibəni təqdim edir:

-Sizcə, orta məktəblər şagirdlərin musiqi istedadını kəşf edə bilir? Axı, hər kəsin onun istedadını kəşf edən babası olmur...

-Orta məktəblər istedadı kəşf edə bilər. Amma nəticə olaraq uzağı məktəb tədbirlərində, bir az da böyütsək, rayon tədbirlərində çıxışlarına şərait yarada bilərlər.

İndi bir az fərqlidir. İstedadın varsa, zəhmət çəkirsənsə, kəşf olunursan. Əsas səs deyil, istedaddır. Ucqar bir kənddə elə uşaq səsi olar ki, insan məəttəl qalar. Amma o uşaq kəşf olunmağın yolunu bilmir. Gedib, onu tapıb gətirmək lazımdır.

-Konservatoriya həm də gələcəyin müəllimlərini hazırlayır. Burada şagirdlərlə ünsiyyət bacarıqları necə öyrədilir?

-Magistraturada pedaqoji hazırlıq və digər məsələlər keçirilir. Amma tədrislə öyrənilməsi mümkün olmayan şeylər də var. Çoxları yaxşı ifaçı olsa da, yaxşı müəllim ola bilmirlər. Yaradıcılığı zəif olan yaxşı müəllimlər var.  Bəziləri isə əksinə... Bunları tutuşdurmaq vaxt, bacarıq baxımından çətindir. Müəllimliyi tədrislə öyrənməmişəm. Gözümü açıb baxmış, Mənsum müəllim tələbələri ilə necədirsə, elə olmağa çalışmışam. Məsələn, o, dəfələrlə hansısa tələbəsinin fikirli olduğunu görüb dərsin sonunda saxlayaraq problemi ilə maraqlanıb. Bir tələbəsində tənbəllik hiss etsə, onu efirə yönəldir. İnsana stimul verir. Müəllimlik üçün əsas olan belə insanlıq nümunələridir.

Mənsum müəllimlə xatirələrim çoxdur. Yadımdadır, Muğam Müsabiqəsinə gələndə uşaq idim, cəmi 12 yaşım vardı. Oturub oxumağa başladım. Dedi ki, yox, saxla. Düşündüm ki, yəqin hansısa səhvə yol verdim. Dedi, oxumağı bir kənara qoy. Öncə oturuşuna diqqət et. Özümü düzəldib ifa etməyə başladım. Yenidən sözümü kəsdi. Öz– özümə dedim ki, bu dəfə 100 % səhv etdim. Mənsum müəllim həlim səsi ilə davam etdi: “Tamaşaçı simandakı əziyyəti görməməlidir. Gülərək ifa et”. Ogündən güzgü ilə məşqlərə başladım. Səhnədə ifaçının oturuşu, təbəssümündən Mənsum müəllimin tələbəsi olduğu sezilir.

Müəllimdən çox şey asılıdır. Amma əsas olan zəhməti düzgün zamanda çəkməkdir. Məsələn, mən uşaqlığımdan uzaq düşmüşəm. Uşaq vaxtı yaşıdlarımla top oynamamış, velosiped sürməmişəm. Çünki uşaqlıq illərim sənətlə keçib.

-Uşaqlığınızdan belə uzaq düşməyiniz indi sizi narahat etmir ki?

-Xeyr! Tam səmimi deyirəm. Uşaqlığını oyun oynamaqla keçirənlər çoxdur. O topla oynayan uşaqlar hansısa sahədə əziyyət çəksələr, onlardan bir dənə olar.

-Müəlliminiz nə qədər mükəmməl olsa da, yəqin, səhnədə çətin vəziyyətdə qaldığınız anlar da olub...

-Təbii ki... Uşaq yaşımdan əlimdən tutub professional səhnəyə yönləndiriblər. Çox həyəcan keçirirdim. Hətta ilk dəfə xarici səfər üçün təyyarəyə minəndə çox həyəcanlanmışdım. Ailəm həmişə yanımda olsa da, bu gərginliyi onlara bildirmirdim. Ətrafımdakılar mənə baxıb həyəcanlı olub-olmadığımı soruşurdular. İnkar etsəm də, çox qorxurdum. Sonradan gördülər, rəngim ağarıb. Qəhvə verib özümə gətirdilər.

Həmin vaxt Mərakəşə səfər edirdik. İslam Konfransının ziyafət mərasimi idi. Orada “Qarabağ şikəstəsi” və “Şuşanın dağları”nı oxudum. Prezidentimiz və Abdullah Gül də oradaydı. Əlləri ilə məni yanlarına dəvət etdilər. Təsəvvür edin, məni çağırırlar, amma özüm fikirləşirdim ki, bu, mən ola bilmərəm. (gülür)

Yadımdadır, orada Elmar Məmmədyarov mənim əlaqə nömrəmi tələsik “salfetkaya”- kağız dəsmala yazdı. Sonradan Xarici İşlər Nazirliyindən zəng gəldi: Azərbaycan təmsilçisi kimi Mərakeşə, Ümumdünya Musiqi Festivalına getməli idim. Çiynimdə həqiqətən böyük yük var idi. Hətta Mənsum müəllimə dedim ki, belə bir festival var, amma mən qorxuram. O, məni ruhlandırdı. Çox uğurlu çıxış etdik. İfamız onların xarici işlər nazirinin elə xoşuna gəldi ki, bizi gəzdirmək üçün öz maşınını ayırdı.

İndi düşünürəm, Azərbaycanın adı olduğu yerə elə həyəcan, yeri gələndə qorxu ilə yanaşmaq lazımdır. Çünki ölkəni təmsil edirik.

-Yeri gəlmişkən, bir qədər də iştirak etdiyiniz müsabiqələrdən danışaq...

-Hələ uşaq vaxtlarımdan tədbirlərdə iştirak etmişəm. I Muğam Müsabiqəsi isə həyatımın dönüş nöqtəsi olub. Ondan əvvəl türk mahnıları oxuyurdum. Sonradan muğam təhsilinə başladım. Müəllimim Seyid Şuşinskinin tələbəsi olub.

Peşəkar səhnəyə 2005-ci ildə gəldim: Muğam Müsabiqəsinin ən kiçik yaşlı ifaçısı kimi... Müsabiqədə iştirak edəcək 20 nəfər seçilməli idi. 19-cu adamın adı çəkiləndə düşündüm ki, yəqin, mən seçilmədim. “20-ci iştirakçı - Pərvaz İbrahimli” deyiləndə şokda idim. Mən sevinc və həyəcanı bir arada onda tanımışam.

19 ifaçı yaşca məndən böyük idi. Bunu əsas gətirib dedilər ki, çiyinlərinə ağır yük düşəcək. İfam onlardan geri qalmamalı idi. Yaşımın azlığını nəzərə alıb mənə 1, uzağı 2 həftə hörmət edər, sonda müsabiqədən kənarlaşdırardılar. Sonacan irəliləməmdə Mənsum müəllimlə zəhmətimizin rolu olub.

Artıq müsabiqə bitmişdi. Zəng vurub məni filmə dəvət etdilər. Qarabağa həsr olunmuş filmə çəkilmək üçün seçimlərdə iştirak etməli idim.

“Biz qayıdacağıq” filminin seçim turlarında 200-dən çox uşaq iştirak edirdi. Ələnərək sonda cəmi 2 nəfər qaldı. C. Cabbarlı adına film kinostudiyasının həyətinə düşdük. Film Xocalıdan olan uşağın çəkdiyi əziyyətlərdən bəhs edir. Orada bir kadr var: uşaq maşının şüşəsini silir. Bir maşın göstərdilər ki, “bunu sil”. Düşündüm ki, fərqlilik etəməyin əsl zamanıdır. Maşını sildiyim an ağlıma bir ideya gəldi. İşimi tələsdirib yuxarı baxmağa başladım. Sanki rejissor elə bunu axtarırmış. Hara baxdığımı soruşdu. Dedim, işıqfora baxıram, birdən sürücü pulumu verməyib gedər. Çünki artıq roluma girmişdim. Rejissor dedi ki, mənim qəhrəmanım sənsən. Seçildim və 4 aya yaxın davam edən çəkilişlər başlandı. Artıq uğur pillə-pillə gəlirdi. Muğam müsabiqəsi, film çəkilişi, dövlət tədbirləri.... Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün işgüzar səfərlərinə, “Bakı” jurnalının təqdimatına, bir çox tədbirlərə dəvət alırdım. 20-30-a yaxın ölkədə oldum. Açığı, sayını itirmişəm. Balaca bir kameram var idi. Hər səfəri qeydə alırdım. Uşaqlığımdan uzaq düşsəm də, xatirələrim zəngindir.

-Muğam Müsabiqəsindəki rəqibləriniz sizdən yaşca böyük idilər. Onlarla necə yola gedirdiniz?

-Hər biri məni çox istəyir, diqqət göstərirdi. O iştirakçılar bu gün Əməkdar artistdirlər. Tələbələri bugünkü Muğam Müsabiqəsinin qalibi olurlar. İştirakçılar ifalarımda mənə dəstək olur, səhnə arxasında tapşırıqlar verirdilər.

Elə öyrəşmişdim ki, müsabiqə bitəndən sonra onlar üçün darıxırdım. O otağın həyəcanı nəyə desəz, dəyərdi. Son dəqiqələrdə kimin müsabiqəni tərk edəcəyini SMS həll etdiyinə görə, həyəcan keçirirdim.

İndi də gənclərimiz çox istedadlıdırlar. Sadəcə, efirlərdə onlara lazımi  şərait yaradılmır. Efirlərimizdə günah çoxdur. Onlara dəstək olmurlar. Gəncləri sənətdən soyutmaq yox, ruhlandırmaq lazımdır. Bu gün ifaçı toy üçün deyil, peşəkar səhnə üçün çalışmalıdır.

–Yəqin, elə bir sistem olmalıdır ki, professional səhnə kifayət qədər qazanc gətirə bilsin. Nəzərə alaq ki, insanların motivasiyası maddiyyat da ola bilər...

-Düzdür, haqlı tərəfi var, amma sənətinlə düzgün məşğul olsan, pul səni tapacaq. Bunu əminliklə deyirəm, çün ki şəxsən özüm də elə olub. Hələ uşaqlıqdan səhnədə olsam da, maddi gəlirim olmayıb, əksinə, özüm inkişafım üçün pul ayırmışam. Bir az vaxt keçəndən sonra isə gördüm ki, artıq pul özü gəlir. Məsələn, tədbirlərdə çıxış edəndə qonorarlar, Prezident təqaüdü və s.  

İndi məni efirlərə az dəvət edirlər. Çünki keçid dövründə mənə oxumağa icazə vermədilər deyə, səhnədən uzaqlaşmalı oldum, sanki unuduldum. Ona görə də indi məni daha çox aktyor kimi tanıyırlar. Bundan qətiyyən narahat deyiləm. Sadəcə, tələbələrim maraq göstərib, məndən efirə çıxmağın yollarını soruşanda,  onlara heç nə deyə bilmirəm. Demək olmur ki, get birinə sataş, efirə çıx. Mən o tərbiyəni almamışam. Elə müəllimim də həmişə deyib ki, sizə nə  söz deyilsə də, sənətinizlə cavab verin.

Çox qəribədir, hansı kanala baxıram, eyni adamlardı. Axı, Azərbaycan mədəniyyəti bundan ibarət deyil.

-Bəs nə vaxtsa düşünmüsüz ki, keçid dövrünü adlayandan sonra səhnəyə gəlsəydiniz, daha uğurlu olardınız?

-İndi məni görən, tanıyan hamı “o balaca Pərvaz”, “Zakir” deyə tanıyırlar. Bunun da bir gözəlliyi var, peşman deyiləm. Dostlarla oturanda da həmişə müzakirə edirik. Dəfələrlə deyirəm ki, yenə olsa, səhnəyə yenə “balaca Pərvaz” kimi gələrdim. Bu, Allahın hikmətidi.

-Efirlərin bu vəziyyətdə olması bəlkə də reytinq xətrinədir. Sizcə, bəlkə əksər gənclərin musiqi zövqüdü buna təsir edən.

-Hesab edirəm ki, insanların zövqünü dinlədikləri musiqilər formalaşdırır. Əgər bu gün efirlər tamaşaçıya “avara tipində” mahnı təqdim edirsə, tamaşaçının zövqü də o cür formalaşacaq. Belə olan halda, yaş artsa belə insanların “avara tipli” musiqiyə ehtiyacı dəyişməz, zövqü təkmilləşməz. Adətən, insan ilk olaraq nəyə qulaq asırsa, onu xoşlayır və daima elə mahnılar axtarmağa başlayır. Ona görə də efirlərdə yüksək səviyyəli musiqilər səsləndirib insanların zövqünün təməlini sağlam qoymaq lazımdır.

Demirəm, hər kəs təkcə muğama qulaq assın, xeyr. Mən muğam sənəti üzrə ixtisaslaşmışam deyə, o demək deyil ki, gündəlik həyatda yalnız muğama qulaq asıram. Musiqi seçimində eqolu davranmıram, dinləmək üçün zaman-zaman əksər musiqi janrlarına müraciət edirəm.

Baxın, illər əvvəl çəkilmiş fotolarımızı görəndə qəribə gəlir, illər bizi necə dəyişir! Musiqi zövqümüz də eynilə o cür olmalı, ilbəil inkişaf etməlidir.

Toyum çox olsun deyə, mən də “avtovağzal mahnıları” yazdıra bilərəm, amma yox, istəmirəm. Bu şəkildə pul qazanmağa ehtiyacım yoxdur.

-Qeyd etdiniz ki, muğam üzrə ixtisaslaşsanız da, digər musiqi janrlarını da sevir və dinləyirsiz. Bəs xarici ölkələrin necə, musiqi mədəniyyəti ilə maraqlanırsız?

- İtalyan musiqisini çox sevirəm. Hələ 14-15 yaşımda məni İtaliyaya vokal təhsili almağa göndərmək istəyirdilər. Amma imtina etdim, çünki ailəmə çox bağlıyam. Lakin bəzən düşünürəm ki, gedib təhsil alsaydım , bəlkə də bu gün hər şey bambaşqa olardı. Təbii, indi də heç nə üçün gec deyil, amma onda daha rahat idi: dövlət xətti ilə getdiyim üçün bütün xərclər qarşılanırdı. Uzaqdan çox asan görünür, əslində isə elə deyil. Hər şeyi sənət adına qurban vermək olmur, axı bizim ailəmiz də var... Düşünürəm ki, birdən xaricdə olduğum vaxtda atamın başı ağrıyarsa, uzaqda olmaq mənim üçün əziyyət olmazmı? Bilmirəm, fikrimi izah edə bilirəm, ya yox?!

-Belə bir deyim var: sənət adamının ailəsi olmur...  Yəni ailəyə bu qədər bağlı olmaq inkişafa, sizcə, inkişafa əngəl yaratmır?

-Məncə, yox, heç də inkişafdan saxlamır. Bəlkə, indi yenə belə bir təklif alsam, yenə razı olmaram. Hər şeydən yarımçıq qalmaqdan qorxuram. Tutaq ki, İtaliyada vokal təhsili aldım, Türkiyədə aktyor sənəti üzrə və s. Necə deyərlər, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

Yadımdadır, Konservatoriyada bakalavr təhsili alanda bizə vokal dərsləri də keçirilirdi. Vokal üzrə müəllimim Samir Cavadov idi. İnanın, artıq o qədər öyrəşmişdim ki, muğamı da vokal kimi oxuyurdum. (gülür)

-Elə bir janr varmı ki, orada heç zaman oxuya bilməyəcəyinizi düşünmüşünüz?  

-Bəli! Misal üçün, rok janrı. Düşünürəm ki, bu, məndə qətiyyən alınmaz. Bəlkə digər janrlarda təhsilini alsam, alındıra bilərəm. Çünki götürümüm yaxşıdı: hələ uşaq vaxtı diktafonla səsimi yazıb, yoxlayır və keçirilən dərsi bir günə mənimsəyə bilirdim. Yəni mən öyrənmək üçün çox da əziyyət çəkmirəm. Ümumilikdə, isə klassik estrada, vokal, xalq mahnılarına marağım böyükdür.

 

Lamiyə Süleymanlı

Nəzrin Cavid