Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 14:19:40
“Bizdə peşəkar fikir yürüdə bilən ekspertlər yoxdur” – Təhsil jurnalistlərinin mütəxəssis dərdi

Xəbəri düzgün və operativ şəkildə çatdırmaq jurnalistikanın əsas kodekslərindən biridir, amma operativliyi qorumaq heç də hər zaman mümkün olmur. Çünki informasiyanı çatdırmaq yalnız jurnalistdən deyil, eyni zamanda həmin sahənin mütəxəssislərindən, ekspertlərdən də asılıdır. Təhsil sahəsi ilə bağlı məlumatların əldə edilməsi və ötürülməsi prosesində isə bu hallara daha tez-tez rast gəlinir. Bu sahədə ekspertlərin azlığı isə əsas problemlərdəndir.

Təhsil sahəsindən yazan müxbirlərin təhsil ekspertləri ilə işləyərkən hansı çətin situasiyalarla üzləşdikləri maraqlıdır.


AzEdu.az saytı bu sualla təhsil sahəsindən yazan bir neçə jurnalistə müraciət edib.


Modern.az saytının müxbiri Namidə Bingöl bildirib ki, təhsil günümüzün reallığında ən çox tənqid olunan sahədir və bu sahəni dərindən bilən, analiz etmək qabiliyyəti olan ekspertlərin yetişdirilməsinə ehtiyac var:

“Təhsil elə bir sahədir ki, hər gün yenilənir. Yeni fikirli, açıq düşüncəli şagirdlər bir müddətdən sonra cəmiyyətə atılır. İnformasiya bolluğunun içində ən ucqar əyalət məktəblərində baş verən hadisələr sürətlə hər yerə yayılır. Yəni, indiki dövrdə kimsə təhsil sahəsində mövcud olan, yenilik və problemlərdən bixəbər deyil. Mətbuat olaraq, daima bu sahəni diqqətdə saxlayırıq. Təəssüfedici məqam odur ki, peşəkar fikir yürüdə bilən ekspertlər yoxdur. Kimsə razılaşmaya bilər, amma gerçəklik budur. Bəzi təhsil ekspertlərimiz Sovet dövrünü daha yaxşı xarakterizə edir, lakin müasir dünya təcrübəsindən danışa bilmir. Düşünürəm ki, daha yaxşı təhsil ekspertlərini yetişdirməyin zamanıdır. Necə ki, kənd təsərrüfatını bilməyən birinin təsərrüfat işlərindən danışmasının heç bir əhəmiyyəti yoxdur, eləcə də, təhsil sahəsindən xəbərsiz "ekspert" cəmiyyətə fayda verə bilməz. Yaxşı olar ki, nazirlik yeni ekspertlərin yetişdirilməsinə səy göstərsin. Bu sahəyə sıradan bir iş kimi baxmaq olmaz. Ekspert dediklərimizə gələcəyimizi etibar edirik. Ümummilli məsələlərdə ortaq nöqtəyə gələ bilməlidirlər ki, sabah xəritədə tarixi torpaqlarımızı düzgün göstərə bilsinlər. Ekspert həm də dünya arenasına çıxmaqla proseslərə hazırcavab yanaşmağı bacarmalıdır”.


“Kaspi” qəzətinin əməkdaşı Təranə Məhərrəmovanın sözlərinə görə, təhsil ekspertlərinin azlığı bu sahədə məqalələr hazırlanmasında çətinliklər yaradır:

“Onsuz da az sayda olan eyni ekspertlərdən fikirlərin alınması, həmçinin, çox vaxt onların bitərəf danışması problemləri çox qabartmaması, bəzən ümumiyyətlə danışmaqdan imtina etmələri də işə mane olur. Bir sıra ekspertlər də var ki, danışmaqdan çəkinirlər, ehtiyat edirlər. Açıqlama və ya müsahibələrindən sonra "xahiş edirəm dediklərimi yazma" deyə telefon açırlar. Başqa bir problem isə əlaqədar qurumlara göndərilən suallara vaxtında cavab verilməməsidir. Bu da operativ olan mövzunun təsirinin itməsinə, ümumən jurnalist araşdırmasına mane olur.
Ekspertlər və təşkilatlar media ilə əlaqəli işləsələr bu, təhsilin problemlərinin həllinə kömək edər, həmçinin əldə olunan uğurları işıqlandırar”.


Azvision.az saytının müxbiri Aytən Zəhra Bağırzadə deyib ki, təhsil sahəsində istənilən mövzunu işləyəndə çətinliklər müşahidə edilir:

“Mediaya bəlli olan 2-3 ekspert var ki, onlar da hər dəfə danışdırılır. Artıq onların müəyyən mövzularda necə cavab verəcəkləri bəllidir. Həmin ekspertlər çoxdan bu sahədədirlər və artıq qocalıblar. Hər bir işdə yenilikçi, cavan kadr axtarılan kimi eskpertlər mövzusunda da yeni fikirlər söyləyən, dəyişikləri gözləmədiyimiz kimi şərh edən ekspertlərə ehtiyac var. Bir sözlə, təhsil ekspertləri həm azdır, həm də fəaliyyətləri, fikirləri, şərhləri qənaetbəxş deyil”.


Axar.az saytının əməkdaşı Billurə Yunus təhsil sahəsində əsas iki ekspert tanıdığını vurğulayıb:

“Onlardan biri Etibar Əliyev, digəri isə Kamran Əsədovdur. Kamran Əsədov hadisələrə sürətli şəkildə reaksiya verir. Amma vay o gündən ki, var olan bir neçə təhsil ekspertinə də zəng çatmaya. O zaman qalırsan əliboş. Hər dəfə də eyni adamı danışdıranda oxucu da yorulur”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları